Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Hirkan Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Hirkan Dövlət Təbiət Yasaqlığı

Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinə dövlət təbiət qoruqları, milli parklar, yasaqlıqları daxildir. Ölkəmizdə xüsusi mühafizə olunan ərazilərin ümumi sahəsi 893 min hektara bərabərdir və ölkə ərazisinin 10,31 faizini təşkil edir. Azərbaycan dövləti tərəfindən mühafizə olunan təbiət ərazilərinin yaradılmasına 1910-cu ildən başlanılıb. Böyük əraziyə malik olan, 3500 hektar sahədə yaradılmış Eldar şamı Botaniki Yasaqlığı Azərbaycanın, həmçinin də Cənubi Qafqazın ilk xüsusi mühafizə olunan təbiət ərazisi hesab edilir. Bu gün də ölkəmiz nadir təbiətinin qorunması, flora və faunasının, ekoloji tarazlığının saxlanılmasına böyük diqqət yetirir. Zəngin biomüxtəlifliyin, nadir təbiət obyektlərinin qorunması və gələcək nəsillərə çatdırılması əsas prioritet məsələlərdəndir.

Lənkəran rayonu inzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 153.940 hektardır. Quru sahəsi 66700 hektar təşkil edir. Lənkəran rayonu turist mərkəzlərindəndir. Rayonun bir hissəsi Xəzər dənizinin sahili boyunca yerləşmişdir. Onun bir tərəfini Xəzər suları, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. Lənkəran Azərbaycanın çox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tunc dövründə, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Ərazisinin əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafında böyük rol oynamışdır. Münbit torpaqları, bol suyu, mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkinçilik, maldarlıq, bağçılıq, balıqçılıq, ipəkçilik və arıçılıq olmuşdur. Ərazi 29 min hektar meşələrlə örtülmüşdür. Lənkəran rayonunun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, nil Hirkan şumşadı Lənkəran florasının inciləri sayılır. Əsas meşə ağacı isə enliyarpaqlı palıddır. Lənkəran torpağı isti su bulaqları ilə də zəngindir. Bunlardan Talış dağlarının ətəklərindəki Meşə bulağını, Havzova və İbadi bulaqlarını göstərmək olar.

Hirkan Dövlət Təbiət Yasaqlığı Lənkəran rayonunda 2005-ci il dekabr ayının 21-də Lənkəran və Astara rayonları inzibati ərazilərində yaradılmışdır. Yasaqlığın ərazisi 1553 hektardır. Yasaqlığın yaradılmasında məqsəd meşələrin mühafizəsi, nəsli kəsilməkdə olan "Qırmızı Kitab"a daxil edilmiş heyvan növlərinin miqrasiya yollarının, ərazidə ekosistemin bütövlüyünün və bioloji müxtəlifliyinin qorunub saxlanılmasıdır. Ərazinin çox hissəsini meşələr və şimal-qərbdən cənub-şərqə doğru uzanan bir sıra dağlar əhatə edir. Əraziyə əsasən yayı quraq keçən mülayim-isti iqlim tipi hakimdir. Ərazinin meşələrinin aşağı hissəsində şabalıdyarpaq palıd, dəmirağac və vələs (ipək akasiya, Xəzər lələyi, Hirkan ənciri, Qafqaz xurması və s.) var. Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı müxtəlif növ heyvanların yaşamasına imkan yaratmışdır. Yasaqlıqda məməlilərdən bəbir, xallı maral, vaşaq, cüyür, porsuq, çöl donuzu, yenot və digər növlərə rast gəlinir. Ərazidə həmçinin suda-quruda yaşayan heyvan növlərindən adi triton, quru qurbağası, sürünənlərdən isə Aralıq dənizi tısbağası, zolaqlı çılpaqgöz kərtənkələ, xarabalıq kələzi və digər növlər mövcuddur. Burada həmçinin bir çox endemik, nadir ağac və kol bitkiləri geniş yayılmışdır.

Əli SADIQOV,

"Respublika".