And yerimiz
Sosial həyat

And yerimiz

Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi və torpaqlarımızın düşmən tapdağından azad olunması ilə yekunlaşdı. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz şanlı tarix yazaraq düşməni darmadağın etdi. 2020-ci il Azərbaycan tarixinə Zəfər ili, topraqlarımızın işğaldan azad olunduğu il kimi düşdü.

Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Elçin Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. Döyüşlərdən əvvələ kimi kapitan rütbəsinə kimi yüksəlib və bölük komandiri olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Elçin Ağayev Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Döyüşdən onlarla yaralını çıxaran və "Xilaskar kapitan" kimi çağırılan Elçin Ağayev oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidimizin atası Zakir Ağayev: "2020-ci il sentyabrın 26-da həyat yoldaşının doğum günü idi, gəlib ona hədiyyə verib, uşaqları ilə görüşüb, sonra döyüşə yollanıb. Ancaq döyüşə getdiyini ailəsinə söyləməyib. Elçin Vətən müharibəsi zamanı Talış kəndinin, Suqovuşanın və Laçının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oğlumla qürur duyuram. Şəhidlik zirvəsi hər adama qismət olmur. Bu ad mənim oğluma qismət olub. O, düşmənin üzərində qələbə çalmağımızı və murdar düşmənin torpaqlarımızdan qovulmasını arzulayırdı. 3 körpəsi - Zakir, qızı Nigar və üzünü görmədiyi körpə qız balası Şuşa bizlərə əmanət qaldı. Hər ata kimi onun da övladları ilə bağlı arzuları çox idi. Sonuncu dəfə evdən çıxanda mənim adımı daşıyan övladına - oğluna sarılaraq deyib ki, evin kişisi sənsən artıq. Ən böyük arzusu Şuşanı görmək idi, Şuşa eşqi ilə yaşayardı hər zaman. Qismət olmadı. Biz də oğlum şəhid olandan 58 gün sonra dünyaya gələn qızına Şuşa adını verdik".

Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!! Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin ömrü yarımçıq qırıldı. Düşmən onun ömrünə nöqtə qoysa da, əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında 27 yaşlı bir gənc kimi yaşayacaq.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

M.MİRZƏ,

"Respublika".