VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ
Region

VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ

Bu günlərdə Daşkəsən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi çavuş Sadıqov Rüfət Vaqif oğlunun anım günü, Gəncə Şəhidlər xiyabanında isə Daşkəsən rayonundan olan şəhid Verdiyev Nihad Nicat oğlunun doğum günü qeyd olunub. Mərasimlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, QMİ-nin Qərb regionu üzrə nümayəndəsi, axund Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatların rəhbərləri, şəhidlərin ailə üzvləri, yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Daşkəsən Şəhidlər xiyabanında Rüfət Sadıqovun, sonra Gəncə Şəhidlər xiyabanında Nihad Verdiyevin məzarları ziyarət olunub, tər gül dəstələri düzülüb, xatirələri yad edilib, dualar oxunub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidlərin ailələrinə Daşkəsən rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi tariximizin şanlı salnaməsidir, şəhidlərimiz və qazilərimiz isə bizim hər zaman qürur mənbəyimizdir. Sonra, icra hakimiyyətinin başçıları şəhid ailələri, qazilər və müharibə veteranlarının problemləri ilə maraqlanıblar. Şəhid ailələri və qazilər onlara hər zaman göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".