DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ ÖLKƏSININ GƏLƏN İL ÜÇÜN ƏSAS VƏZİFƏLƏRİNI AÇIQLAYIB

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin gələn il üçün əsas vəzifələrini açıqlayıb. “Report” agentliyinin “RBK Ukraina”ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı bu barədə Ukrayna səfirləri ilə keçirdiyi konfrans zamanı bildirib.

Prezidentin sözlərinə görə, əsas vəzifələr Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanması, beynəlxalq hərbi və enerji yardımının alınması, eləcə də Rusiyanın hücumları ilə bağlı beynəlxalq tribunalın yaradılmasıdır.

Eyni zamanda, Volodimir Zelenski qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, ukraynalı qaçqınların geri qayıtması üçün şəraitin yaradılması da 2023-cü ildə gündəmdə olacaq.

Dövlət başçısı gələn il Ukraynanın 10 Afrika ölkəsində səfirliklərinin açılmasının planlaşdırıldığını da diplomatların diqqətinə çatdırıb.

Məlumata əsasən, bir müddət öncə Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ölkəsi bu ilin sonuna kimi Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək və gələn ildən Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq niyyətindədir.

Xatırladaq ki, Ukraynada müharibə başlamasından sonra Volodimir Zelenski ölkəsinin Aİ-yə daxil olması üçün müraciət edib və bir neçə ay sonra namizəd statusu alıb.

 

ÖZBƏKİSTAN VƏ QAZAXISTAN ARASINDA ÖNƏMLI ANLAŞMALAR IMZALANIB

Özbəkistan və Qazaxıstan prezidentləri Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayev sərhədin demarkasiyası haqqında saziş imzalayıblar. “Teleqraf.com”un məlumatına görə, iki respublika arasında ümumi sərhədlərin uzunluğu təqribən 2,1 min kilometrdir. Onun dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar hələ 2003-cü ildə başlayıb, lakin vaxtaşırı pozulub.

Məlumata əsasən, görüşü paytaxt Daşkənddə baş tutan dövlət başçıları müttəfiqlik münasibətləri haqqında saziş imzalayıblar. Onlar hər iki sənədi “tarixi sıçrayış” kimi qiymətləndiriblər.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Özbəkistana dekabrın 21-də rəsmi səfər çərçivəsində gəlib. Onunla birlikdə Qazaxıstan hökumətinin üzvləri və iri şirkətlərin nümayəndələri də ölkəyə səfər ediblər. Onlar özbəkistanlı həmkarları ilə iki ölkə arasında iqtisadi əməkdaşlığa dair 15-ə yaxın müqavilə imzalayıblar.

 

İRANDA AKSİYALAR ZAMANI ÖLƏNLƏRİN SAYI 500 NƏFƏRİ KEÇIB

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 506 nəfərə çatıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-da mənzillənən “İranda Hüquq Müdafiəçiləri” təşkilatı “Telegram” kanalında məlumat yayıb.

Eyni zamanda, bildirilir ki, ölənlərin 69-nun yaşı 18-dən az olan şəxslərdir.

Təşkilatın məlumatına əsasən, 17 sentyabr tarixindən aparılan hesablamaya görə, 18477 nəfər həbs olunub. Onlardan 4025 nəfərin kimliyi və saxlanılma yeri məlum deyil. Eyni zamanda, bildirilir ki, həbs olunan 655 nəfər tələbədir və nümayişlərə 144 universitet qoşulub.

Bununla yanaşı, açıqlamaya görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 66 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, “İranda Hüquq Müdafiəçiləri” təşkilatı İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. Təşkilat 2006-cı ildə yaradılıb və qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

 

KRİPTOVALYUTA FIRILDAQÇISI REKORD GIROV MÜQABILINDƏ SƏRBƏST BURAXILIB

Müflis olmuş kriptovalyuta birjası FTX-nin qurucusu və keçmiş baş direktoru Sem Benkman-Frid ABŞ-a ekstradisiya olunduqdan sonra hakim qarşısına çıxarılıb. “Trend” agentliyinin “Axios” nəşrinə istinadən verdiyi xəbərə görə, o, məhkəmə iclasından sonra 250 milyon dollar girov müqabilində sərbəst buraxılıb. Qərara görə, Sem Benkman-Frid Kaliforniyanın Palo-Alto şəhərindəki valideynlərinin evində yaşamalıdır və daim nəzarətdə saxlanılacaq.

Məlumata əsasən, növbəti məhkəmə iclası 2023-cü il yanvarın 3-də Nyu-Yorkda keçiriləcək.

Verilən xəbərə görə, Sem Benkman-Frid fırıldaqçılıq, kriptovalyutaların qiymət manipulyasiyası və çirkli pulların yuyulmasında ittiham olunur. Bu cinayətlərə görə maksimum cəza 115 il həbsdir.

Qeyd edək ki, Sem Benkman-Frid Baham adalarında saxlanılaraq ABŞ-a ekstradisiya olunub.

 

ÇAVUŞOĞLU: TERRORÇULARA QARŞI MÜBARİZƏ DAVAM ETDİRILƏCƏK

Rəsmi Ankara Suriyanın şimalından gələn terror təhlükəsinə qarşı qətiyyətlə mübarizəni davam etdirəcək. “Trend”in verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Məlumata əsasən, tərəflər Suriyadakı mövcud vəziyyəti müzakirə etməklə yanaşı, Ukraynada baş verən son hadisələr, xüsusilə də taxıl sazişinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda, Mövlud Çavuşoğlu və Entoni Blinken NATO-nun genişlənməsi, Ankaranın “F-16” döyüş təyyarələri alması prosesi, eləcə də qarşıdakı dövrdə qarşılıqlı səfərlərin təşkili mövzularına toxunublar.

 

NOVAK: QAZ MƏRKƏZİNİN QURULMASI İLƏ BAĞLI QƏRAR GƏLƏN İL TƏSDİQLƏNƏCƏK

Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı qərarın 2023-cü ildə qəbul edilməsi gözlənilir. “Report” agentliyinin məlumatına görə, bunu Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Rusiya dövlət televiziyasına verdiyi açıqlamada bildirib.

Eyni zamanda, Aleksandr Novakın sözlərinə görə, “Qazprom” rəsmiləri Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması üçün Türkiyə səlahiyyətliləri ilə görüşüb. O, həmçinin əlavə edib ki, Türkiyədəki bu mərkəz qiymət mexanizmi üçün lazımi alətləri təmin edə bilər.

Xatırladırıq ki, Türkiyədə qaz mərkəzinin yaradılması təklifini Rusiya prezidenti Vladimir Putin irəli sürüb. Onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan isə artıq mərkəzin yaradılması ilə bağlı işlərin başladığını bəyan edib.

 

DÜNYANIN ƏN VARLI  ADAMLARININ BUILKI MALIYYƏ ZƏRƏRI MƏLUM OLUB

Dünyanın ən varlı adamlarının sərvəti 2022-ci ildə 1,9 trilyon dollar azalıb. “Trend”in xəbərinə görə, bu barədə “Forbes” jurnalının hesabatında qeyd olunur.

Bildirilir ki, onların ümumi kapitalı təxminən 12 ayda 13,8 trilyon dollardan 11,9 trilyon dollara qədər azalıb.

“2022-ci ildə dünya üzrə milyarderlər 1,9 trilyon dollar itiriblər. Dekabrın 9-na olan məlumata görə, onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Milyarderlərin sayı isə 2671 nəfərdən 2523 nəfərədək azalıb”, - deyə məlumatda qeyd olunur.

Açıqlamaya əsasən, texnologiya milyarderləri isə birlikdə 2022-ci ildə 1 trilyon dollardan çox vəsait itirib. Belə ki, “Amazon”un qurucusu Ceff Bezos şirkətinin səhmlərinin dəyərinin təxminən 50 faiz azalması səbəbindən 80 milyard dollardan çox itki ilə üzləşib. “Google”un əsas şirkəti “Alphabet” transmilli korporasiyasının həmtəsisçiləri Larri Peyc və Sergey Brin 40 milyard dollardan çox vəsait itiriblər.

Bir neçə gün öncə “Bloomberg” agentliyi xəbər verib ki, amerikalı iş adamı, “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin rəhbəri İlon Maskın itkiləri 2022-ci ildə 122,6 milyard dollara çatıb. Bu isə milyarderin 2021-ci ildə qazandığı məbləğdən çoxdur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.