Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

FÜZULİ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində rayonda şəhidlərin xatirəsinə həsr edilən tədbir keçirilib. Füzuli Muğam Mərkəzində keçirilən tədbirdə mədəniyyət işçiləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd edilib ki, 1988-ci ildən Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, şəhid olub, yaralanıb, itkin düşüb. Birinci və İkinci Qarabağ müharibələrində Füzuli rayonundan 735 nəfər torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub. Onların xatirəsi həmişə uca tutulur, qəhrəmanların adı əbədiləşdirilir. 2020-ci ilin oktyabr ayında Füzuli rayonunun işğal altında qalan əraziləri müzəffər ordumuzun bölmələri tərəfindən azad edildi və erməni təcavüzünə son qoyuldu.

Sonra şəhidlərə həsr olunan "Azad Qarabağ" adlı videoçarx nümayiş olunub, Muğam Mərkəzi tərəfindən hazırlanan "Tarix yazan qəhrəmanlar" adlı konsertdə vətənpərvərlik mahnıları səsləndirilib.

AĞCABƏDİ

Rayon mərkəzi xəstəxanasında "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasına könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib, həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən ediləndən sonra onlardan qan götürülüb. Aksiya zamanı 100-dən çox donor qan verib. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

***

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbində şagirdlər arasında ekoloji maarifləndirmə tədbiri keçirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov tədbirdə çıxış edərək müasir ekoloji problemlərin yaratdığı fəsadları, respublikamızda bu sahədə həyata keçirilən tədbirləri və hər bir vətəndaşın ətraf mühitin qorunmasında fəal olmağı diqqətə çatdırıb.

İdarənin aparıcı məsləhətçisi Cavid Bünyadov və M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin direktoru Lətafət Əlizadə ölkəmizdə ekoloji tarazlığın, ətraf mühitin qorunmasında, yeni yaşıllıqların salınmasında, işğaldan azad edilən ərazilərdə ekologiyanın bərpa edilməsində Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən söz açıblar. Diqqətə çatdırılıb ki, bu gün əhalinin ekoloji maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur və əhali arasında genişmiqyaslı maarifləndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradır. Sonda gənclərin fikirləri dinlənilib, onları maraqlandıran suallara cavab verilib.

***

ADPU-nun Ağcabədi filialında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş "Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov İrəvan Müəllimlər Seminariyasının əzəli türk torpaqları olan İrəvan xanlığı ərazisində maarifçiliyin inkişafında əvəzsiz xidmətlərindən, bu seminariyanın məzunlarının təkcə Azərbaycan elmi, ədəbiyyatı və mədəniyyətinə deyil, ümumilikdə dünya elminə yüksək töhfələr verdiyindən ətraflı məlumat verib. Təkcə akademik Mustafa bəy Topçubaşovu xatırlatmaq yetərlidir ki, həmin seminariya dünya elminə necə böyük töhfə verdiyinə əmin olasan.

Filialın pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimlinin "Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu", həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfovun "İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllim və məzunları" və başqa məruzələr dinlənilib. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmovun hazırladığı "İrəvan Müəllimlər Seminariyası və onun məzunları" kitabının təqdimat mərasimi keçirilib.

Salman ALIOĞLU,

"Respublika".