HEYVANDARLIĞIN İNKİŞAFINA DİQQƏT ARTIR
Region

HEYVANDARLIĞIN İNKİŞAFINA DİQQƏT ARTIR

Göygöl Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə "Qoyunçuluqda yeni mərhələ" adlı elmi-praktiki seminar və "Pirəsora" qoyun cinsinin təqdimatı keçirilib.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi" şöbəsinin müdiri Eldar Həsənov, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, fermerlər iştirak ediblər.

Çıxış edən "Pirəsora cinsinin yetişdirilməsi üzrə damazlıq reproduktor qoyunçuluq təsərrüfatının" rəhbəri Pənah Hüseynov bildirib ki, yeni qoyun cinsinin yaradılması üzərində işlərə ötən əsrin 70-ci illərində Lerik rayonunun Pirəsora kəndində xalq seleksiyası yolu ilə başlanılıb. 4 cinsin mələzlərinin çarpazlaşdırılması yolu ilə alınan qoyun sortu "Pirəsora" adlandırılıb. Yüksək yağ, yun və ətvermə qabiliyyətinə malik cins dağ və dağətəyi yerlər, həmçinin aran zonasına yaxşı adaptasiya olur. 100 anaya 130-a yaxın balavermə potensialı var.

Seminarda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun "Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları" laboratoriyasının müdiri Saleh Məhərrəmov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elm şöbəsinin müdiri Yasin Gözəlov, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mirzəmməd Həsənov mövzu ətrafında təqdimatlarla çıxış ediblər.

Sonda müəlliflərə şəhadətnamələr təqdim edilib, fermerlərin sualları cavablandırılıb və "Pirəsora" qoyun cinsinə baxış keçirilib.

Zabit XƏLİLOV,

"Respublika".