Sağlam həyat
Maraqlı

Sağlam həyat

Mövlananın sevimli içkisi:"sirkencübin"

İbn Sinanın tövsiyəsi ilə hazırlanan və Mövlana Cəlaləddin Ruminin sevimli içkisi kimi tanınan sirkəli bal şərbəti (farsca: sirkencübin) hələ qədim zamanlardan min bir dərdin dərmanı hesab edilir. Bal, su və alma sirkəsinin qarışığından hazırlanan bu şəfalı içki ləzzətli dadı ilə yanaşı, bir çox xəstəliklərin də çarəsidir. Məhz bu səbəbdən də Mövlana müntəzəm olaraq bu içkidən içərmiş...

Bu şərbət o qədər vacib mineral və vitaminlərlə zəngindir ki, tərkibindəki nisbətləri dəyişməklə insanlarda demək olar bütün xəstəlikləri müalicə etmək mümkündür. Mədə-bağırsaq sistemi üçün olduqca faydalı olan içki həzm pozğunluğuna müsbət təsir göstərir. Qan şəkərini tənzimləyərək toxluq hissinin daha uzun sürməsini təmin edir. Müntəzəm olaraq istehlak edildikdə antioksidant xüsusiyyəti sayəsində oksidləşməni sürətləndirir və detoks effekti yaradaraq arıqlamağa kömək edir. Bundan əlavə, antioksidantlar həm də xərçəng, ürək-damar sistemi xəstəliklərinin profilaktikasında və müalicəsində əvəzolunmazdırlar. Gündəlik qida rasionunda bu içkidən istifadə yüksək təzyiqi tarazlaşdırır.

Kalsium, kalium, maqnezium, sink, dəmir, mis kimi  orqanizm üçün əhəmiyyətli komponentlərlə zəngin olan şərbət bağırsaqların mikroflorasına müsbət təsir edərək yaşlanmanın qarşısını alır. Bundan əlavə, şərbətdən daimi istifadə zamanı mədə və qida borusunun divarı xarici amillərin təsirinə qarşı davamlı olur. Həmçinin qaraciyərin bütün xəstəliklərini müalicə edir, öd ifrazını artırır, öd xolesterin mübadiləsini çoxaldır. Xolesterin, lipid, yağ turşularının miqdarını azaldır, mədəaltı vəzin normal fəaliyyətini bərpa edir. Üstəlik, immun sistemi elə bir səviyyədə saxlayır ki, heç bir infeksiya orqanizmə müqavimət göstərə bilmir.

İnformasiya posta.com.tr veb saytında yayımlanıb.

 

Ürəyiniz qışa hazırdır?

Qışda soyuq havaların ürək-damar sistemindən əziyyət çəkənlər üçün ciddi təhlükə yaratdığını söyləyən mütəxəssislər hətta bu xəstəlikdən şikayəti olmayanların da ehtiyatlı olmalarını xəbərdarlıq ediblər. Mütəxəssislərin fikrincə, qış ayları ürək xəstəliklərinin inkişafına yay aylarına nisbətən daha çox yol açır. Bu səbəbdən də ortaya çıxa biləcək problemlərlə qarşılaşmamaq üçün bəzi tövsiyələr verilib.

Hesablamalara görə, qışda hipertoniya, ritm pozğunluqları, infarkt, ürək çatışmazlığı səbəbindən ani ölüm hallarının sayı artır. Soyuq havalarda ürəyin bədənin hərarətini saxlamaq üçün daha çox qan pompalamağa çalışması ritmdə artıma, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Qapalı yerlərdə daha çox zaman keçirmək bədən müqavimətinin azalmasına gətirib çıxarır ki, bu da bir çox infeksiyalara yoluxma riskini artırır. Bu vəziyyətdən isə daha çox təsirlənən qruplardan biri də ürək xəstələridir. Qış aylarında vücudumuzla yanaşı, əhvalımız da təsirlənir və depressiyaya meyillilik artır. Bütün bu səbəblər infarkta yol açaraq, ciddi problemlər yarada bilər. Lakin bəzi ehtiyat tədbirləri görməklə ürəyimizi bu cür təsirlərdən mümkün qədər qoruya bilərik.

Əvvəla, soyuqlar başlamazdan əvvəl təkcə ürək xəstələri deyil, heç bir şikayəti olmayanların da həkim müayinəsindən keçmələri tövsiyə edilir. Soyuqdan qorunmaq üçün ən əsası paltar seçiminə diqqət etmək lazımdır. Bununla yanaşı, qida seçimi də vacib şərtlərdəndir. Belə ki, duzu, şəkəri məhdudlaşdırmalı, doymuş və trans yağlardan uzaq durulmalı, vitamin və minerallarla zəngin qidalara üstünlük verilməlidir. Xüsusilə də tərkibində daha çox D, C vitamini olan qidalardan istifadə olunmalıdır. Çəki və qan təzyiqi daim nəzarətdə saxlanmalı, infeksiyaların qarşısının alınması üçün isə peyvəndlər edilməlidir. Yuxu rejiminə də mütləq fikir vermək lazımdır. Bu səbəbdən də yatmazdan əvvəl çay və qəhvə kimi stimullaşdırıcı içkilərdən uzaq durulmalıdır. Həmçinin spirtli içkilər və tütün məmulatlarından çəkinmək tövsiyə edilir.

İnformasiyanı sözcü.com.tr veb saytı yayıb.

 

Qatığı bu ədvalarla yeyəndə...

Əksəriyyətə məlumdur ki, qatıq tərkibindəki vitamin və mineralların zənginliyi baxımından insan orqanizmi üçün faydalı olan probiotik qidalardandır. Aparılan araşdırmalar zamanı sübut olunmuşdur ki, bu qidanın nəinki təkbaşına, həmçinin bəzi ədviyyatlarla da istehlakı bir çox xəstəliklərin qarşısını ala bilər. Bu səbəbdən də qida mütəxəssisləri bəzi xəstəliklərdən qorunmaq üçün hər gün ədviyyatlar əlavə olunmuş 1 stəkan qatıq içməyi tövsiyə edirlər...

Bağırsaqların mikroflorasına müsbət təsir edən qatıq immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir.

Mütəxəssislər qatıq-razyana qarışığının köpü aradan qaldıraraq şişkinliyi və iltihabı azaltdığını söyləyirlər. Bundan əlavə, bu qarışıq üz dərisinə də müsbət təsir göstərir. Mixəklə qatıq qarışığı isə güclü antiseptik xüsusiyyətinə görə yuxusuzluğu və sinir gərginliyini aradan qaldırır.

Qatıqla sarıkökün qarışığı immun sistemini möhkəmləndirərək soyuqdəymədən qoruyur, oynaqlarda iltihabı azaldır. Həmçinin qaraciyər üçün də çox faydalıdır. Səhərlər acqarına qatığa zəfəran qataraq yemək isə həm ürəyin, həm də beyinin fəaliyyətinə müsbət təsir edərək insana gümrahlıq verir.

Arıqlamaq arzusunda olanlar üçün isə qatıqla darçın qarışığı əla seçimdir. Belə ki, bu iki qidanın birlikdə istehlakı mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıraraq çəki atmağa kömək edir. Orqanizmi toksiki maddələrdən təmizləmək, respirator xəstəliklərin qarşısını almaq, immun sistemini və maddələr mübadiləsini stimullaşdırmaq üçün isə qatıqla zəncəfil qarışığı olduqca faydalıdır.

 

Xroniki yorğunluğun qarşısını necə almaq olar?

Elə insanlar var ki, sağlamlıqla əlaqəli heç bir şikayəti olmadan davamlı olaraq özünü yorğun hiss edir, başını qoymağa yer axtarır. Mütəxəssislər bunun xroniki yorğunluq sindromunun əlaməti olduğunu və belə bir vəziyyətin qeyri-kafi qidalanma, yaxud səhv tətbiq olunan pəhrizlərdən qaynaqlandığını bildirirlər. Bu səbəbdən də xroniki yorğunluğun qarşısını alan bəzi qidaların adlarını açıqlayıblar.

Bal ən yaxşı enerji verən qidalardan hesab olunur. Ona görə də işə başlamazdan yarım saat əvvəl 1 xörək qaşığı bal yemək məsləhət görülür. Alma və yerkökü də orqanizmin gücünü və immuniteti artırmaq xüsusiyyətinə malikdir. Gündə 3 yerkökü və alma yeməklə uzun müddət gümrah qalmaq, eyni zamanda çəkini normada saxlamaq olar.

Belə qidalardan biri də cəfəridir. Yorğunluğun keçməsi üçün gündə 3 dəfə salatların tərkibində istehlak edilməsi tövsiyə edilir. Banana da əsl enerji "anbarı" deyə bilərik. Eyni zamanda bu meyvə zehnin inkişafına da müsbət təsir edir. Bundan başqa, lifli qida olması səbəbindən toxluq hissi də verir.

Yaşıl mərci də əsl enerji qaynağı hesab edilir. Əti əvəz edən, yaxşı zülal "anbarı"dır. Yorğunluq hissini aradan qaldırıb enerji verir. Niasin, E və B2 vitamini, dəmir, xrom kimi minerallarla zəngin olan yumurta da əsas zülal mənbəyi olaraq tanınır. Tərkibindəki doymamış yağ turşuları sayəsində çox bəsləyici qida hesab olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".