DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TAXIL SAZİŞİ TÜRKİYƏNİN VASİTƏÇİLİYİNİN NƏTİCƏSİDİR

Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolu Qara dənizdən taxılın təhlükəsiz daşınması üçün sövdələşməyə kömək etdi. “Trend”in verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda gənclərlə görüşündə bəyan edib.

“Təəssüf ki, Qərb yalnız təxribatlarla məşğul idi və Ukrayna-Rusiya müharibəsində vasitəçi olmaq üçün səy göstərə bilmədi. Türkiyə isə 2022-ci ildə vasitəçi rolunu üzərinə götürdü və Qara dənizdə taxıl dəhlizinin istifadəyə verilməsinə nail oldu”, - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Ukraynadan ixrac olunan taxılın təxminən 44 faizini Avropa, 16 faizini Türkiyə, 14 faizini isə Afrika ölkələri alıb.

Eyni zamanda, Ərdoğan bildirib ki, Türkiyə Rusiya və BMT ilə razılaşma əsasında ehtiyacı olan Afrika ölkələrinə göndərilməsi üçün rus taxılından un istehsal etmək niyyətindədir.

Türkiyə lideri əlavə edib ki, Türkiyə Rusiya ilə birlikdə gübrə ixracı məsələsində də addımlar atacaq. Həmçinin Ərdoğan qeyd edib ki, bu problemin həlli “işin ən gərgin hissəsidir”.

 

BRAZİLİYA POLISI TERROR AKTI TÖRƏTMƏK İSTƏYƏN ŞƏXSİ SAXLAYIB

Braziliya polisi ölkənin beynəlxalq hava limanı ərazisində partlayış təşkil etmək cəhdində şübhəli bilinən şəxsi saxlayıb. “Report” xəbər verir ki, bu barədə “Correio Braziliense” qəzeti məlumat yayıb.

Məlumata əsasən, saxlanılan şəxs ölkənin şimalındakı Para ştatından 54 yaşlı iş adamı olub və o, dövlət başçısı funksiyalarının ötürülməsinə qarşı çıxan prezident Jair Bolsonaronun tərəfdarlarının aksiyalarında iştirak etmək üçün paytaxta gəlib.

Bildirilir ki, saxlanılan şəxsin yaşadığı mənzildən iki tüfəng, bir pulemyot və bir neçə tapança, həmçinin döyüş sursatı və partlayıcı maddələr aşkar edilib.

Nəşrin hüquq mühafizə orqanlarına istinadən verdiyi xəbərə görə, şübhəli şəxs silahı öz avtomobilində gətirib və Para əyalətində mədən işləri zamanı istifadə olunduğu güman edilən partlayıcı daha sonra ona çatdırılıb. Hazırda istintaq planın təfərrüatlarını öyrənir və cinayətkarın əlbir olduğu mümkün şəxsləri müəyyənləşdirir. Saxlanılan şəxs, terrorçuluqda ittiham olunur.

 

HİNDİSTAN IKI ÖLKƏ ILƏ SƏRHƏDINDƏ YENİ BALLISTIK RAKETLƏR YERLƏŞDİRƏ BİLƏR

Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələri üçün “Pralay” ballistik raketlərinin alınmasına icazə verib və onları Pakistan və Çinlə sərhədlərdə yerləşdirəcək. “Trend”in verdiyi xəbərə görə, bu barədə “Ani” agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

“Müdafiə Nazirliyində keçirilən yüksək səviyyəli müşavirədə silahlı qüvvələr üçün 120-yə yaxın raketin alınması və onların sərhədlərdə yerləşdirilməsi təsdiqlənib”, - deyə mənbə bildirib.

Verilən xəbərə əsasən, “Pralay” raketi ötən ilin dekabrında ardıcıl iki gün ərzində iki dəfə uğurla sınaqdan keçirilib.

Qeyd edək ki, “Pralay” 150-500 kilometr məsafədəki hədəfləri vurmaq və 350-700 kiloqram ağırlığında döyüş başlığı daşımaq qabiliyyətinə malikdir. O, mobil quraşdırma vasitəsilə işə salına bilər. Raket uçuş yolunu dəyişə bilir ki, bu da onun digər raketlər tərəfindən məhv edilməsinin qarşısını alır.

 

ABŞ-ı CƏNGİNƏ ALAN şiddƏtli QAR FIRTINASININ QURBANLARININ SAYI ARTIB

ABŞ-da şiddətli qar fırtınası və soyuq hava səbəbindən ölənlərin sayı artmaqda davam edir. “Sputnik” informasiya agentliyinin ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, təbii fəlakət qurbanlarının sayı artıq 40 nəfəri keçib.

“NBC News”un məlumatına görə, bazar günü axşam saatlarında ən azı 41 nəfər həlak olub. Daha sonra televiziya kanalı 46 nəfərin həyatını itirdiyini qeyd edib. Bildirilir ki, ölüm halları 12 ştatda qeydə alınıb.

Fırtınanın miqyası demək olar ki, misli görünməmiş olub. O, Kanadanın yaxınlığındakı Böyük göllərdən Meksika ilə sərhəd boyunca Rio-Qrandeyə qədər uzanıb.

Fırtına xüsusilə Nyu-York ştatının Buffalo bölgəsində dağıdıcı olub. “Bu, bir çox böyük fırtınalardan qurtulan Buffalonun tarixinə ən dağıdıcı fırtına kimi düşəcək”, - deyə Nyu-York qubernatoru Keti Hokul bildirib. O, Nyu-Yorkun Eri dairəsində hakimiyyətin fırtına ilə bağlı ən azı 12 nəfərin öldüyünü təsdiqlədiyini qeyd edib.

Məlumata əsasən, mövcud hava şəraiti ilə bağlı 5 mindən çox daxili və beynəlxalq reyslər ləğv edilib. Eyni zamanda, 11 mindən çox reys təxirə salınıb.

 

ABŞ-ÇİN MÜNASİBƏTLƏRİNDƏ ÜÇ PRİNSİPƏ ƏSASLANAN KRİTİK GÖRÜŞ

ABŞ-ın dövlət katibi Entoni Blinkenin gələn ilin əvvəlinə planlaşdırılan Çinə səfəri zamanı rəsmi Pekinlə əməkdaşlığı genişləndirməyi və iki ölkə arasında əlaqələrin sabitləşməsinə yönəlmiş danışıqları inkişaf etdirməyi planlaşdırır. Bu barədə “Teleqraf.com” Çin mediasına istinadən məlumat yayıb.

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean ölkələri ilə əlaqələr üzrə köməkçisi Daniel Kritenbrink müsahibəsində E.Blinkenin səfəri zamanı Çinlə əlaqələri möhkəmləndirməyi hədəflədiyini bildirib.

“Ümid edirik ki, bu səfər aramızdakı rəqabəti şüurlu şəkildə idarə etməyə və ya münasibətləri sabitləşdirmək üçün zəmin yaratmağa kömək edəcək”, - deyə Kritenbrink əlavə edib.

ABŞ rəhbərliyinin üç əsas qayda əsasında Çinə yanaşmasını davam etdirəcəyini qeyd edən, Daniel Kritenbrink bu qaydaları belə sıralayıb: “Daxili gücə sərmayə qoymaq, regional və qlobal qaydalara əsaslanan nizamı dəstəkləmək üçün müttəfiqlər və tərəfdaşlarla əməkdaşlığı davam etdirmək, gərginlik yaratmadan Çinlə rəqabət aparmaq”.

 

ÜST “OMİKRON”UN YENİ ALTNÖVÜ İLƏ MÜBARİZƏNİ GÜCLƏNDİRMƏYƏ ÇAĞIRIB

Ümumdünya Səhiyyə Təşkilatı  koronavirusun Omikron ştammının “BA.5”  və “BF.7” altnövünə qarşı mübarizə aparmaq üçün ölkələrin ictimai səhiyyə tədbirlərinə hər hansı dəyişikliyin olunmamasını tövsiyə edib. Bu barədə “Report” agentliyi ÜST-ün açıqlamasına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, yüksək ötürücülüyə malik bu altnöv Delta ştammı qədər ciddi hesab olunur və toplanmış immuniteti üstələmək iqtidarındadır.

Eyni zamanda, ÜST açıqlayıb ki, dekabrın 20-nə olan məlumata görə, dünyanın 90-a yaxın ölkəsində “BA.5”in 50 mindən çox variantı qeydə alınıb.

“BF.7”nin ABŞ, Belçika, Böyük Britaniya, Çin, Hindistan və bir sıra digər ölkələrdə aşkar edildiyi bildirilir. Bu altnöv qızdırma, öskürək və boğaz ağrısı kimi Omikron ştammının digər altnövlərinə xas oxşar simptomlarına malikdir. Nadir hallarda xəstələrdə qusma və ishal müşahidə oluna bilər.

 

ƏFQANISTANDA QADINLARA QARŞI QADAĞALAR DAHA DA SƏRTLƏŞDİRİLİR

Əfqanıstanda üç qeyri-hökumət təşkilatı fəaliyyətini dayandırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Express Tribune” nəşri məlumat yayıb.

Bildirilir ki, “Save the Children” beynəlxalq təşkilatı, Norveç Qaçqınlar Şurası və “CARE International” fəaliyyətlərini dayandırıb. Məlumata görə, buna səbəb həmin qurumların ölkədə hakimiyyəti ələ keçirən “Taliban” qruplaşmasının qadın kadrlarla bağlı qadağalarına əməl etməməsidir.

“Taliban” administrasiyasının sözçüsü Zabihullah Mücahid bununla bağlı bildirib ki, Əfqanıstandakı bütün qurumlar ölkənin qaydalarına əməl etməyə borcludur.

Xatırladaq ki, “Taliban” Əfqanıstanda qeyri-hökumət təşkilatlarına qadınların işdən uzaqlaşdırılması əmrini verib. “Taliban” hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib bildirib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir. Bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.