DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İBRAHİM RƏİSİ ETİRAZÇILARI HƏDƏLƏYİB

“İrandakı mövcud quruluşa hücum etmək istəyən düşmənlərimizə layiqli cavabları verilir”. “Report” agentliyinin məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi ölkədəki etirazlardan bəhs edərkən bildirib.

Prezidentin sözlərinə görə, müstəmləkəçilər və böyük dövlətlər azadlıq, aldadıcı şüarlarla xalqa yoxsulluq və zillət gətirirlər. O, ölkədəki uğurların İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin və onun başçılıq etdiyi rəhbərliyin sayəsində əldə edildiyini, çatışmazlıqların imansızlara aid olduğunu vurğulayıb.

İran prezidenti dünyada korrupsiyanın və ədalətsizliyin hökm sürdüyünü bildirərək deyib: “Bu müharibədə ikiüzlülər, təkəbbürlü insanlar öz rollarını oynadılar”.

İbrahim Rəisi kütləvi informasiya vasitələrini “cahilliyi təbliğ etməkdə” ittiham edib.

Qeyd edək ki, İranda sentyabrın 17-dən dekabrın 19-dək 18452 etirazçı həbs edilib. Onlardan yalnız 3976 nəfərin kimliyi açıqlanıb. Həbs edilənlərin 652-si tələbədir. Tələbələrin iştirakı ilə şəhər və universitetlərdə 1192 genişmiqyaslı etiraz aksiyası keçirilib.

 

ABŞ VƏ TÜRKİYƏ “F-35”lərlə BAĞLI YENİ DANIŞIQLAR PROSESİNƏ BAŞLAYIR

ABŞ Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemi alması bəhanəsi ilə Ankaranı “F-35” layihəsindən kənarlaşdırdıqdan sonra yeni danışıqlar prosesi başlayır. Bu barədə “Teleqraf.com” məlumat yayıb.

Bildirilir ki, ABŞ Türkiyəyə ayrılmış “F-35”ləri anqarda saxladıqlarını əsas gətirərək Türkiyədən kirayə haqqı tələb edərkən, Ankara layihə üçün ödənilən 1,4 milyard dolların geri qaytarılmasını, həmçinin dəymiş ziyanın ödənilməsini və hissələrin alınmasının davam etdirilməsini istəyir.

ABŞ-ın Türkiyə ilə bağlı verdiyi qərarı yenidən nəzərdən keçirməyə hazırlaşdığı gələn xəbərlər arasındadır. Digər tərəfdən, 2021-ci ilin sentyabr ayından etibarən ABŞ-dan 40 ədəd “F-16 Viper” təyyarəsinin alınması və 79 ədəd “F-16”nın modernləşdirilməsi ilə bağlı texniki işlər davam edir.

Məlumata əsasən, Pentaqon iddia edir ki, Türkiyənin “S-400” və “F-35”ləri vahid hərbi sistemdə istifadə etməsi təhlükəsizlik probleminə səbəb olacaq.

Xatırladaq ki, Türkiyə hava hücumundan müdafiə sistemi ehtiyacını müttəfiqlərindən təmin edə bilmədiyi üçün Rusiyadan “S-400” aldıqdan sonra “F-35” layihəsindən təcrid olunub.

 

MÜHARİBƏ UKRAYNALI MİLYARDERLƏRİN SƏRVƏTİNİN  AZALMASINA SƏBƏB OLUB

2022-ci ilin on ayı ərzində Ukraynanın 20 milyarderinin varidatı  təxminən 22,5 milyard dollaradək azalıb. “Report” xəbər verir ki, bunu “Forbes” jurnalı yazıb.

Bildirilir ki, nəşr bununla bağlı ayrıca hesabat dərc edib. Jurnalın məlumatına görə, müharibə ukraynalı milyarderlərin gəlirlərinin azalmasına səbəb olub.

Belə ki, ölkənin ən varlı iş adamı Rinat Axmetovun sərvəti 13,7 milyard dollardan 4,4 milyard dollara enib.

Keçmiş prezident, “Roshen” şirkətlər qrupunun rəhbəri Petro Poroşenko da “kasıblayıblayanlar” sırasındadır. Onun 1,6 milyard dollarlıq varidatı 730 milyon dollara düşüb.

Qeyd edilir ki, jurnal ümumilikdə, son iki ildə ən varlılar reytinqinə daxil olan 129 ukraynalı iş adamının vəziyyətini təhlil edib.

 

İLON MASK İRAN ÜZƏRİNDƏ ÖZ PEYKLƏRİNİ İŞƏ SALMAQ NIYYƏTINDƏDIR

“Space X”in rəhbəri İlon Mask kosmik şirkətinin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peykinin olduğunu açıqlayıb. “Trend”in “Röyters” agentliyinə istinadən xəbər verir ki, o hələ 2022-ci ilin payızından İran üzərində bu xidməti aktivləşdirməyi planlaşdırdığını bildirmişdi.

“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə İ.Mask vurğulayıb. Agentliyin məlumatına görə, Maskın planlarına təkcə əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.

Eyni zamanda, İlon Mask açıqlamalarının birində qeyd etmişdi ki, İrana internet azadlığını və sərbəst informasiya axınını təşviq etmək üçün “Starlink” lazımdır. Onun sözlərinə görə, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalara bəzi istisnalar edilməsini də istəyib.

Hələlik şirkətin ölkə daxilində terminallarının olub-olmaması və onları İrana necə çatdırmağı planlaşdırdıqları barədə məlumat yoxdur.

 

SENATOR: UKRAYNALILARIN ÇOXU VƏTƏNLƏRİNƏ QAYITMAYACAQ

Ukraynadan Almaniyaya gələn qaçqınların əksəriyyəti müharibə bitdikdən sonra vətənlərinə qayıtmayacaqlar. “Report”un “DPA” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Berlinin şəhərsalma üzrə senatoru Andreas Qayzel bildirib.

“Təxminən 100 min qaçqının 80 minindən çoxunun uzunmüddətli yaşamaq üçün müraciət etdiyini nəzərə alsaq, çox sayda insanın Berlində illərlə qalacağını və dağıdılmış ölkələrinə qayıtmayacağını gözləmək mümkündür”, - deyə senator vurğulayıb.

Andreas Qayzel nümunə kimi ötən əsrin 90-cı illərində Yuqoslaviya müharibəsi zamanı Bosniyadan Almaniyaya gələn həmkarını misal çəkib: “Onlar Berlində cəmi bir neçə ay qalmağı planlaşdırırdı, lakin bu gün senat administrasiyasında işləyir və özünü alman hesab edir”.

Senatorun sözlərinə görə, Ukraynadan olan minlərlə insanı da oxşar tale gözləyir.

 

“PATRİOT” KOMPLEKSLƏRİNİN ZƏİF CƏHƏTİ AÇIQLANIB

Rusiya Amerikanın “Patriot” zenit-raket komplekslərinin  Ukraynaya təhvil veriləcəyi təqdirdə bu silahların zəif cəhətindən istifadə edərək onları məhv edə bilər. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu “Forbes” jurnalının icmalçısı Pol İddon yazdığı məqalədə qeyd edib.

Jurnalistin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bu hava hücumundan müdafiə sisteminin aşağı sürətlə hərəkət etməsindən asanlıqla yararlanacaq.

“Bir batareyanın işləməsi üçün cəmi üç nəfər lazım olsa da, onu hərəkət etdirmək və bütün komponentlərini tənzimləmək üçün 90 nəfərə qədər insan lazımdır”, - deyə jurnalist vurğulayıb.

Qeyd edilir ki, bir müddət öncə ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Ukraynaya əlavə 1,85 milyard dollarlıq hərbi yardım edəcəyini və bu növbəti paketə “Patriot” sistemlərinin tədarükünü də daxil edəcəyini bəyan edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin Ukraynaya çatdırılacağı təqdirdə Rusiya qoşunlarının onları məhv edəcəyini əminliklə bildirib.

 

Aİ VƏ ABŞ-da UŞAQLAR ARASINDA RESPİRATOR XƏSTƏLİKLƏRİ ARTIB

Böyük Britaniya, Niderland, ABŞ, Fransa və İsveç daxil olmaqla, bir sıra ölkələrdə uşaqlarda respirator xəstəliklərinin qeyri-adi dərəcədə güclü artımı müşahidə olunub. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq xəstəlikləri üzrə eksperti Uilson Uer məlumat verib.

Ekspertin sözlərinə görə, bu, xəstəliyə səbəb olan virusların dəyişməsi və bəzi uşaqlarda buna qarşı immunitetin olmamasıdır. O deyib: “Uşaqlar, xüsusən də 10 yaşdan kiçik olanlar arasında respirator xəstəliklərində artım müşahidə edirik”.

Uilson Uer əlavə edib ki, hazırda bu xəstəliklərin yayılması ötən illərdəki qrip mövsümləri ilə müqayisədə daha yüksəkdir.

Ekspert bu xəstəliklərdən qorunmaq üçün ilk növbədə gigiyenaya riayət etmək, həmçinin burun və ağız nahiyəsini maska və ya parça ilə örtməyin vacibliyini vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.