Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Nostradamusun 2023-cü illə bağlı qorxunc proqnozları

Dünyada baş verə biləcək hadisələri, hətta öz ölümünü belə qabaqcadan təxmin edən məşhur fransız kahini, fizik, astroloq Nostradamusun 2023-cü illə bağlı tükürpədici proqnozları təzə ilin gəlişinə sayılı günlər qalmış yenidən gündəmə gəlib...

Məlumat üçün qeyd edək ki, Nostradamus dünyanın nə vaxt və hansı şəkildə məhv olacağı da daxil olmaqla 6 min 338 kəhanət yazıb. Bu kəhanətlər arasında Adolf Hitlerin yüksəlişi, II Dünya müharibəsi, 11 sentyabr terroru, Fransa İnqilabı, atom bombası kimi indiyə qədər doğru çıxan proqnozlar da var. Hətta Nostradamusun 2020-ci ildə koronavirus pandemiyasını da proqnozlaşdırdığı deyilir. Onun kəhanətlərinin indiyə qədər 70 faizdən çoxunun gerçəkləşdiyi iddia edilir.

Bu proqnozlar içərisində 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynaya hücumunun üçüncü dünya müharibəsinə yol açması ilə bağlı proqnoz da diqqət çəkir. Belə ki, Nostradamusun "Yeddi ay davam edən böyük müharibədə insanlar pislik etməkdən öldü" kəhanəti Ukraynadakı müharibədən qaynaqlanan başqa bir dünya müharibəsinə işarə edir. Bu müharibədə Fransanın Rouen şəhərinin fəlakətin qurbanına çevriləcəyini qeyd edən Nostradamus "Rouen, Evreux şəhəri Kralın əlinə keçməyəcək" kəhanətini söyləyib.

Nostradamusun 2023-cü illə bağlı digər proqnozlarına Fransiskin yerinə yeni Papanın təyin edilməsi də daxildir. O, Papa Fransiskin sonuncu əsl Papa olacağını və onun yerinə kim gəlsə, qalmaqal yaradacağını söyləyib. Kahin həmçinin yazıb ki, 2023-cü ildə temperatur daha da yüksələcək, dəniz səviyyəsi gözlənilməz həddə qalxacaq.

"Günəş parlayan dənizi yandıracaq. Qara dənizin diri balıqları az qala qaynayacaq. Rodos və Genuya yarıac qalacaq, yerli əhali əziyyət çəkəcək".

Nostradamusun bəlkə də ən qorxunc kəhanəti isə insanların sağ qalmaq üçün bir-birilərini yemək kimi dəhşətli üsullara əl atmaları ilə bağlıdır. O deyir ki, "buğdanın qiyməti o qədər bahalaşacaq ki, insan öz soydaşını belə yeyəcək".

Məlumat üçün qeyd edək ki, Nostradamusun kəhanətlərini ehtiva edən "Profetie di Michele Nostradamo" adlı əlyazması ötən ilin may ayında tapılıb. XVI əsrə aid olan, təxminən 500 səhifəlik bu əlyazmanın oğurlanaraq Fransaya aparıldığı, orada isə bit bazarından satın alınıb Almaniyaya gətirildiyi müəyyən edilmişdir. Oğurlanmış kitab hazırda Romadakı kitabxanada saxlanılır.

İnformasiyanı posta.com.tr veb saytı yayıb.

 

Yuxunun real həyatla əlaqəsi varmı?

Elm dünyasına hələ də sirr olaraq qalmaqda olan yuxularla bağlı araşdırma aparan alimlər təəccüblü nəticələr əldə etdilər. Nəticələrə görə, gördüyümüz yuxular real həyatımızın davamı ola bilər...

24 min yuxu üzərində araşdırma aparan Kaliforniya Universitetinin tədqiqatçıları yuxuların əslində gündəlik həyatımızın davamına işarə etdiyini söyləyirlər. Araşdırma rəhbəri Alessandro Fogli iddia edir ki, yuxuda gördüyümüz hadisələr həqiqətən gündəlik həyatımızın davamıdır. Onun fikrincə, real həyatın davamı olan yuxular adətən gərgin bir iş gününün sonunda görülür. Alim həmçinin belə yuxuların gündəlik həyatımızda bir çox problemin həllinə kömək edə biləcəyini də vurğulayıb.

24 min yuxu üzərində tədqiqat aparan alimlərin gəldiyi qənaətə görə, bir yuxunun təsvirində üç əsas ünsür böyük rol oynayır: sosial qarşılıqlı təsir; xarakterlər; emosional sözlər. Alimlər bu amillərə əsaslanan şərhlərin yuxularla real həyat arasında əlaqə qurmaq üçün kifayət edə biləcəyinə inanırlar.

Alimlərin apardıqları araşdırma yuxuların həyatımızdan tam olaraq nə danışdığını anlamaq üçün kifayət deyil. Bununla birlikdə mütəxəssislər bu günə qədər tapdıqlarına çox ümid bəsləyirlər. Tapıntılardan faydalanaraq yeni texnologiyaların inkişaf etdiriləcəyinə inanan elm adamları bu yolla yuxu ilə real həyat arasında körpülərin qurulacağına inanırlar. Bu texnologiyaların nə vaxt inkişaf etdiriləcəyi isə hələlik məlum deyil.

 

Mənfi obrazların niyə sevildiyi bəlli oldu

ABŞ-ın Miçiqan Universitetinin alimləri filmlərdə, seriallardakı mənfi obrazların bütün pis əməllərinə və səhvlərinə rəğmən insanlar tərəfindən niyə sevildiyini öyrənməyə çalışıblar. Bu səbəbdən də elm adamları "Harri Potter" filmlərindəki Lord Voldemort, "Qara cəngavər"in personajlarından olan Jokerə, "Kiçik su pərisi"nin qəhrəmanı Ursulaya qədər bir çox mənfi obrazları araşdırıblar. Araşdırma nəticəsində bəlli olub ki, insanlar hətta ən qorxunc və zalım xarakterlərdə belə yaxşılığı görmək üçün "proqramlaşdırılıblar".

Araşdırma çərçivısində 4-12 yaş arası 434 uşaq və 277 nəfər böyüklərin adıçəkilən qəhrəmanlarla əlaqəli fikirləri sorğu-sual edilib. Tədqiqatda istifadə edilən mənfi obrazlar arasında həmçinin "Piter Pan" filmindən Kapitan Kanca, baş qəhrəmanlardan isə "Oyuncaq hekayəsi"nin obrazı Vudi və "Hörümçək adam" da yer alıb. "Daily Mail"də yer alan xəbərə görə, araşdırma nəticəsində filmlərdəki canilərin nə qədər amansız, qəddar və eqoist olmalarına baxmayaraq, bir çox insanların onların qaranlıq tərəflərinin cazibəsinə qapıldıqları ortaya çıxıb.

"Həm uşaqlar, həm də böyüklər Ursula kimi personajların müntəzəm olaraq etdikləri pis, əxlaqsız, zalım hərəkətlərə baxmayaraq, onların daxilən yaxşı olduğuna inanırdılar. Bu isə onu göstərir ki, insanlar həmişə pisin yaxşı tərəflərini axtarmağa çalışırlar və bu, daima belə də davam edəcək", - deyə tədqiqatın aparıcı müəllifi Valeri Umşeyd qeyd edib.

 

Balıqqulağından nə üçün dalğa səsi gəlir?

Yəqin ki, uşaq ikən çoxlarınız balıqqulaqlarını qulağınıza yaxınlaşdırdıqda oradan gələn səsin dalğa səsi olduğunu düşünmüsünüz. Bəziləri isə bu səsin bədənimizdəki qan dövranından qaynaqlandığına inanırlar. Lakin eşitdiyimiz səs əslində bununla əlaqəli deyil. Əgər belə olsaydı, dinləməyi dayandırdığımız zaman da səsi eşidərdik.

Hətta eşidilən səsin balıqqulağının içindən keçən hava ilə əlaqəli olduğunu düşünənlər də var. Ancaq bunu izolyasiya edilmiş otaqda sınaqdan keçirsək ətrafda hava olmasına baxmayaraq, həmin səs eşidilməyəcək. Demək ki, əsl səbəb bu da deyil. Ortaya maraqlı bir sual çıxır: yaxşı, bəs eşitdiyimiz nəyin səsidir?

Əslində sualın cavabı çox bəsitdir. Belə ki, dalğaları xatırladan bu səs olduğunuz məkanda ətrafdan gələn səslərdir. Çünki balıqqulaqları səsi öz quruluşlarına görə müxtəlif tezliklərə çevirərək ötürür. Bunun üçün isə ən uyğun balıqqulaqları spiral formasında olanlardır. Eynilə bir musiqi aləti kimi işləyən bu quruluş ətrafdakı səsi dalğaların səsinə bənzər bir tezliklə bizə ötürür. Əgər doğrudan da dənizə yaxın bir yerdəsinizsə, eşitdiyiniz həqiqətən dalğaların səsi ola bilər. Bu səbəbdən də belə bir effekt üçün balıqqulağına ehtiyac yoxdur. Çünki boş qəhvə fincanı ilə sınadığımız zaman da eyni tezlikli səsləri eşidə bilərik. Səsin səviyyəsi fincanın qulağınıza yaxınlığı və həcmi ilə mütənasib olaraq artacaq.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".