DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: DÜNYA PUA-LARIMIZIN UĞURLARINI HEYRƏTLƏ İZLƏYİR

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin pilotsuz uçuş aparatlarında (PUA) əldə etdiyi uğurun dünya manşetlərində olduğunu bildirib. “TRT” telekanalının xəbərinə görə, bu barədə dövlət başçısı Ankarada Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası və Türkiyə Elmlər Akademiyasının elm mükafatları mərasimində çıxışı zamanı bəyan edib.

Məlumata əsasən, Ərdoğan çıxışında Türkiyənin Müdafiə Sənayesi sahəsindəki uğurlarına diqqət çəkib: “Dünya PUA-lardakı uğurumuz haqqında xəbərləri manşetlərə çıxarır, bunu heyrətlə izləyir. Adına mahnıların yazıldığı “Bayraktar TB2” ilə başlayan prosesdə “Akıncı” daha sonra pilotsuz döyüş təyyarəmiz olan “Kızılelma”ya nail olduq”.

Eyni zamanda, müdafiə sənayesindəki bu uğurların yalnız başlanğıc olduğunu vurğulayan Ərdoğan bildirib ki, Türkiyə hazırda keyfiyyət və kəmiyyət baxımından dünya ilə rəqabət aparan müasir, inkişaf etmiş bir elm və texnologiya ekosisteminə sahibdir. Dövlət başçısı əlavə edib ki, Türkiyənin texnoparklarındakı tədqiqat və təkmilləşdirmə və dizayn mərkəzlərində on minlərlə layihə həyata keçirilir.

 

İSRAİLDƏ HÖKUMƏTİ FORMALAŞDIRMAQ ÜÇÜN KOALİSİYA QURULUB

İsrail partiyaları yekun koalisiya sazişlərini imzalayıblar. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Yerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilir ki, Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası və “Yahadut Ha-Torah” yekun detalları razılaşdırdıqdan sonra koalisiya sazişi imzalayıb. Daha sonra Dindar Sionistlər Partiyası, həmçinin “Şas”, “Yəhudi Gücü” və “Noam” tərəfindən müqavilənin imzalanması elan edilib.

Bütün müqavilələri imzaladıqdan sonra Netanyahu öz partiyasına müraciət edib və bu günə qədər əhəmiyyətli birgə səylərə görə partiyasına təşəkkür edib. “Biz bütün İsrail vətəndaşları üçün tam müddət üçün sabit hökumət quracağıq”, - deyə Netanyahu bildirib.

Bu ərəfədə “Haaretz” qəzeti qeyd edib ki, Netanyahu İsrail prezidenti İshak Hersoqa hökuməti qurmağa müvəffəq olduğunu bildirib. Məlumata əsasən, İsrailin yeni hökuməti dekabrın 29-da parlament qarşısında and içəcək.

 

NATO-NUN ÇEVİK REAKSİYA QÜVVƏLƏRİNƏ BU ÖLKƏ RƏHBƏRLİK EDƏCƏK

2023-cü il yanvarın 1-dən Almaniya NATO-nun Çevik Reaksiya Qüvvələrinə rəhbərlik edəcək və minlərlə hərbçini bir neçə gün ərzində döyüşə hazır vəziyyətə gətirəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə alyansın Mətbuat Xidməti məlumat yayıb.

“Almaniya mühüm müttəfiqdir və biz Almaniyaya 2023-cü ildə Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupuna rəhbərlik edəcəyinə görə təşəkkür edirik”, -  deyə NATO-nun mətbuat katibi Oana Lunqesku bildirib.

Mətbuat katibinin sözlərinə görə, Rusiyanın Ukraynada apardığı müharibə Avropada sülh və təhlükəsizliyi təhdid etməkdə davam edir və NATO-nun müttəfiqlərin ərazilərinin hər bir hissəsini müdafiə etmək və qorumaq əzmində heç bir şübhə olmamalıdır.

Qeyd edək ki, Yüksək Hazırlıqlı Birgə Əməliyyat Qrupu NATO-nun ilk reaksiya qüvvəsi və alyansın kollektiv müdafiəsinin əsas hissəsidir.

 

YAPONİYADA 50 YAŞLI KİŞİ İŞƏ GETMƏMƏK ÜÇÜN ÖZÜNÜ BIÇAQLADI

Yaponiyada baş verən hadisə eşidənlərin təəccübünə səbəb olub. “Teleqraf.com”un verdiyi xəbərə görə,  bir kişi işə getməmək üçün polisə maraqlı şikayət edib.

Dekabrın 20-də gecə saatlarında Toyonaka şəhərində yaşayan 50 yaşlarında bir kişi polisə zəng edərək onu kürəyindən kiminsə bıçaqladığını deyərək kömək istəyib. Az sonra hadisə yerinə gələn polis və tibb qrupları kürəyindən bıçaqlanan yaralını xəstəxanaya çatdırıb.

Bildirilir ki, cinayətə təşəbbüs cəhdi ilə istintaqa başlayan polis texniki müayinə və araşdırmalardan sonra şəxsin hadisə yerində tək olduğunu müəyyən edib.

Eyni zamanda, səhhəti yaxşılaşdıqdan sonra təkrar dindirilən şəxsin izahatı yenidən alınıb. O, “İşimdən çox sıxıldım. İşə getməmək üçün belə etdim”, - deyə ifadə verib.

Yalan xəbər verdiyini etiraf edən şəxs qeyd edib ki, bıçağı divara sıxdıqdan sonra kürəyini ora söykəyib.

 

TÜRKİYƏ, RUSİYA VƏ SURİYA MÜDAFİƏ NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİB

Dekabrın 28-də paytaxt Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamaya əsasən, müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.

Məlumata görə, nazirlər Suriya böhranını və bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirlərini müzakirə ediblər.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdədir.

 

ABŞ ÇİNli SƏYAHƏTÇİLƏRƏ QARŞI YENİ MƏHDUDİYYƏTLƏR TƏTBİQ EDƏ BİLƏR

ABŞ rəhbərliyi “COVID-19”un yayılması ilə mübarizə aparmaq məqsədilə Çindən gələn səyahətçilər üçün yeni ehtiyat tədbirlərini nəzərdən keçirir. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“ABŞ rəsmiləri hökumətin Çində yoluxma hallarının kəskin artmasından narahat olduğunu və ölkənin virusun yayılması ilə bağlı verdiyi məlumatların şəffaflığı ilə bağlı məsələlər qaldırdığını söyləyib”, - deyə agentlik bildirib.

Eyni zamanda, “Bloomberg”in həmsöhbətlərinə görə, ABŞ rəhbərliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün Çindən gələn səyahətçilərdən test nəticəsinin neqativ olmasını tələb edən Yaponiyada, həmçinin izləmə və epidemik nəzarət tətbiq edən Malayziyada olan bənzər məhdudiyyətləri tətbiq etməyi düşünür.

Məlumat üçün qeyd edək ki, dekabrın əvvəlində Çin rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün qəbul edilmiş bir sıra məhdudiyyətləri aradan qaldırıb, bu, yoluxma hallarının və ölümlərin kəskin artmasına səbəb olub.

 

“SPACEX” ŞİRKƏTİNİN DAHA 54 PEYKİ ORBİTƏ ÇIXARILDI

“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, şirkətin saytında yerləşdirilən məlumata əsasən, yerətrafı orbitə daha 54 mini-peyk çıxarılıb.

Daşıyıcı raket ABŞ-ın Florida ştatındakı kosmodromdan start götürüb. Bu, cari ildə internet peyklərinin orbitə çıxarılan sayca 60-cı qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 3612 peyk buraxıb. Onların 3200-ü işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Şirkətin qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də istifadə edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.