İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

2022-ci ildə qazanılmış medalların sayı

2022-ci il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 837 medal qazanıblar.

Həmin medalların 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) Olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-Olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür.

 

Kapoeyra üzrə ölkə çempionu məlum olub

Azərbaycan Kapoeyra Federasiyasının 15 illiyinə həsr olunmuş kapoeyra üzrə respublika birinciliyi başa çatıb. Azərbaycan Kapoeyra Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışlarda müxtəlif klublardan 200-ə yaxın yeniyetmə bacarıqlarını nümayiş etdirib. 13-15 yaşlı idmançıların birinciliyində Şahin Xurşudov bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına layiq görülüb. Gənc çempionumuz 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş kiçik çavuş Nazir Xurşudovun oğludur.

Qeyd edək ki, Şahin Xurşudov kapoeyra idman növü ilə ilk dəfə 2021-ci ildə şəhid övladları üçün təşkil edilmiş "Qaliblər düşərgəsi"ndə məşğul olmağa başlayıb.

 

Növbəti döyüşün vaxtı bilinib

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı bilinib. O, növbəti döyüşünü martın 18-də keçirəcək. Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikovdur. Qeyd edək ki, "Noqay" ləqəbli Fanil Rafikov 21 dəfə qalib gəlib, 6 döyüşdə uduzub. "Bayraktar" ləqəbli Nəriman Abbasov isə 28 döyüşdə qələbə qazanıb, 4 dəfə məğlub olub.

 

"Səbail" klubunun baş məşqçisi istefa verib

"Səbail" futbol komandasının baş məşqçisi Mahmud Qurbanov istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib. Onun təqdim etdiyi istefa ərizəsi Müşahidə Şurası tərəfindən qəbul olunub. "Səbail"in baş məşqçisi vəzifəsinə təyinatla bağlı ictimaiyyətə yaxın günlərdə məlumat veriləcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".