Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

keçmişdən indiyə

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Vilyam Şekspir - Dünyanı dəyişdirən dahi"ni oxuculara təqdim edirik.

"Respublika".

 

Vilyam Şekspir - Dünyanı dəyişdirən dahi

İnsanlığın yaranışından bəri dünya tarixinin gedişatını dəyişdirən, bəşəriyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edən bir çox dahi şəxsiyyətlər dünyaya gəlib. Onların elmə, mədəniyyətə verdiyi töhfələr bəşəriyyətin təkamül prosesində mühüm rol oynayaraq bugünkü dünyanın nizamına böyük təsir göstərib. Belə şəxsiyyətlərdən biri də dünya dramaturgiyasına əvəzsiz töhfələr verən Vilyam Şekspirdir.

O, nə kəşf etmişdi, nə də ki, ixtira, lakin dünya ədəbiyyatı, mədəniyyəti və dramaturgiyası tarixində elə bir zəngin, mədəni irs qoyub getmişdir ki, bu gün bütün dünya xalqları ondan faydalanırlar. İngilis ədəbi dilinin banisi hesab olunan bu dahi şəxsiyyət müasir ingilis dilində istifadə olunan bir çox idiomatik ifadələrin, dildə kök salmış yeni sözlərin müəllifidir.

Antik dövr dramaturgiyasından söz düşəndə dilə ilk gələn Esxil, Evripid, Sofoklun adları olursa, intibah dövrünün dram sənəti zirvəsində qeyd-şərtsiz görkəmli ingilis dramaturqu Vilyam Şekspirin adı çəkilir. Bugünkü dünyamızda elə bir mədəni xalq tapılmaz ki, Şekspirin əsərləri və həyatı ilə tanış olmasın. Tanınmış ingilis şairi və dramaturqu Şekspirə ən böyük şöhrəti isə onun dramaturgiyası, xüsusilə də faciələri gətirmişdir. Şekspirin əsərləri oxuyan və düşünən insanlar üçün həmişə həyat kitabı olmuşdur. Onun əsərlərindəki çox geniş və zəngin həyat lövhələri, maraqlı insan obrazları uzun və mürəkkəb bir dövrün dərinmənalı hadisələri oxucunu düşündürməyə vadar etmiş, onda müxtəlif hiss və həyəcanlar oyatmışdır.

Ədibin çoxşaxəli yaradıcılığının təhlili neçə-neçə mühüm məziyyətləri önə çəkməklə yanaşı, onun mütəxəssislər tərəfindən daha dərindən araşdırılmasının vacibliyini də şərtləndirir. Şekspir bu günün, gələcəyin - bütün zamanın yazıçısıdır. Onun ölməz əsərləri bunu deməyə haqq verir. Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat problemləri bədii-estetik dəyərinə, fikir genişliyinə, ictimai-siyasi mahiyyətinə görə bu gün də insanları düşündürür.

Təpədən-dırnağa şair olan Şekspirin bütün ideya və obrazlar aləmi də şairanədir. Şekspir yaradıcılığı elə bir mənəvi zirvədir ki, coğrafi sərhədlər, etnik müxtəlifliklər, milli psixologiyalar məhdudluğu tanımır və zamana sinə gərir. Ədib dünya ədəbiyyatında öz sənətkar missiyasını şərəflə yerinə yetirmiş, mədəniyyətə, teatra, ədəbiyyata çox böyük irs, qiymətli sərvət qoyub getmişdir.

Avropada intibah dövrünün ən görkəmli nümayəndələrindən biri olmuş Vilyam Şekspir öz əsərlərində humanizm, xəlqilik, həyatsevərlik ideyalarını tərənnüm etmiş, insan qəlbinin sirlərini dərindən bilmiş, qələmə aldığı mürəkkəb hadisələrin dolğunluğu ilə həmişə oxuculara böyük təsir göstərmişdir. Şekspir hadisələrin dərinliyinə nüfuz edir, ilk nəzərdə əhəmiyyətsiz görünən xırda bir hadisənin arxasında gizlənən ümumbəşəri əhəmiyyətə malik mənaları üzə çıxara bilirdi. Şekspirin bütün əsərləri zəmanə ilə son dərəcə bağlı olduğuna görə dünya ədəbiyyatında misli görünməmiş tarixi vüsət kəsb etmişdir.

Vilyam Şekspir 1564-cü il aprelin 23-də Eyvon çayı sahilində yerləşən, indi dünyada Şekspirin vətəni kimi məşhurlaşmış Stratford şəhərində anadan olmuşdur. 1571-ci ildə Vilyam yerli qrammatika məktəbində oxumağa başlamış, orada yunan və latın dillərini, məntiq elmini öyrənmişdir. Getdikcə ailənin maddi vəziyyəti çətinləşdiyi üçün isə təhsilini davam etdirə bilməmişdir.

1582-ci ildə Şekspir on səkkiz yaşında ikən özündən yeddi yaş böyük olan varlı fermer qızı Anna Heteveylə evlənir. Onların Süzan adlı bir qızı və əkiz oğlanları - Yudif və Hamlet dünyaya gəlir. 1586-cı ildə isə Şekspir Stratforddan Londona köçür.

O, Londona gələndə teatrda ağalar tamaşaya baxarkən atların keşiyini çəkməklə pul qazanırdı. Sonra vəzifəsini artırıb səhnə arxasına keçirirlər. Burada o, rolların köçürülməsi, aktyorların vaxtında çıxışının təmin edilməsi, suflyorluq kimi işlərlə məşğul idi. Yalnız bir neçə ildən sonra Şekspir ilk, amma kiçik rolunu ala bildi. Amma yaxşı aktyor olmaq Şekspirin qismətində yox idi. Yazmaq daha yaxşı alınırdı. Onun işi çox olardı, tamaşalar az qala hər gün gedirdi. 1595-ci ildən Şekspir "Lord Çemberlenin truppası"nın pay sahiblərindən biri olur. 1599-cu ildən "Qlobus" teatrının, 1608-ci ildən isə Dominikan teatrının sahiblərindən birinə çevrilir.

Şekspir bədii yaracılığa teatrda başlamışdır. İlk əsərini 1590-cı ildə yazmışdır. Bu zaman teatra və ədəbiyyata böyük həvəs göstərən zadəganlar içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil etdiyi ədəbi məclislərdə iştirak edir. Qraf Sauthemptonun evində Şekspir bir neçə ədib və aktyorla rastlaşır, bura onun üçün ilk ədəbi məktəb olur. 1599-cu ildə isə qraf Sauthemptonun köməyi ilə aşağı zadəgan rütbəsi də alır. Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün axırına qədər orada yaşayır.

İngiltərədə Şekspirin həyatı, kimliyi, ailəsi və yaradıcılığı ilə əvvəl maraqlananlar olmuşsa da, onun bioqrafiyasını ilk dəfə Nikolas Rou yazmışdır. 1709-cu ildə o, Şekspirin altıcildlik əsərlərini hazırlamış və bioqrafiyası ilə birlikdə çap etdirmişdir.

 

Tədqiqatçılar Şekspir yaradıcılığını, əsasən üç dövrə bölürlər. Yaradıcılığının birinci dövründə (1591-1601) o, "Venera və Adonis", "Lukresiya" poemalarını, sonetlərini, "VIII Henri" pyesindən başqa bütün tarixi dramlarını, "Tit Andronik", "Romeo və Cülyetta", "Yuli Sezar" faciələrini, bu dövr üçün xarakterik olan şən və nikbin "Səhvlər komediyası", "Şıltaq qızın yumşalması", "İki veronalı əsilzadə", "Məhəbbətin əbəs səyi", "Yay gecəsində bir yuxu", "Venesiya taciri", "Vindzor cici-bacıları", "Heç nədən hay-küy", "Necə istəsəniz", "On ikinci gecə və yaxud istədiyiniz kimi" komediyalarını yazmışdır.

Yaradıcılığının ikinci dövründə (1601-1608) Şekspir tragik konfliktlər və qəhrəmanlardan bəhs edən faciələr yazmışdır: "Hamlet", "Otello", "Kral Lir", "Maqbet", "Antoni və Kleopatra", "Karolian", "Afinalı Timon". Bu dövrdə yazılan komediyalar birinci dövrdəkilərdən fərqlənir. Burada artıq əvvəlki komediyalarda olan şən əhval, nikbinlik hiss olunmur. Əksinə, onlarda bir qədər tragik ünsürlər gözə çarpır.

Üçüncü dövrdə "Simbelin", "Qış nağılı" və "Fırtına" tragikomediyaları (1608-1612) yazılmışdır. Bu əsərlərdə fantaziya və alleqorizm özünü büruzə verir. Bu dövrdə Şekspir mövcud reallıqdan uzaqda dayanmağa çalışmış, daha çox romantik düşüncə tərzinə meyillənmişdir.

Şekspirin sonetləri İngiltərədə intibah dövrü poeziyasında ən yüksək zirvəsini və dünya poeziyası tarixində dönüş mərhələsini təşkil edir. Bir şair kimi Şekspirin lirik dühası sonetlərdə özünü daha aydın göstərir. Ehtiraslar tərənnümçüsü, "ürək ustası" Şekspirin qüdrətli və parlaq istedadının məhsulu olan sonetlərində həyat hadisələrinə, insan ömrünə fəlsəfi baxış, hər şeyə qadir məhəbbətin əbədiliyi əsas motivlərdir.

Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir. Yaradıcılığının birinci dövründə yazdığı "Romeo və Cülyetta" əsərində Şekspir intibah adamının feodal qayda-qanunlarına qarşı mübarizəsini təsvir edir. Dramaturq üçün son dərəcə yaxın olan dostluq ideyası sonralar onun digər əsərlərində, xüsusilə "Hamlet" faciəsində ən yüksək bədii həllini tapmışdır. "Otello" faciəsi isə Cerald Çintionun "Venesiya mavri" novellasının motivləri əsasında yazılmışdır. Şekspir faciələrində onun qəhrəmanları həlak olsalar da, ən yüksək ideallar, mənəvi keyfiyyətlər sarsıntıya uğrasa da, bu əsərlərdə ümidsizlik yoxdur. Şekspir öz faciələrində humanist ideallar haqqında təsəvvürü daha da genişləndirir.

Şekspir 23 aprel 1616-cı ildə vəfat etsə də, ailəsi tərəfindən unudulmamışdır. Ölümündən sonra Stretfordda Şekspirə qəbirüstü abidə ucaldılmışdır. Həmin abidə indiyədək ilkin şəkildə saxlanılıb, çünki qəbrin üstündəki qarğışı heç kim boynuna götürmək istəmir: "Dostum, Tanrı xətrinə bu torpağa gömülmüş meyiti qazıb çıxarma. Bura əl dəyməyən əsrlər boyu məmnun, cənazəmə toxunan isə lənətlənmiş olacaq". Şekspirin qəbirüstü abidəsində əlində qələm, ya kağız əvəzinə bir boxça var. Bu abidə Şekspirin ölümündən 6 il sonra qoyulub, çünki həmin dövrdə aktyor olmaq eyib sayılırdı. Əlindəki boxça isə kamil sənətkarlığın, gəlirin simvolu kimi seçilib. Bu, həm də Şekspir ailəsinin prestij haqqında təsəvvürlərinə tam uyğun idi. Sonralar Şekspir pyesləri iri tirajlarla çıxıb, gəlir gətirəndə ailəsi nəhayət inandı ki, yazıçı olmaq da abırlı peşə ola bilər və abidədə dəyişikliklər edildi: yun boxçası qələm və kağızla əvəz olundu.

Ümumilikdə götürüldükdə isə V.Şekspir yaradıcılığının son dövründə özünə az oxşayır. O, artıq əsərləri ilə dünyanın gərdişini dəyişməyə qadir olmadığını dərk etmişdi. Ona görə də təəccüblü deyil ki, 52 illik ömrünün son dörd ilini doğma Stratford qəsəbəsində keçirən Şekspir bir dənə də olsun bədii əsər yazmamışdır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".