Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Redyard Kiplinq

İngilis yazıçısı, şairi və novellaçısı, ədəbiyyat üzrə ilk Nobel mükafatını almış Redyard Kiplinq daha çox "Cəngəlliklər kitabı" (The Jungle Book), "Kim" (Kim) və "Sonuncu nəğmə oxunuşu" (Recessional) kimi məşhur əsərləri ilə yaddaşlarda qalıb. "Cəngəlliklər kitabı" romanı əsasında çəkilmiş eyniadlı macəra filminin baş qəhrəmanı "Mauqli"ni isə uşaqdan-böyüyə tanımayan yoxdur. Onun "Kim" əsəri isə sözün əsl mənasında bir əsgərin həyatını ölümdən xilas edib. Belə ki, fransız əsgəri Mauris Amono gülləyə tuş gəlir və xoşbəxtlikdən güllə onun sol döş cibində olan "Kim" kitabını deşsə də, ürəyinə dəymir. Kitabın son 20 vərəqi əsgəri ölümdən xilas edir...

Hindistanın Bombey şəhərində dünyaya göz açan yazıçının adının qoyulması ilə bağlı maraqlı bir tarixcə də var. Belə ki, valideynləri Alisa və Lokvud Kiplinqlər İngiltərədəki Redyard gölünün yanında tanış olduqları üçün ilk görüş yerinin şərəfinə övladlarına Redyard adını veriblər.

Ekzotik mənzərələrlə zəngin olan Hindistanda keçən uşaqlıq illəri gələcək yazıçının ən xoşbəxt illəri olur. Amma 5 yaşı tamam olanda bacısı ilə birlikdə təhsil almaq üçün İngiltərəyə yola düşür. Altı il şəxsi pansionda yaşayır. Pansionun sahibəsi madam Roza onunla pis rəftar edir, tez-tez cəzalandırır. Madam Rozanın belə münasibəti Redyarda o qədər pis təsir edir ki, ömrünün sonunadək yuxusuzluqdan əziyyət çəkir.

Gənclik illərində jurnalist işləməyə başlayan yazıçının reportajları ilə yanaşı, asudə vaxtlarında yazdığı qısa hekayə və şeirləri də dərc olunur. Bu ərəfədə məhşurlaşan Kiplinq Londonda gənc amerikalı naşir Uolkott Beylstir ilə tanış olur. Onlar birlikdə "Naulakha" povesti üzərində işləyirlər. Lakin Beylstir yatalaq xəstəliyindən dünyasını dəyişir. Kiplinq onun bacısı Karolina ilə evlənir. Ailə həyatının ilk ayında Kiplinqin əmanət saxladığı bank müflisləşir. Onların pulu yalnız Karolinanın qohumlarının yaşadığı Vermont (ABŞ) şəhərinə gəlməyə kifayət edir. Gənc ailə dörd il burada yaşamalı olur.

Daha sonralar İngiltərənin Sasseks qraflığında ev alan yazıçı ömrünün sonunadək burada yaşayır. O, eyni zamanda siyasi fəaliyyətə də başlayır. Buna görə də onun ədəbi fəaliyyəti bir qədər zəifləyir. Yaradıcılığına təsir edən ən böyük səbəb isə əvvəlcə qızının, onun ardınca isə oğlunun vəfat etməsi olur. Bütün bunlar yazıçıya böyük zərbə vurur və o, daha əvvəlki kimi uğur qazana bilmir. Ömrünün son günlərini xora xəstəliyindən əziyyət çəkən yazıçı 70 yaşında dünyadan köçür.

 

Marqaret Mitçell

Amerikanın məşhur yazıçısı Marqaret Mitçell... Bütün zamanların ən məşhur əsərlərindən olan "Küləklə sovrulanlar" romanı ilə tanınan bu xanıma tale məşhurluğun dadını çıxarmağa imkan vermədi... Gözlənilməz uğur və yarımçıq qalan ömür...

Əslən amerikalı olan yazıçı adlı-sanlı bir ailənin övladı olub. Atası Yucino Mitçell tanınmış vəkil, anası isə feminist və Atlantanın birinci ledisi hesab olunan fransız əsilli Meri İzabella Stivins idi. Marqaretin anası dövrünün məşhur xanımı olmaqla yanaşı, həm də modanı, incəsənəti yaxından izləyən, onların yenilənməsinə təsir edən qadınlardan biri olmuşdur. Marqaret ailənin üçüncü övladı idi. Onun özündən böyük iki qardaşı olsa da, onlardan ortancılı hələ uşaq ikən dünyasını dəyişmişdi.

Hələ uşaq yaşlarından Marqaret dostlarını valehedici nağıl danışmaq qabiliyyəti ilə heyrətləndirirdi. Həddindən artıq inadcıl və çox böyük yumor hissinə sahib olan gələcəyin yazıçısı elmə barmaqarası yanaşarmış. İpə-sapa yatmayan balaca qızcığaz dərslərini "rüşvətlə" oxuyarmış. Belə ki, anası inadcıl qızında oxumağa maraq oyatmaq üçün ona kiçik məbləğdə pul mükafatları verir, təhsilin vacib olduğuna inandırmağa çalışırdı.

İllər ötür, Marqaret 11 yaşına çatır. O, nəinki ədəbiyyatı bilməklə yaşıdlarını arxada qoyur, hətta özü hekayə və pyeslər də yazır. Oğlan doğulmadığı üçün həmişə təəssüflənən Marqaret şalvarda gəzər, ponidə çapar, ağaclara dırmaşar, çox gözəl rəqs edərdi.

Orta məktəb təhsilini bitirdikdən sonra gözəlliyi ilə bir çoxlarının qəlbini fəth etmiş gənc Marqaret Klifford Henri adlı leytenanta vurulur. Qısa vaxt ərzində bu iki gənc bir-birilərinə bağlansa da, bir neçə aydan sonra Marqaret gənc leytenantın ölüm xəbərini alır. Kliffordun ölümü Marqaretin qəlbinə ağır zərbə vurur. O, uzun müddət öz leytenantını unuda bilmir. Ömrünün sonlarına qədər isə Kliffordun doğum günlərində onun qəbrini ziyarət edir.

Sevgilisinin ölümündən sonra Marqaretə daha ağır, ikinci bir zərbə isə anasının ölümü olur. Uzun müddət ərə getmək haqqında düşünməyən yazıçı "mən sevməyi bacarmıram" deyərək pərəstişkarlarını özündən kənarlaşdırır. Deyilənlərə inansaq, həddi-büluğa çatmış Marqaretin həmin dövrdə qırxa yaxın heyranı varmış.

Lakin günlərin birində pərəstişkarlarından Berrien Apoş adlı gənclə ailə qurmağa qərar verir. Sərxoşluğu ilə həddindən artıq məşhur olan Berrien yazıçının həyatını cəhənnəmə çevirir. O, Marqareti təhqir edir, döyüb alçaldır. Bütün bunlardan bezən Marqaret ağır depressiyaya düşür. Əsəbləri tamamilə sıradan çıxır. O, uzun müddət nevroloji və psixoloji müalicə almalı olur. Deyilənlərə görə, kölgə kimi daima onu izləyən Con Marşın köməkliyi olmasa Marqaret daha dərin uçuruma yuvarlana bilərdi. Yalnız Conun həqiqi məhəbbəti və qayğısı onu düşdüyü çətinlikdən xilas edir. Bu səbəbdən də Marqaret ərindən ayrılaraq Conla ailə həyatı qurmağa qərar verir.

Qayğısız, xoşbəxt həyata başlayan yazıçı ona dünya şöhrəti gətirən "Küləklə sovrulanlar" romanını da məhz bu ərəfədə yazır. Nə az, nə çox, düz on il müddətinə yazılan bu roman əsasında çəkilmiş film isə onu daha da məşhurlaşdırır. Lakin bu roman şöhrətin sevincini doyunca dada bilməyən yazıçının son əsəri olur. Atasının və ərinin xəstəliyi ucbatından başını itirən 48 yaşlı yazıçı avtomobil qəzası nəticəsində həyatla vidalaşır...

 

Aristotel

Hələ eramızdan əvvəl yaşayan məşhur yunan filosofu Aristotel dahilər haqqında belə deyərdi: "Bütün dahilər bir az dəlidir". Çox güman ki, filosof bizim dövrdə yaşasaydı söylədiyi bu fikirdə bir balaca da dəyişiklik edərək "bir az" sözünü çıxıb deyərdi ki, dahilər tam dəlidir. Və yəqin ki, filosofun bu fikri ilə bütün dünya da razılaşardı...

Qədim yunan mütəfəkkiri Aristotel Makedoniyanın Stagira şəhərində anadan olub. Platonun tələbəsi olan bu filosof Şərq ölkələrində Ərəstun adı ilə də tanınır. İslam dünyası onun müəllimi Platona Əflatun, özünə isə Ərəstun adını verərək özününküləşdirməyə çalışıb. Amma əfsuslar olsun ki, Aristotel öz müəllimi Platonla birlikdə çox-çox sonralar yaranmış İslamın yaradılışı ilə bağlı iddialarına ilk zərbə vuran dahilərdirlər.

Aristotel fizikadan biologiyaya, fəlsəfədən məntiqə, zoologiyadan siyasətə qədər müxtəlif sahələrdə əsərlər yaratmış dahilərdəndir. Həm də fateh Makedoniyalı İsgəndərin müəllimidir.

O, 17 yaşında məşhur mütəfəkkir və tarixçi Platonun akademiyasında oxumaq üçün Afinaya gedib. Rəvayətə görə, özünün tibbi biliyi sayəsində yolda bir varlı adamı yoluxucu xəstəlikdən xilas edib. Platonun məktəbində təhsil alan gənc oğlana iki ildən sonra ritorikadan mühazirə oxumaq etibar edilib. Aristotel reallığı dərk etməyə çalışıb. Hətta onun dilindən belə bir deyim də var: "Platon mənim dostumdur, amma həqiqət daha vacibdir".

Deyilənlərə görə, Aristotel qısaboylu, kiçikgözlü adam olmuş, iki dəfə evlənmiş, iki uşağı (qız, oğlan) olmuşdur.

Eramızdan əvvəl 342-ci ildən Aristotel 13 yaşlı çar oğlunun, tarixə Makedoniyalı İsgəndər kimi düşmüş şəxsin tərbiyəçisi və müəllimi olub. Lakin Makedoniyalı İsgəndər taxt-taca sahib olandan sonra onun yürüş salnaməsini yazmaqdan imtina edib. Müəllimliyə üstünlük verən Aristotel Afinaya qayıdaraq öz məktəbinin əsasını qoyub. Onun məktəbi Apollon Likey məbədinin yaxınlığında yerləşdiyindən məktəbə Likey adı verilib. Aristotel fəlsəfə, ritorika, məntiqdən dərs deyərkən ənənəvi mühazirə oxumaqdan imtina edib. O, dərsi söhbət və diskussiya şəraitində, gənclərlə birgə gəzərək onlara öyrədib. Aristotelin məktəbində fəlsəfədən başqa, fizika, tarix, coğrafiya, astronomiya elmləri də öyrədilib. O, şagirdlərinə məsləhət görürdü ki, müvəffəqiyyət qazanmaq üçün qabaqdakıları ötüb keçmək lazımdır, arxadakıları isə gözləmək olmaz.

Makedoniyalı İsgəndərin ölümündən sonra isə dinə qarşı cinayətdə təqsirləndirilən Aristotel təqibdən qurtulmaq üçün Evbey adasına qaçmış və eramızdan əvvəl 322-ci ildə orada mədə xəstəliyindən vəfat etmişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".