DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

 

ABŞ İSRAİLİN YENİ HÖKUMƏTİ İLƏ İRANIN TƏHDİDLƏRİNƏ QARŞI BİRGƏ İŞLƏYƏCƏK

ABŞ Administrasiyası İrandan gələn təhdidləri aradan qaldırmaq üçün İsrailin yeni hökuməti ilə işləməyə hazırdır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Baydenin Ağ Evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında qeyd olunur.

“Mən Benyamin Netanyahu ilə İsrailin və Yaxın Şərqin üzləşdiyi bir çox çağırışlara, o cümlədən İrandan gələn təhlükəyə birgə cavab vermək üçün işləməyi səbirsizliklə gözləyirəm”, - deyə Cozef Bayden vurğulayıb.

Eyni zamanda, Cozef Baydenin sözlərinə görə, Vaşinqton Yaxın Şərqdə inteqrasiya, rifah və təhlükəsizliyi təmin etməyə çalışır.

Məlumat üçün qeyd edək ki, İsrail parlamenti dekabrın 29-da “Likud” partiyasının lideri Benyamin Netanyahunun seçkilərdən sonra qurduğu hökumətə etimad göstərib. Siyasətçi artıq yeni baş nazir kimi and içib.

 

HULUSİ AKAR: TÜRKİYƏ, RUSİYA VƏ SURİYA LİDERLƏRİNIN GÖRÜŞÜ MÜMKÜNDÜR

Türkiyə, Rusiya və Suriya liderləri arasında görüş keçirilə bilər. “Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar “NTV” telekanalına müsahibəsində bəyan edib.

Bununla yanaşı, nazir bildirib ki, lazımi şərait yaradılarsa, belə bir görüş baş tuta bilər. “Əvvəlcə kəşfiyyat orqanlarımız arasında bəzi müzakirələr oldu. Sonra biz nazirlər olarq görüşdük. Moskvadakı görüşdə həm Rusiya, həm də Suriya tərəfinə narahatlıqlarımızı çatdırdıq”, - deyə Hulusi Akar vurğulayıb.

Hulusi Akar qeyd edib ki, Moskvada baş tutan görüşdə Türkiyənin yeganə məqsədinin terrorla mübarizə olduğu tərəflərin diqqətinə çatdırılıb. “Bizim hansısa etnik, dini qrupla problemimiz yoxdur”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdə olub. Həmin gün H.Akar, H.Fidan, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.

 

BELARUS MÜDAFİƏ NAZİRLİYİ: UKRAYNA RAKETİNİN DÜŞMƏSİ TƏXRİBAT OLA BİLƏR

Belarus ərazisinə Ukrayna raketinin düşməsi ilə bağlı rəsmi Kiyevin qəsdən təxribat törətməsi versiyası istisna edilmir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Belarus Silahlı Qüvvələrinin zenit-raket qoşunlarının rəhbəri polkovnik Kirill Kazantsev bildirib.

“Bu insidentlə bağlı suallar var. Biz iki versiyanı nəzərdən keçiririk: birincisi ekipajın aşağı səviyyədə hazırlığı və nasazlıq səbəbindən zenit idarəolunan raketin buraxılmasıdır. Digər ehtimal isə Ukrayna silahlı qüvvələrinin qəsdən törətdiyi təxribat olmasıdır”, - deyə Kirill Kazantsev Müdafiə Nazirliyinin “Telegram” kanalında yayımlanan video şərhində vurğulayıb.

Eyni zamanda, polkovnik qeyd edib ki, insident zamanı Belarus hava hücumundan müdafiə qüvvələrinin döyüş ekipajları hava hədəfi aşkar edildikdə təlimata uyğun fəaliyyət göstəriblər.

Xatırladaq ki, dekabrın 29-da Belarus Müdafiə Nazirliyi respublikanın hava hücumundan müdafiə qüvvələrinin hissələri Brest vilayətinə düşən raketi vurduğunu açıqlayıb. Onun Ukrayna ərazisindən atılan “S-300”  raketi olduğu üzə çıxıb.

 

PESKOV: PREZİDENTİN SAĞLAMLIĞI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİDİR

Rusiya prezidenti Vladimir Putinin epidemioloji səbəblər nəzərə alındığına görə jurnalistlərlə görüşü pandemiyadan əvvəlki kimi olmayacaq. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Düzünü desəm, çətin ki, pandemiyadan əvvəlki kimi tam eyni olacaq, gizlədəcək heç nə yoxdur. Görürsünüz ki, mutasiya prosesləri gedir və epidemioloji qrip dalğalarının necə güclü olduğunu müşahidə edirik”, - deyə Dmitri Peskov prezident Vladimir Putinin jurnalistlərlə görüşünün pandemiyadan əvvəlki kimi keçirilməsi üçün hansı şəraitdə olmalıdır sualına cavabında bildirib.

Eyni zamanda, Kreml sözçüsü vurğulayıb ki, pandemiyanın nəticələrini nəzərə alaraq, bütün bunlar prezidentin təhlükəsizliyinə və sağlamlığına cavabdeh olan şəxsləri ehtiyat tədbirləri görməyə məcbur edir. Onun sözlərinə görə, belə şəraitdə ölkə prezidentinin sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir.

“Ona görə də görüşün tezliklə əvvəlki kimi olacağını gözləmək düzgün olmazdı. Lakin yoluxma dalğaları azalaraq ən aşağı nöqtəyə çatdıqca, təbii ki, jurnalistlərlə daha çox ünsiyyət qurmaq mümkün olacaq”, - deyə Dmitri Peskov əlavə edib.

 

İRAN MƏRKƏZİ BANKININ RƏHBƏRİ VƏZİFƏSİNDƏN İSTEFA VERİB

İran Mərkəzi Bankının direktoru Əli Salehabadi tutduğu vəzifədən istefa verib. “Report”un “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb. Açıqlamaya əsasən, maliyyə qurumunun idarə heyəti Əli Salehabadinin istefasını qəbul edib və Məhəmmədrza Fərzini yeni rəhbər seçilib.

Bununla yanaşı, mətbuat xidməti Əli Salehabadinin istefasına əsas səbəb olaraq İran milli valyutasının sürətlə ucuzlaşması göstərilib. Qeyd edək ki, hazırda 1 ABŞ dolları 43 min tümənə mübadilə edilir.

Məlumata əsasən, Məhəmmədrza Fərzini 2021-ci ildən Mərkəzi Bankda işləyir. O, 2019-2021-ci illərdə Sahibkarlar Bankının baş direktoru və bankın direktorlar şurasının sədri olub.

Xatırladaq ki, son günlər İranda üç əyalətin - Sistan-Bəlucistan, Kerman və Xuzistanın icra hakimiyyəti başçıları, yol, nəqliyyat və şəhərsalma naziri tutduqları vəzifədən azad edilib. Həmin əyalətlərə İran İnqilab Keşikçiləri Qvardiyasının komandirləri rəhbər təyin olunublar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.