Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə mühüm miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan vətəndaş cəmiyyəti və qanun qarşısında bərabərlik anlayışının müəllifi filosof Tomas Hobbsu  oxuculara təqdim edirik.

“Respublika”.

 

Filosof Tomas Hobbs (Vətəndaş cəmiyyəti və qanun qarşısında bərabərlik  anlayışının müəllifi)

Öz fəlsəfi baxışları, ideyaları ilə bəşəriyyətin təkamül prosesində və dünya düzəninin dəyişməsində müstəsna rol oynayan şəxsiyyətlərdən biri də XVII əsrdə yaşamış, böyük ingilis filosofu Tomas Hobbsdur. Fəlsəfə tarixində böyük məktəb yaratmış, düşüncələri ilə tarixin gedişatına təsir edən bu filosof müasir elmdə ilk dəfə olaraq "vətəndaş cəmiyyəti" və qanun qarşısında hər kəsin bərabərliyi ideyasını irəli sürmüşdür.

Filosof Tomas Hobbs təkcə İngiltərənin deyil, bütün dünya tarixində böyük bir sıçrayışın ilk addımını atan mütəfəkkir və siyasətçilərdəndir. Yaşadığı dövrdə İngiltərədəki böyük böhranlar və vətəndaş müharibəsi demək olar ki, onu bütün bəşəriyyət tarixini dəyişdirəcək ideyalar yaratmağa sövq etmişdir. Yaşadığı dövrün fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri olan Benedikt Spinozanın dünyəvi ideyalarından ilhamlanan Hobbs müasir demokratik dövlətlərin yaranmasında böyük rol oynamışdır.

XVII əsrdə İngiltərədə baş verən dramatik hadisələrin fəal iştirakçılarından olan filosof, monarxist olduğu üçün parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət etmiş, orada gənc II Karlın (edam edilmiş I Karlın oğlu) tərbiyəçisi olmuşdur. 1651-ci ildə isə o, vətənə qayıtmış və Kromvelin respublikaçı hökuməti ilə barışmışdır.

Hobbs özünün başlıca əsərlərində ("Fəlsəfənin əsasları", "Leviafan", "Begemot") ictimai müqavilənin yeni nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyə isə onun rədd etdiyi İngiltərə inqilabı hadisələrinin təhlili nəticəsində meydana gəlmişdir. Hobbsun həll etməyə çalışdığı başlıca məsələ vətəndaş iğtişaşlarının səbəbini araşdırmaq və onların qarşısının alınmasından ibarət idi.

Hobbsun ideyalarını həm mütləqiyyətin, həm də demokratiyanın xeyrinə olan ideyalar kimi şərh etmək olar. Məsələn, Hobbsun nəzəriyyəsinin belə bir müddəası var ki, bu da monarxistlər partiyasının qəzəbinə səbəb olmuşdur: "Dövlət vətəndaşların könüllü razılığı ilə yaradılır və hökmdar vətəndaşların təhlükəsizliyini təmin edə bilmirsə, hakimiyyətdən salına, kənarlaşdırıla bilər".

Hobbsun sosial müqaviləsi (dövlətin mənşəyi haqqında əsas nəzəriyyələrdən biri. Bu nəzəriyyəyə görə, insanların ümumi asayiş və rifah naminə öz azadlıqlarının bir hissəsini "ümumi iradə"yə - dövlətə güzəştə getməyə razılaşmaları nəticəsində dövlət meydana çıxmışdır) ədalətli ictimai quruluşa dair antik və orta əsr baxışları ilə müqayisədə irəliyə doğru atılan böyük bir addım olmaqla liberalizm nəzəriyyəsinin də inkişafına təkan vermişdir.

Onun dövlət problemlərinə həsr olunmuş "Leviafan" (Leviathan), yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti əsəri isə siyasət, dövlət və hüquq fəlsəfəsinin təməl mətnlərindəndir. Kitabın adı İncildə adı çəkilən Leviafan adlı dəniz əjdahasından ilhamlanaraq qoyulmuşdur. 1651-ci ildə çap olunmuş əsərdə cəmiyyətin strukturu və qanuni hökumətdən bəhs olunur. Əsər sosial müqavilə nəzəriyyəsinin ən erkən və təsirli nümunələrindən biri hesab edilir. İngiltərə burjua inqilabı (1642-1651) zamanı yazılmış bu əsərdə sosial müqavilə və mütləq suverenitet qurulmasının vacibliyindən söhbət gedir.

Hobbs yazırdı ki, vətəndaş müharibəsi, insanların bir-birinə qarşı qəddarlığının qarşısı ancaq güclü, bölünməz hökumətin yaranmasıyla alına bilər. O, "Leviafan" əsərində insanların hüquq bərabərliyi və azadlığı haqqında qeyd edir: "İnsan yaranışdan bərabərdir. Təbiət insanları fiziki və əqli qabiliyyət baxımından bərabər yaratmışdır".

Hobbsa görə, insanlıq dövrü iki mərhələdən keçmişdir: cəmiyyətə qədərki dövr (təbiət vəziyyəti), yəni hamının hamıya qarşı mübarizə apardığı dövr (bellum omnium contra omnes) və cəmiyyət dövrü. İnsanlar cəmiyyətə qədərki dövrdə təbiətdə istədikləri kimi azad bir şəkildə yaşayırdı. Bu dövrdə hüquq (dövlət) yox idi. İnsanlar azad, azad iradəyə sahib idilər. İnsanlar bir-birinə inanmırdılar və gücə sahib olmaq istəyi ilə mənfəət duyğusu cəmiyyətə qədərki dövrdə insan həyatının məqsədi idi. Hobbsa görə, cəmiyyətə qədərki dövrdə hüquq olmadığından, haqsızlıq da yox idi və hər şey təbiətin qanunlarına uyğun olaraq davam edirdi. Və ən əsası: həyatda qalmaq üçün güclü zəifi məhv edirdi. İnsan həyatı qısa idi. Lakin zaman keçdikcə ağıl insanı bu vəziyyətdən qurtulmağa sövq etdi. İnsana sülh və özünü qorumaq lazım oldu. Hüquq ağlın məntiqi nəticəsi olduğuna görə, yeni yaradılan qurum olan dövlət hüquq vasitəsilə bunları insanlar üçün təmin etməli idi. Hobbsun fikrincə, insanlar ictimai (sosial) müqavilə bağlayaraq daha çox həyat sürmək və sülh içində yaşamaq üçün sahib olduqları azadlıqların bir hissəsindən dövlətin xeyrinə vaz keçdilər. İnsanlar sosiallaşdılar. Sosiallaşma azadlığın itirilməsinin nəticəsində ortaya çıxdı. Və bununla da dövlət yarandı.

Hobbsa görə, insan anadan "təbii hüquqları" (Riglıts of Nature) - tələbatlarının ödənilməsi haqları ilə doğulur. Onlara yaşamaq, başlıca həyat tələbatları, düşmən təcavüzündən qorunmaq haqları daxildir. Təbii haqlar vəhşi, cəmiyyətə qədərki tarixi dövr insanlarını səciyyələndirir, burada hələ nə qanun, nə də mülkiyyət var.

Hobbsun hər şeyə qadir olan dövləti Leviafanla - azman və hər şeyə qadir. O, dövləti Bibliya əjdahası ilə eyniləşdirir. Dövlət tam suverenliyə - vətəndaşlar üzərində tam hakimiyyətə malikdir. Suveren qanuna tabe deyil, o, qanunları özü yaradır. Suveren yalnız Allah qarşısında məsuldur. Parlament də, aristokratiya da suveren rolunu oynaya bilər, lakin kral olsa, daha yaxşı olardı.

T.Hobbs qeyd edir ki, ölməz Allahın dərgahı altında öz dincliyimizə və müdafiəmizə görə borclu olduğumuz ulu Leviafanın, daha ehtiramla desək, fani Allahın doğuluşu belə baş verir. Çünki dövlət daxilində hər bir ayrıca insanın ona verdiyi səlahiyyətlər sayəsində cəmlənmiş elə böyük güc və hakimiyyət qazanır ki, onun doğurduğu qorxu insanlar yığıncağını, bütün insanların iradəsini daxili barışığa və xarici düşmənlərin əleyhinə qarşılıqlı köməyə yönəltməyə qadir edir.

T.Hobbs yazır: "1. Sülhü axtarmaq və ona riayət etmək gərəkdir. Amma özünü də bütün mümkün vasitələrlə müdafiə etməyə hazır olmalısan. 2. Başqa adamların razılığı olarsa. Sülh və özünümüdafiənin maraqları üçün zəruri ölçüdə bütün şeylərə olan hüquqdan imtina etmək, başqa adamlara və özünə qarşı münasibətdə yol verdiyi qədər azadlığın dərəcəsi ilə qənaətlənmək lazımdır. 3. Adamlar bağladıqları müqavilələri yerinə yetirməlidir. 4. Hər bir adam başqalarına uyğunlaşmağı bacarmalıdır. 5. Gələcəyə münasibətdə təminatın mövcudluğu zamanı peşmanlıq hissi keçirən və barışmağı arzulayan hər bir şəxs insanlara qarşı olan keçmiş incikliklərini bağışlamalıdır. 6. Qisas alarkən (yəni pisliyə pisliklə cavab verərkən) törədilmiş pisliyin ölçüsü yox, qisasdan sonra yaranacaq xeyirin ölçüsü nəzərə alınmalıdır. 7. Heç bir adam başqasına ədavət və nifrətini iş, söz, mimika və ya jestlə bildirməməlidir. 8. Hər bir adam başqalarını özünə əzəldən bərabər hesab etməlidir".

Maarifçi, filosof həmçinin qeyd edir ki, həqiqətən də təbii qanunlar (ədalət, qərəzsizlik, təvazökarlıq, rəhmdillik) insanları özü-özlüyündə qərəzli münasibətə, lovğalığa, qisas almağa və s. sürükləyən təbii ehtiraslara ziddir. Əldə qılınc olmadıqca hər hansı bir saziş insanı qoruya bilməyəcək quruca sözlərdir. Məhz buna görə də təbii qanunların olmasına baxmayaraq (o qanunlar ki, insan istədikdə onlara, özünə heç bir təhlükə yaranmadıqda əməl edir), hakimiyyət qurulmadıqda, yaxud insanların təhlükəsizliyini təmin etmək üçün kifayət qədər güclü dövlət olmadıqda hər bir fərd öz təhlükəsizliyini başqalarından qorumaq üçün öz fiziki gücündən və çevikliyindən istifadə edəcəkdir, yaxud o, tam qanuni şəkildə bunlardan istifadə edə bilər...

Hobbsun fikrincə, qarşılıqlı inamsızlıqdan müharibə törəyir. Bu qarşılıqlı inamsızlıq üzündən insan üçün öz həyatının təhlükəsizliyini təmin etməyin ən ağıllı üsulu ehtiyat tədbirləri görmək, yəni gücün, yaxud hiylənin köməyi ilə bacara bildiklərinin hamısını etməkdir.

Filosof insan təbiətində müharibənin üç əsas səbəbini belə izah edir: birincisi rəqabət; ikincisi inamsızlıq, üçüncüsü isə şöhrət yanğısı. Birinci səbəb insanları qazanc, ikinci səbəb şəxsi təhlükəsizliyi təmin etmək məqsədilə, üçüncü səbəb isə şərəf mülahizələri üzündən bir-birlərinə hücum etməyə sövq edir...

Bu gün Tomas Hobbsun dövlət, hüquq, siyasətlə bağlı nəzəriyyələri, o cümlədən "vətəndaş cəmiyyəti daxilində heç bir insan həmin cəmiyyətin qanunlarından istisna edilə biməz" kimi bir çox fikirləri hələ də öz aktuallığını qoruyub saxlamaqdadır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".