İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Ötən il güləşçilərimiz üçün uğurlu olub

2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər məhsuldar olub. Milli komandalarımız ötən il bütün yaş qrupları üzrə Avropa çempionatlarında 39 qızıl, 22 gümüş, 33 bürünc medal qazanıblar. Ümumilikdə güləşçilərimiz qitə birinciliklərində 94 dəfə fəxri kürsüyə qalxıblar. Dünya çempionatlarında 16 qızıl, 13 gümüş və 18 bürünc medal əldə olunub. 2022-ci ildə keçirilən mundiallarda ölkəmiz adına 47 medal yazdırıb. Bundan başqa, yunan-Roma güləşi üzrə millimiz dünya kuboku yarışında gümüş medalın sahibi olub. Digər önəmli hadisə isə Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları idi. Güləşçilərimiz 23 (8 qızıl, 8 gümüş, 7 bürünc) medal əldə etdilər. İl ərzində baş tutan digər beynəlxalq yarışlarda 36 qızıl, 31 gümüş və 50 bürünc medal qazanılıb.

Beləliklə, güləşçilərimiz 2022-ci ili ümumilikdə 282 medalla başa vurublar. 99 idmançımız baş mükafata yiyələnib. Bundan başqa, 75 gümüş və 108 bürünc medal əldə edilib.

 

Azərbaycanlı voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov yeni ildə ilk beynəlxalq təyinatını alıb. O, Türkiyədə qadın voleybolçulardan ibarət "Fənərbağça" və Almaniyanın "Ştutqart" komandaları arasında Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununu idarə edəcək. Qarşılaşma yanvarın 18-də keçiriləcək.

 

 

Şahmatçımız festivalın qalibidir

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. Yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib. İlin sonuncu şahmat yarışında Azərbaycanı təmsil edən Read Səmədov turnirin sonuncu turunda Almaniya şahmatçısı ilə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub.

 

 

Bakıda U-19-un təlim-məşq toplanışı başlayıb

Bu gün Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Yanvarın 15-dək davam edəcək hazırlıq prosesində Rəvan Hüseynov, Sunay Həsənov, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Kərim Babayev, Qüdrət Qasımzadə, Şahbaz Həndəmli, Əhməd İsmayılov, Nüsrət Fərzəli, Elşən Mahmudov, Rasim Mikayılov, Sadiq Əlizadə, Raul Məmmədov, Əli Quliyev, Səid Mirzəli, İlham Alıyev və Nihad Cəfərli iştirak edirlər.

Nərgiz İSMAYILOVA,

"Respublika".