DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏDƏ BEYNƏLXALQ QAZ KONFRANSI KEÇİRİLƏCƏK

Bu il fevral ayında Türkiyənin İstanbul şəhərində beynəlxalq qaz konfransı keçiriləcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz bildirib.

Məlumata əsasən, nazir Avropaya qaz tədarükçüləri və istehlakçıların iştirakı ilə fevral ayında İstanbulda beynəlxalq konfrans keçirməyi planlaşdırdığını təsdiqləyib.

Eyni zamanda, Türkiyənin energetika naziri qeyd edib ki, qarşıdakı görüşdə Avropaya təbii qazın nəqli üçün Türkiyə ərazisində enerji mərkəzinin yaradılması məsələsinin müzakirəsi planlaşdırılır.

Fatih Dönməz həmçinin qeyd edib ki, Türkiyə enerji mərkəzi daxilində bağlanacaq əməliyyatlara hər hansı məhdudiyyət və ya nəzarət tətbiq etmək niyyətində deyil.

 

İSRAİL VƏ ABŞ ARASINDA İRANIN TƏHDIDLƏRI ILƏ BAĞLI MÜZAKİRƏLƏR APARILIB

İsrailin yeni hökumətdəki müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışığı zamanı bir sıra məsələlərlə yanaşı, İranın təhdidlərini də müzakirə edib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, Yoav Qalant bildirib ki, Pentaqon rəhbəri ilə İsraillə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edib. Müdafiə naziri ABŞ administrasiyasına və Pentaqonun rəhbərinə İsrailin təhlükəsizliyinə sadiqliklərinə görə təşəkkürünü bildirib.

“Mən Pentaqon rəhbəri ilə İranın nüvə ambisiyalarını və regional təhdidləri ehtiva edən çoxşaxəli təhlükəsindən başlayaraq ən yüksək strateji prioritetlərimizin qiymətləndirilməsini bölüşdüm. Regional və qlobal çağırışlarla üzləşməyə hazırlaşarkən əməkdaşlığımız həmişəkindən daha güclü olmalıdır”, - deyə Yoav Qalant müzakirələrlə bağlı özünün “Twitter” hesabında qeyd edib.

Məlumat üçün qeyd edək ki, İsraildə 2022-ci il dekabrın sonunda Benyamin Netanyahunun başçılıq etdiyi yeni hökumətin parlament qarşısında andiçmə mərasimi keçirilib.

 

ALMANİYA POLŞA İLƏ TƏZMİNAT DANIŞIĞINDAN İMTİNA EDİB

Polşanın Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya hökuməti İkinci Dünya müharibəsi zamanı bu ölkəyə vurduğu ziyana görə rəsmi Varşava ilə danışıqlar aparmaqdan imtina edən diplomatik nota verib. “Report” agentliyinin verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Nazirliyi Polşanın göndərdiyi notaya cavab verib. Bildirilir ki, Varşava sənədi yanvarın 3-də alıb.

Məlumata əsasən, Polşa Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib ki, Almaniya tərəfinin cavabı təzminat məsələsinin bağlandığını və rəsmi Berlinin bu barədə danışıqlar aparmaq niyyətində olmadığını göstərir. Lakin rəsmi Varşava problemin həlli üçün səyləri davam etdirəcəyinə söz verib.

Xatırladaq ki, faşist Almaniyası İkinci Dünya müharibəsində Polşaya külli miqdarda ziyan vurub, həmçinin müharibə zamanı bu ölkənin 6 milyon nəfərdən çox sakini həlak olub. Ölənlərin böyük əksəriyyəti mülki şəxslərdir.

 

BÖYÜK BRİTANİYADA ÖTƏN İL TARİXİN ƏN İSTİ İLİ KIMI QEYDƏ ALINIB

2022-ci il Böyük Britaniyada ilk dəfə olaraq orta illik temperaturun 10 dərəcə Selsidən çox olduğu rekordların ən isti ili kimi təsvir edilib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniyanın Meteorologiya Xidmətinin dərc etdiyi araşdırmada qeyd olunur.

Verilən xəbərə görə, əgər antropogen amilin iqlimə təsir faktoru aradan qaldırılsa, belə isti illər 500 ildən çox olmayaraq, indiki iqlim şəraitində üç-dörd ildən bir baş verə bilər. Meteoroloji xidmət qeyd edib ki, ən isti 10 il 1884-cü ildən, Böyük Britaniyada orta illik temperaturun izlənməyə başladığı 2003-2022-ci illər arasında olub.

Məlumata əsasən, ötən ilin iyun və iyul aylarında Böyük Britaniya və bir çox digər Avropa ölkələrində anomal isti hava müşahidə olunub. İyulun 19-da Böyük Britaniyada temperatur üç dəfə bütün zamanların ən yüksək həddinə çatıb. Kembricdə 2019-cu ildə qoyulmuş 38,7 dərəcə ilə əvvəlki rekord 1,6 dərəcə yeniləndi. Əvvəlcə Çarlvud kəndində temperatur 39,1 dərəcəyə çatdı, sonra London Hitrou hava limanında hava 40,2 dərəcəyə qədər isindi, daha sonra Koninqsbidə 40,3 dərəcə isti qeydə alındı.

 

RUSİYA, TÜRKİYƏ VƏ SURİYA XİN BAŞÇILARININ TEZLİKLƏ GÖRÜŞÜ GÖZLƏNILIR

Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin görüşü yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində baş tuta bilər. “Report” agentliyinin xəbərinə görə, bu barədə “RT Arabic” telekanalı Türkiyə mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Suriya prezidenti Bəşər Əsəd yanvarın 4-də Dəməşqdə BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zeyd Əl-Nəhyan ilə görüş keçirib. Belə ki, onun başçılıq etdiyi Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Suriyada səfərdə olub.

Qeyd edilir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Ankaranın Dəməşqə iki ölkənin xarici işlər nazirlərinin yanvarın ikinci yarısında görüşünü təklif etdiyini bildirmişdi. O, danışıqların üçüncü ölkədə baş tuta biləcəyini vurğulamışdı.

 

QAZAXISTANDA 2022-CI IL YANVAR İĞTİŞAŞLARININ TƏFƏRRÜATLARI AÇIQLANIB

Qazaxıstanda 2022-ci ilin yanvarında dövlət çevrilişinə cəhdin iştirakçılarının hazırlanması 2021-ci ildə həyata keçirilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Qazaxıstanın baş prokuroru Berik Asılov bildirib.

Məlumata əsasən, parlamentin iclasında çıxış edən Berik Asılov qeyd edib ki, idarə olunan xaos şəraitində ölkənin ali rəhbərliyinin devrilməsi əməliyyatının diqqətlə planlaşdırıldığını, əslində bunun bir çevriliş cəhdi olduğunu iddia etmək olar.

“Konkret təfərrüatları səsləndirməyə hüququm yoxdur. Sadəcə onu deyə bilərəm ki, 2021-ci il ərzində cinayətkarlar gizli şəkildə radikal fəaliyyətlər icra etməyə hazırlaşırdılar. Hadisəni törədənlər arasında mütəşəkkil cinayətkar qruplar da var idi. Onlar adamları toplayır, silahlandırır, ratsiya və nəqliyyat vasitələri alırdılar”, - deyə baş prokuror bildirib.

Berik Asılovun sözlərinə görə, istintaq müəyyən edib ki, bu təxribat işlərinin başında müəyyən təhlükəsizlik qüvvələri dayanıb. O, dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Komitəsinin rəhbərlərinə qarşı cinayət işinin “tam məxfi” maddəsi ilə araşdırıldığını da qeyd edib.

 

NİDERLANDDA ÖLƏNLƏRİN SAYI DOĞULANLARIN SAYINI ÜSTƏLƏYIB

Niderlandda 2021-ci ildə 168 min uşaq doğulub, 169 min insan isə dünyasını dəyişib. Beləliklə, krallıqda ölənlərin sayı 1900-cü ildən bəri ilk dəfə doğulanların sayını üstələyib. “Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika İdarəsinin saytında bildirilir.

Məlumata əsasən, ehtimal olunur ki, bu, ölkədə yaşayan vətəndaşların bir çoxunun koronavirus infeksiyası səbəbindən dünyasını dəyişməsi ilə bağlı ola bilər.

Buna baxmayaraq, ekspertlər xəbərdarlıq edirlər ki, ölkədə doğum səviyyəsi uzun illərdir ki, azalır, ölüm isə tam əksinədir.

Eyni zamanda, Niderlandın əhalisi artmaqda davam edir, buna isə ən çox miqrasiya təsir göstərir. İndi krallıqda 17,8 milyon insan yaşayır. Ötən il ölkə əhalisinin sayı 227 min nəfər artıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.