GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

SƏİD QARABULUD

1962-ci ildə Xoy şəhərində anadan olub. Doğma şəhərində orta təhsil aldıqdan sonra, 1981-ci ildə Təbrizdəki Şəhid Rəcai adına pedaqoji məktəbə daxil olub. 1990-cı ildə Tehran Universitetinin pedaqoji bölümünü bitirib. Elə həmin ildən də doktorluq dərəcəsi almaq üçün "Mücrəddin Beyləqaninin divanı və Azərbaycan ədəbi-ictimai durumu" adlı mövzu üzərində işləməyə başlayıb və müvəffəqiyyətlə başa çatdırıb.

S.Qarabulud universitetdə ali təhsilini fars dili və ədəbiyyatı üzrə alsa da, ədəbi yaradıcılığı başdan-başa türk ədəbiyyatı ilə bağlıdır. Elmi tədqiqatını türkdilli şairlərin yaradıcılığı üzərində aparan Səidin fars dilində araşdırmaları da Azərbaycan ədəbi məktəblərinə və Azərbaycan şairlərinə həsr olunmuşdur. Onun kürd dilini dərindən bilməsi bu dildə yaranmış ədəbiyyatı elmi tədqiqata cəlb etməsinə səbəb olmuş, kürd dilinin tanınmış şairlərindən Mamusta Heymən, Hənsar, Şirku Bikəs və başqalarının əsərlərini doğma türkcəyə çevirmiş, soydaşlarının bu ədəbiyyatı oxuyub bilmələri qayğısına qalmışdır. Səidin fars, kürd və türk dillərini gözəl bilməsi və bu dillərdə yaranmış ədəbiyyatı öyrənməsi onun dünyagörüşünü, ədəbi düşüncəsini daha da zənginləşdirmişdir.

 

Haray

Bir harayam, susdurulmuş boğazlardan haraylanıram,

Yağıyam, üsyanam, könüldən qalxıb yaylanıram.

Dənizlərdə dalğayam, könüllərdə çalğıyam,

Damcı qanam, danam, eldən doğulub, boylanıram.

Dustaqlardakı zəncirə, boyunlardakı kəndirə,

Kəskin bıçağam, sönməz ocağam, hey oylanıram.

 

Nigarançılıq

Arazın o tayından nigaran olmasaydım,

Yanağımdan qanlı yaş damlası yolmasaydım,

Yaşam karvanı ilə bulud tək dolmasaydım,

Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.

 

Dağında yağı olan Nəbilər olmasaydı,

Açmadan miməklərin bağında solmasaydı,

Analar torpaq üstə saçını yolmasaydı,

Ürəkdən yazmaq üçün qələmə ağlamazdım.

 

RUQƏYYƏ KƏBİRİ

1963-cü ildə Xoy şəhərində dünyaya gəlib. İbtidai və orta məktəbi doğulduğu şəhərdə bitirib. Təbriz Universitetinin tibb fakültəsində təhsil alıb. Ali təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirə bilməyib. Müəllifin bədii yazıları şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir.

Ədəbiyyat sahəsində şair Kiyan Xiyavla birlikdə yazdığı "Bir ocaqda iki kül topası" adlı şeir toplusu, "Bu qapı heç döyülməyəcək" və "İçimdəki qız" hekayələr kitabları ilə tanınıb.

Güneyin ən məhsuldar yazarlarındandır. Son illərdə "Quşlar daha qorxmurlar", "Evim" və "Yerdən uca torpaq" romanları və "Dünya qabar çalıb, yoldaş!" hekayə kitabları, eləcə də Çin səfərindən bəhs edən "Saçaqdan asılmış əjdaha" adlı səfərnaməsi işıq üzü görüb. Rejissor Qadir Fərivərin onun "Qar yağır" adlı hekayəsi əsasında "Qartal" adlı film çəkib. Bakıda 2012-ci ildə Azadlıq radiosu tərəfindən keçirilən hekayə və şeir müsabiqəsində "Mavayl" adlı hekayəsi 180 əsərin içindən seçilərək birinci yerə layiq görülüb.

2016-cı ildə isə "Varlıq" dərgisinin keçirdiyi hekayə müsabiqəsində "Məni Aqorada yandırın" hekayəsi üçüncü yerə layiq görülüb.

 

Gözümün quraqlığı

Gözəlim Bakı!

Səndən aldığım ödülə deyil,

kirpiklərimin arxasında

gözlərimə toxunmadan

bəbəklərimə baxdın deyə,

duyğulanıram.

Dənizə bağışladığın nəfəsin

Toxunsaydı nəfəsimə,

Xəzər dalğalanardı tənimdə...

Gözəlim Bakı!

Əllərimdən tutmasan belə, utancaq gözlərim

sığındı sənin baxışlarının kölgəsinə.

Səssiz-səmirsiz sənə tutunan duyğularımı

ovcumda tuturam yaralanmış incəcik ruhumu.

Göyərçinlər qanadlanır

Təbrizin havasında, gözəlim Bakı...

 

BEHBUD MURADİ

1964-cü ildə Xalxal şəhərində anadan olub. 1978-ci ildə ailəsilə Ənzəli şəhərinə köçüb və indiyədək də bu şəhərdə yaşayır. Gənclik çağından oxuyub, yazıb, çalışıb, döyüşüb. Amma yenilməyib, özünün və xalqının haqqı üstə dayanıb. Ənzəlidə, Xalxalda, Ərdəbildə, Təbrizdə və Güneyin hər bir yerində şeir, sənət, musiqi dərnəklərində və dərgilərində çalışıb. 15 musiqi dərnəyi qurub və 5 cild kitab müəllifidir. Türkcə-farsca ikidilli dərgilərin redaktoru olub. Bu ürəkli və dərindüşüncəli şair özünün və ailəsinin çörəyini qazanır. Öz qollarının və alın tərinin çörəyini yeyir və kimsəyə əl açmır.

 

İçərişəhər

Canımda ağrı var hicran qəmindən,

Zamanın xalqıma acı sərindən,

Neçə kəlmə deyim söz aləmindən,

Bəlkə də səsimi eşitsin Xəzər,

Səni deyib gəldim, İçərişəhər.

 

Sevgi, məhəbbətim uzaq qaçmasın,

Ah nədir, qəminə şölə saçmasın,

Qardaş qardaşına qapı açmasın,

Ortada məhəbbət itər, incələr,

Səni deyib gəldim, İçərişəhər.

 

Dilimdə oğuzum, cığıtayım var,

Yürüşdə harayım, dolu hayım var,

Saram var, selim var, axar çayım var,

Xan Çoban çağırar, sevgisi gələr,

Səni deyib gəldim, İçərişəhər.

 

Günəşlə doğulub, Günəşlə batdım,

Uğurla yaşayıb, uğurla yatdım,

Şərəf meydanında başın ucaltdım,

Məgər bundan artıq nə istər bəşər,

Səni deyib gəldim, İçərişəhər.

(davamı növbəti saylarımızda)

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.