Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Markiz de Sad

"Məni qəfəsə qapatmağı bacardınız. Amma məni ya öldürün, ya da olduğum kimi qəbul edin. Çünki onsuz da məni dəyişə bilməyəcəksiniz", - deyərdi Fransanın qalmaqallı yazıçısı və filosofu Markiz de Sad... Dünya ədəbiyyatının mübahisəli simalarından olan, sadizmin banisi kimi tarixə düşən bu yazıçı özünü əxlaqsız adlandırmaqdan da çəkinməyib: "Bəli mən əxlaqsızam, lakin cinayətkar və qatil deyiləm. İnsanlara verilən mükəmməl, sərhədsiz ehtiras duyğusunu tərənnüm edir, şəhvət düşkünlərini müdafiə edirəm. Əgər şəhvət əxlaqsızlıqdırsa o zaman mən ən böyük əxlaqsızam". Bəlkə də dünya ədəbiyyatı tarixində onun qədər "cəsarətli" yazar tapmaq çətindir desək yəqin ki, yanılmarıq...

Əslində Markiz de Sad tarixdə təsvir olunduğu kimi qaniçən olmayıb. Amma onun həyatında sadizm əlamətləri çox olub. Sevdiyi qadınları qamçı ilə döyən yazıçı elə bu qəddarlıqları ucbatından da demək olar ki, Fransanın bütün həbsxanaları və psixi xəstəxanalarının "qonağı" olub. 74 illik ömrünün təxminən 29 ilini həbsxanada, 13 ilini isə ağıl xəstəxanasında keçirib. Qalmaqallara səbəb olan romanlarını da məhz həmin məkanlarda yazması heç də qeyri-adi deyil. Qeyd edək ki, onun romanlarını yalnız 21 yaşdan sonra oxumaq məsləhətdir...

Uzun müddət əsərləri qadağan edilən və Fransada bütün külliyyatının çapına yalnız keçən əsrin 60-cı illərində icazə verilən Sadın şəxsiyyəti, konsepsiyası fransız intellektualları arasında uzun müddət müzakirə olunub.

Bütün dövrlərin ən çox təqib və təhqir olunan, müxtəlif siyasi rejimlərin həbsdə saxladığı yazıçı monarxiyaya qarşı ciddi mənada mübarizə aparan ilk inqilabçı demokratlardan olub. Əsərlərində Tanrıya qarşı üsyan edən De Sad bəşəriyyətin bütün bəlalarına görə onu günahkar hesab edib. Yazdığı bütün kitablarda azad hissləri, sərhədsiz ehtirası təbliğ edən yazıçı bununla insan duyğularının qanun və Tanrı qorxusu ilə məhdudlaşdırılmasını qəbul etməyib.

Yazıçı inanırdı ki, əsl cinayət təbiətin diktə etdiyi arzulara qarşı getməkdir. Onun fikrincə, din insanı əsarəti altına alır, buna görə də mövhumatı məhv etməli və insan öz təbiətinin vəhşi səsini, arzularını dinləməlidir. De Sad kilsəni riyakarlıqda günahlandırır və onun saxtalığını tənqid edirdi.

O, insan təbiətini, ondakı vəhşiliyi şər saymırdı, əxlaq, din, hüquqla sərhədlənməyən absolyut azadlığın tərəfdarı, ənənəvi əxlaq normalarının önə çıxmasına qarşı idi. Sad əsərlərində ikili həyat sürən insanları - maska taxaraq özünü əxlaqlı göstərən, başqalarını əxlaqsızlığa görə ittiham edənləri hədəfə alırdı. O, elədiyi əxlaqsızcasına cinayətlərə görə özünə haqq qazandırır və düşünürdü ki, Tanrı bizə bu təbiəti veribsə, onda biz ona əməl etməliyik...

 

Alessandro Volta

Məşhur italyan fiziki, kimyaçısı və fizioloqu Alessandro Volta... Elektrik enerjisinin ixtirasında payı olan alimlərdən biri də Voltadır. Elektrik batareyasının ixtirasına görə də borclu olduğumuz bu alim demək olar ki, bütün həyatını elektrik haqqında təlimin inkişafına sərf etmişdir.

Volta İtaliyanın Komo şəhərində varlı bir ailədə dünyaya gəlib. Ailədə 8 uşaqdan beşi keşiş olub. Valideynləri Voltanın hüquqşünas olmasını istəsələr də o, kiçik yaşlarından fizika və kimya sahəsinə maraq göstərib.

Voltanın ən böyük ixtirası 1800-cü ildə "Volt sütunu" olmuşdur. Bu, ilk işlək batareya idi. Bu sütun bir-birinin üzərinə yığılmış mis və sink lövhələrdən ibarət idi. Bu lövhələr duzlu suda isladılmış parça ilə bir-birindən ayrılmışdılar. İlk batareyanın ixtirası ona elektrik cərəyanının maqnetik xassələrini və elektrikin kimyada tətbiqini araşdırmağa şərait yaradır. Məhz bu səbəblərdən də Napoleon İtaliyanı zəbt edtikdən sonra Volta Senator vəzifəsi verir, daha sonralar isə hətta onu Qraf səviyyəsinə qədər qaldırır.

Volta qəribə təcrübələrin də müəllifidir. O, müxtəlif metaldan olan iki pulun birini dilinin üstünə, o birisini isə dilinin altına qoyur. Sonra məftillə pulları birləşdirəndə turş dad duyardı. Belə dada səbəb dildən keçən elektrik cərəyanı olduğunu bilirdi. Volta elektrikin dadını duyan ilk alimdir.

O, həssas vərəqli elektroskopu 1781-ci ildə ixtira edib, 1782-ci ildə isə elektroskopa kondensator birləşdirməklə öz cihazını təkmilləşdirib və ən kiçik gərginlikləri ölçməyə nail olub. Volta birinci olaraq başa düşdü ki, elektrometr cihazı ilə gərginliyi ölçmək olar. O, bir dəfə elektrometrləri elektriklənmiş cisimlərə birləşdirdikdə müxtəlif nəticə alındığını görür. Bunun səbəbini düşünərək elektrikə yeni elektrik tutumu anlayışını daxil edir. Gərginlik terminini də elmə ilk dəfə Volta gətirmişdir.

Volta qaz yanacağının tədqiqi ilə məşğul olub, metan qazını kəşf edib, xassəsini öyrənmiş, hidrogen lampası hazırlamış, fizika və kimya sahəsindəki böyük kəşflərə aid poema yazmışdır. O, London Kral cəmiyyətinin və Paris EA-nın üzvü olmuşdur.

Bir müğənni qadınla uzun müddət bir yerdə yaşayandan sonra Volta sonralar varlı ailədən olan Teresa Pereqrini ilə evlənib. Onların iki oğlu dünyaya gəlib. 82 yaşında dünyadan köçən Volta Komo şəhərində dəfn olunub. Vəfatından 70 il sonra isə onun şərəfinə elektrik gərginliyinin vahidi "Volt" qəbul edilib.

 

Mişel Fuko

Fransız filosofu, mədəniyyət nəzəriyyəçisi və tarixçisi Mişel Fuko... "Dəlilik və sivilizasiya", "Klassik dövrdə dəliliyin tarixi" kimi bir çox əsərləri ilə məşhurlaşan filosofun əslində özünün dəli olmadığını demək mümkün deyil... Lakin o, dəli deyildi - ən azından, tibbi anlamda. Bununla belə Fukonun dəliliyə münasibəti yalnız tədqiqat obyektinə olan münasibət deyil: dəliliyin tarixini yazmaqdan ötrü o, dəli olmalıydı - həm də özünəxas şəkildə...

Fransanın Puatye şəhərində orta səviyyəli bir ailədə dünyaya gələn Mişel Fukonun atası cərrah, anası isə cərrah qızı idi. Deyilənlərə görə, Fuko həyatda "qüsurlu" olduğuna görə onu təhqir edən atası ilə tez-tez problemli münasibət yaşayırmış. Hətta intihara cəhd edən filosof bir müddət psixiatriya xəstəxanasında da müalicə alıbmış. Atası onu Müqəddəs Anna xəstəxanasına psixiatrın yanına göndərmişdi - onun dəlilərə nəzarət eləyən müəssisə ilə tanışlığı belə baş tutmuşdu. Fuko ora təkcə pasiyent kimi yox, həm də psixopatologiya kursunun tələbəsi kimi getmişdi. Bu kursun dərslərinə mühazirələr, xəstələrin əyani nümayişi, həkimlərin izahı və xəstəxana ərazisi ilə tanışlıq daxil idi.

Həyatı və nəzəriyyəsi arasında heç bir fərq olmadığına inanan Mişel Fuko bir filosofun düşündüyü kimi, yaşamasının lazım olduğuna inanıb. Əslində, həyatı da bu inancın panoramasına çevrilib. Belə ki, "XX əsrin Marks"ı kimi xarakterizə edilən Fuko - miyop ( göz xəstəliyi), ağıllı, zorakılığa meyilli və cinsi azlığın nümayəndələrindən olub.

Atası məşhur cərrah olduğu üçün oğlunun onun yolunu davam etdirməsini istəyirdi. Lakin Fuko Paris həbsxanasının qapısında kriminalistika sənədlərini məhv etmək məqsədilə hazırlanmış çağırış vərəqələri payladığı üçün saxlanılmışdır. Daha sonralar isə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən tutulmuşdur. Belə bir məqamda qəşş edərək yıxılan Fuko xəstəxanaya yerləşdirilmişdi.

Filosof əslində dəfələrlə onu ruhi xəstə hesab etmələri üçün bir çox əsaslar vermişdi. Belə ki, bir dəfə onu auditoriyada döşəmədə uzanmış və sinəsi ülgüclə doğranmış vəziyyətdə tapmışdılar. Başqa bir gün Fuko bıçaqla tələbələrdən birini hədələmişdi; bir dəfə isə ondan hara getdiyini soruşan adama "mağazaya kəndir almağa gedirəm, özümü asmaq istəyirəm", - deyə sərt cavab vermişdi.

Ən maraqlısı isə onun ölümlə bağlı söylədiyi cəfəng fikirləridir. Belə ki, bir dəfə tiryəkin təsiri altında olan Fukonu yolu keçərkən maşın vurur. Kənara "uçan" filosofa elə gəlir ki, zaman dayandı, o özü isə bədənini tərk eləyir. Lakin o, ölmür və bu yol qəzası haqqında yarımistik, yarıeyforik təcrübə kimi danışmağa başlayır: "Bir dəfə məni maşın vurmuşdu. Mən yolu keçirdim. Təxminən, iki saniyə öldüyümü düşündüm. Bu son dərəcə doyulmaz bir həzz idi. Çox gözəl hava vardı. Axşam saat 7, yay fəsli idi. Gün batmağa hazırlaşırdı. Səma qeyri-adi dərəcədə gözəl idi... Bu mənim ən yaxşı xatirələrimdən biriydi və indi də elə qalmaqdadır". İnsan nə qədər dəli olmalıdır ki, bədbəxt bir hadisəni və ölümün gəlişini hiss etməsini həyatının ən möhtəşəm həzzi adlandırsın...

Fukonun dəlilikləri əslində saymaqla bitmir. Şəhərin ən hündür göydələnlərinin damını özünə məskən seçən filosof durbinlə çılpaq insanları seyr etməkdən və gecə əyləncələrindən də həzz alırmış. Zorakılıq və zövq düşkünü olan Fuko elə bu səbəbdən də 57 yaşında QİÇS-in səbəb olduğu ağır fəsadlar üzündən dünyasını dəyişmişdir...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".