DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ KRİSTERSSONLA UKRAYNANIN Aİ-YƏ DAXİL OLMASINI MÜZAKİRƏ EDİB

Ukrayna prezidenti Volodimir Zelenski İsveçin baş naziri Ulf Kristerssonla onlayn görüş keçirib. “Report” agentliyinin “RBK-Ukraina”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Bildirilir ki, liderlər cəbhə xəttindəki vəziyyəti və onun gərginləşmə risklərini, həmçinin Ukraynanın ordunu gücləndirmək üçün əsas ehtiyaclarını müzakirə ediblər.

Bununla yanaşı, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması və Aİ Şurasına sədrliyi zamanı İsveçin prioritetləri ətrafında fikir mübaidləsi aparılıb.

“Sizin sədrliyiniz altında Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlaya biləcəyimizə ümid edirik. Bu, ordumuz üçün güclü motivasiya və cəmiyyətimizin ümumi istəyidir. İnanırıq ki, bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq”, - deyə Ukrayna prezidenti vurğulayıb.

 

TÜRKİYƏ YUNANISTANIN TƏHVİL VERMƏKDƏN İMTİNA ETDİYİ TERRORÇUNU ZƏRƏSİZLƏŞDİRDİ

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Marksist-Leninçi Kommunist Partiyası (MLKP) terror təşkilatının Suriyadakı hərbi qanadının lideri “Ahmet Şorəş” ləqəbli Zəki Gürbüzü Haseke şəhərində zərərsizləşdirib.

“Teleqraf.com”un verdiyi xəbərə görə, ötən ilin aprel ayında Bursada icra məmurlarını daşıyan xidməti avtomobilə, avqust ayında isə hərbçilərə qarşı qanlı planların təşəbbüskarı və təşkilatçısı Zəki Gürbüz MİT-in zərərsizləşdiriləcək terrorçular siyahısının başında dayanırdı.

Məlumata əsasən, Zəki Gürbüz uzun illər MLKP-nin rəhbər şəxslərindən biri olub. 2012-ci ildə Türkiyədən qaçaraq İtaliyaya, oradan Yunanıstana gəldikdən sonra həbs olunmuşdu. Türkiyənin ekstradisiyasına dair tələblərinə baxmayaraq, Yunanıstan bundan imtina etmişdi. Üstəgəl, 2013-cü ilin aprelində şərti olaraq sərbəst buraxılmışdı.

Eyni zamanda, bildirilir ki, Zəki Gürbüz 2013-cü ildə Yunanıstandan İraqa, oradan da Suriyaya gedərək yenidən MLKP-nin idarəçilərindən biri kimi fəaliyyətə başlamışdı.

 

FRANSADA SƏHİYYƏ BÖHRANI HÖKM SÜRÜR

Fransada səhiyyə sektorunda yaşanan böhran həm işçiləri, həm də xəstələri çətin vəziyyətdə qoyub. “TRT” telekanalının verdiyi xəbərə görə, koronavirus epidemiyasından sonra son həftələrdə artan qrip və bronxiolit epidemiyaları xəstəxanaların təcili tibbi yardım şöbələrində sıxlığa səbəb olur.

Ölkə daxilindəki xəstəxanalara yeni ilin ilk həftəsində yerləşdirilən xəstə sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb. Bildirilir ki, bəzi bölmələrdəki həkimlər hətta məzuniyyətlərini ləğv etməli olublar.

Eyni zamanda, xəstəxanalarda yaşanan sıxlıq  xəstələrin daha uzun müddət gözləmələrinə səbəb olur.  Bildirilir ki, Azbruk şəhərindəki  bir xəstə üç gün xərəkdə gözləmək məcburiyyətində qalıb. Sete şəhərində 62 yaşlı tənəffüs çatışmazlığından əziyyət çəkən xəstə isə 19 saat təcili yardım otağında çarpayının boşalmasını gözləyib.

Bununla yanaşı, verilən xəbərə görə, ölkədə səhiyyə işçiləri üsyan edir. İmtahan haqlarını artırmaq istəyən praktikantlar, keçən ay başlatdıqları tətili davam etdirmək qərarına gəliblər. Paytaxt Parisdə etiraz aksiyası keçirən həkimlər Səhiyyə Nazirliyinin qarşısında yürüş ediblər.

 

İRANDA ETİRAZ AKSİYALARI TAM GÜCÜ ILƏ DAVAM EDİR

İranın bir sıra şəhərlərində etiraz aksiyaları davam edir. Bu barədə “Report” agentliyi xəbər verib. Məlumata əsasən, ölkədə davam edən 110 günlük etiraz aksiyaları zamanı 73 jurnalist həbs edilib. Həbs edilən media işçilərinin 38-i jurnalist, 25-i əyalət müxbirləri və 10 nəfəri isə fotojurnalistlərdir. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının əməkdaşlarının da adları var.

Bildirilir ki, Tehran əyalətinin Hemmət prospektində etirazçılar Qasim Süleymaninin banerini yandırıblar. Pars bölgəsində isə etirazçılar Bəsic qüvvələrinin bazasına od vurublar. Buşehr əyalətində etirazçılar cümə imamının qərargahına çox sayda “molotov kokteyli” atıblar. Eyni zamanda, qeyd edilir ki, İsfahan əyalətində İran hökuməti etirazları yatırmaq üçün Səmirom şəhərinə ağır texnika və canlı qüvvə yeridib.

Bununla yanaşı, ümummilli etirazlar zamanı həbs edilən 18 yaşlı gənc Arşiya Təkdəstan “korrupsiya” və “müharibə” ittihamları ilə İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.

 

ABŞ SƏNƏDLƏRİNDƏ TÜRKİYƏNİN ADININ DƏYİŞDİRİLMƏSİ TƏSDİQLƏNİB

ABŞ Dövlət Departamenti rəsmi sənədlərində Türkiyənin adının türk fonetik normalarına uyğun yazılması üçün dəyişdirilməsi ilə bağlı rəsmi müraciətini təmin edib. “Report”un verdiyi xəbərə görə, bu barədə xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Ned Prays brifinq zamanı bildirib. Məlumata əsasən, Dövlət Departamenti ənənəvi ingiliscə “Turkey” adı yerinə bundan sonra bütün rəsmi sənədlərdə “Türkiye” sözündən istifadə edəcək.

“Təsdiq edə bilərəm ki, Türkiyə səfirliyi rəsmi sənədlərimizdə bu yazılışdan istifadə etməyimizə sorğu göndərib”, - Ned Prays bildirib. Onun sözlərinə görə, dəyişiklik ABŞ federal hökumətinin yer adlarının yazılışının standartlaşdırılmasına cavabdeh olan səlahiyyətli orqanı tərəfindən təsdiqlənib.

Xatırladaq ki, 2022-ci il BMT Türkiyənin xarici dildə olan bütün rəsmi sənədlərdə respublikanın adının türk fonetik normalarına uyğun dəyişdirilməsi ilə bağlı rəsmi sorğusunu təmin edib.

 

BİR SIRA ÖLKƏLƏRDƏ KORONAVİRUSUN YENİ NÖVÜ SÜRƏTLƏ YAYILIR

Dünyanın 29 ölkəsində koronavirusun yeni “XBB.1.5” alt növü sürətlə yayılmağa başlayıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

Bununla yanaşı, baş direktor 2023-cü ildə “COVID-19” pandemiyasına son qoymağın mümkün olacağına ümid etdiyini ifadə edib.

ÜST rəhbərinin sözlərinə görə, “COVID-19”la bağlı hazırki epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə ötürülməsi müşahidə olunur. O, qeyd edib ki, hazırda “BA.2 omikron”un ştammlarının rekombinantı" olan koronavirusun yeni “XBB.1.5” alt növü sürətlə yayılır. ÜST rəhbəri vurğulayıb ki, “omikron XBB.1.5” ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkar edilib. Hazırda o dünyanın 29 ölkəsində dövr edir və bəzi regionlarda onun yayılması sürətlə artır.

Eyni zamanda, ÜST nümayəndəsi Mariya Van Kerkxove əlavə edib ki, bəzi Avropa ölkələrində və ABŞ-ın şimal-şərqində “XBB.1.5” artıq digər dövr edən alt variantları əvəzləyib.

 

ABŞ FİNLANDİYAYA TAKTİKİ RAKET VƏ AVİABOMBALARIN SATIŞINI TƏSDİQLƏYİB

ABŞ administrasiyası Finlandiyaya “AIM-9X Block II” taktiki hava-hava raketləri və “AGM-154 Joint Standoff Weapon” (JSOW) idarə olunan aviasiya bombalarını, eləcə də müvafiq avadanlıqları ümumilikdə 323,3 milyon dollara satmaq barədə qərarı təsdiqləyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə cümə günü ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq üzrə Agentliyi məlumat yayıb. Bildirilir ki, ümumilikdə Finlandiya 40 ədəd “AIM-9X Block II” raketi və 48 ədəd AGM-154 JSOW aviasiya bombası istəyib.

“Sözügedən satış Finlandiyanın hava-hava və hava-yer silahları baxımından döyüş qabiliyyətini təkmilləşdirəcək və həmçinin ABŞ-ın Şimali Avropa ölkələri ilə münasibətlərinə müsbət təsir göstərəcək. Finlandiya bu silahlardan və müvafiq xidmətlərdən öz qırıcılarında istifadə etmək niyyətindədir”, - deyə agentlik qeyd edib. Vaşinqtonun nöqteyi-nəzərindən bu silahların satışı “regionda əsas hərbi balansı dəyişməyəcək”. ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə rəsmi məlumat verib. İndi qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.