İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ölkə birinciliyinin qalibləri müəyyənləşib

Qılıncoynatmanın sablya və şpaqa növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib. Azərbaycan Qılıncoynatma Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 81 yeniyetmə oğlan və qız iştirak edib.

Fərdi sablya yarışlarında Nahid Məmmədli və Zərifə Hüseynova qızıl medal qazanıblar. Səid Əliyev və Xədicə Həsənli isə şpaqa növündə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Karateçilərimiz Seriya A turnirində güclərini sınayacaqlar

Azərbaycan karateçiləri yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirində iştirak edəcəklər. Turnirdə 73 ölkədən karateçilər mübarizə aparacaqlar.  Yarışda ölkəmizi 10 idmançı təmsil edəcək.

Kişilərin yarışında Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər biri 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər biri 75 kq), qadınların mübarizəsində isə Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hər biri 61 kq) güclərini sınayacaqlar.

 

 “Arpachay Open” turniri keçiriləcək

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək. Turnir yanvarın 20-22-də Gənclər və İdman Nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə baş tutacaq. Turnirdə 10-dək ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən çox idmançının iştirakı gözlənilir. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar.

 

Paytaxtımız çempionata ev sahibliyi edəcək

İyirmi iki yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək. Bu qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində açıqlayıb. Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr aylarına təsadüf edəcək. Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb. Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.

Qeyd edək ki, Azərbaycan millisi sonuncu U-22 Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.