GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

NADİR ƏZHƏRİ

1965-ci ildə Tehranda ərdəbilli bir ailədə dünyaya gəlib. 8 yaşında ailəsi yenidən Ərdəbilə qayıdıb. İlk və orta təhsilini burada alıb. 1979-cu il İran İslam inqilabı dövründə yaranmış ictimai-siyasi durum onun ali təhsil almasına mane olub. 2002-ci ildə şairə Negin Nəvadərəzi ilə ailə həyatı qurub. Hazırda Təbrizdə özəl bir şirkətdə çalışır.

Bir neçə şeir kitabı, "Ayaqüstü xatirələr" romanı və "Yelena" adlı poeması, həmçinin türkcədən farscaya tərcümə kitabları Ərdəbil və Təbrizin fərqli yayım evlərində nəşr olunub.

 

Yanıq fotolar

Dönüm-dönümüdü dənizlə dağ arası

Maşın hızlı, xatirə hızlı...

Tüneldən uşaq çıxdım!

Maşın enirdi Xəzərə, Savalandan

Tüneldən də qoca çıxdım!

Çıxırdı Savalana, Xəzərdən də maşın

...Və doyunca fotomu çəkdim özüm

Dəniz titrədi, dağ titrədi, mən titrədim

Kimsə əlimin titrəməyini

belə bilmədi...

Unutdurmaq olmur kimsəyə səni...

Və doyunca fotomu çəkdim özüm...

Dağ yandı,

Dəniz yandı,

Mən neçə yerdə yandım

Bir fotomu çəkən olmadı.

Sənsiz

Fotolarım da yandı.

 

GÜNTAY GƏNCALP BAYINDIR

1966-cı ildə Muğan məntəqəsi, Xoruzlu mahalının Limli kəndində anadan olub. İbtidai təhsili Limli kəndində alıb, orta məktəbi isə Ərdəbildə bitirib. Orta məktəbdə oxuduğu zaman ana dili və ədəbiyyatı ilə maraqlanıb. O zaman inqilab yenicə bitdiyindən türk dilində qəzetlər də təzə-təzə işıq üzü görürdü.

Əvvəllər Güntay Cavanşir, daha sonralar Güntay Gəncalp adı ilə yazılar yazıb, tərcümələr edib. Hazırda Güntay Gəncalp Bayındır Erenol imzası ilə dövri mətbuatda və internet saytlarında dünyada müntəzəm çıxışlar edir. Bakıda 6, İranda 2 kitabı çap olunub. Finlandiyada yaşayır, aktiv elmi-ədəbi, həm də ictimai-siyasi fəaliyyətlə məşğul olur.

 

Mən Türkcə düşünmək dadına doymuyorum,

Zövqün özüdür Türkcə düşün, Türkçə yorum.

Səssiz gecələr düşlərimi Türkcə bəzər,

Həp Türkcə dolaşmaqdadır ağlımda sorum.

***

Yaz gəldi də torpaq oyanıb aldı nəfəs,

Ormanda xəfif dolaşdı bir gizlicə səs.

Dünyada coşar oldu bahar duyğuları,

Ey mutluluğun elçisi yellər, hadi əs!

***

 Artıq bu vətən çölləşiyor qalx gedəlim,

Yağmursuz olan ölkəmizi tərk edəlim.

Göylərdə duran parça bulut yağmadı heç,

Bir başqa diyarda başqa dövran görəlim.

 

HADİ QARAÇAY

"1966-cı ildə Güney Azərbaycanda fars rejiminin "Siyəhrud"laşdırdığı Suyarı kəndində doğulmuşam. Dilimizin gözəlliklərinin vurğunuyam. Öz dilimdə oxul görmədim, kino görmədim, kitab görmədim. Öz dilimdə yalnız anamın nağıllarını dinlədim bütün uşaqlığım boyunca. Gəncliyimdə qoşuğun axıcılığı, səslərin uyuşumu məni özünə çəkdi. Əlim yazmağa gəldi. Öz dilimdə yazmağın dadına vardım. Sevdim... sevdim ... sevdim... bu dili, bu yazını, bu ədəbiyatı...

İlk bitiyimin adı "Beçələr banlayanda" oldu. Haradasa 1990-cı ildə Tərbizdə özümün əlyazmamla, kopi olaraq bir neçə yoldaşımla yaydıq. Sonralar 1995-ci ildə Almaniyada bir neçə daha yeni qoşuqla birlikdə elə ilk adıyla basdırdım. İkinci bitiyim "Badamlıqlar" oldu. 2005-ci ilin mayında basıldı. Üçüncüsü isə yenə Tərbizdə, yenə İSBN-siz, gizli olaraq Ulusal savaşımızın sevimli adı olan Səid Mətinpura sunulmuş qoşuqlarımla birlikdə basılıb yayıldı. "Tamudan gələn səslər" adlandırdığım bitiyin bütün işləri sevgili yazar, gözəl gündəc (qəzet) yazarı Ramin Cabbarlının üzərində olub. Hələlik diriyəm, Norveçdə yaşayıram. Yaşamı, bütün çatışmazlıqlarıyla sevir, onu bütün insanlarla, özəlliklə Güney Azərbaycan insanıyla ədalətli paylaşmaq üçün savaşıram. Qoşuğumun da, özümün də qayğım insanın özgür, dinc, barışcıl bir ortamda yaşamasıdır".

 

Ax bu qızıl torpaqlara düşdüyüm...

Qartal qanadında uçuş,

Aslan gözlərində inam,

İyirmi doqquz yaşında al bayraq

Və ürəyi boyda yaraq idim mən

Göz çanaqlarımda göz yox,

"Əsgər sinəsində qılınc yarası"

Və köksümdə ürək yox

"Kərəmiyə köklənmiş bir saz çanağı".

Artıq

Qısnamasın məni yorğun gövdəm,

Əsməsin qara yellər

Və cırnaqlarımda sırğalanmasın duman.

Yıxılmaq istəsəm belə

Yıxılmağa yer yox!

Hər yan qan və qanında çimmiş xəzəl dənizi

Araz dalğalarında

Balıq səsinə dönmüş Qaranquş nağılı

Və edam dirəyinə pərçimlənmiş türk dilli bir haray .

Çağırır məni Ərk divarları

Çağırır məni dəmir aşığın yumulmayan ağzı

Artıq gecdir

Bir daha qayıtmağa yer yox,

Yıxılmağa yer yox,

Ölməyə yer yoxdur.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.