Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

2023-cü ilin yeni texnologiyaları

ABŞ-da dünyanın ən böyük elektronika istehsalçılarının "CES 2023" sərgisi keçirilib. Sərgidə pandemiyadan sonra gündəlik həyatı asanlaşdıracaq yeni texnoloji cihazlar nümayiş etdirilib.

"Blok" şirkətinin istehsal etdiyi doğrama taxtası sərgi iştirakçılarının marağına səbəb olub. Üzərinə monitor quraşdırılmış taxta yemək hazırlayarkən reseptlərə baxmaq üçün nəzərdə tutulub. Cihazın yaxın zamanda 700 dollara satışa çıxarılacağı bildirilib.

Ağlayan körpələr üçün hazırlanan "tərcüməçi" isə daha çox diqqət çəkib. Valideynlərə körpələrin nə istədiyini başa düşmək məqsədilə hazırlanan süni intellektli cihaz uşaq arabasına bərkidilir. Körpənin hansı səbəbdən ağladığını təhlil edən sistem onun ehtimal edilən dörd ehtiyacını (ac olması, bezinin çirkli olduğu, yuxuya və nəvazişə ehtiyacı olmasını) proqnozlaşdırır.

Hündür dabanlı ayaqqabı yastığı isə daha çox xanım iştirakçıları sevindirib. "Balmain" moda evinin dizayneri tərəfindən hazırlanan ayaqqabı içliyi dikdaban ayaqqabılara üstünlük verən xanımlar üçün nəzərdə tutulub. Ayaqqabının içinə yerləşdirilə bilən "ağıllı daban" istifadəçinin uzunmüddətli rahatlığını təmin edir.

Sərgidə nümayiş olunan "Canlı yayın edən soba (Bespoke AI Wall Oven) isə yemək bişirməyi sevənlərin işinə yarayacaq. "Samsung" şirkəti tərəfindən hazırlanan süni zəkalı soba kamera ilə təchiz edilib. Bu yolla sobanın içindən canlı yayım etmək mümkündür. Hər kəs monitor vasitəsilə yeməyin bişmə prosesini izləyə bilər. 80 fərqli yemək resepti saxlayan soba yeməyin bişmə vaxtı və temperaturu ilə bağlı da proqnozlar verir.

 

"BMW"dən avtomobil həvəskarlarına sürpriz

Almaniyanın nəhəng avtomobil şirkəti "BMW" Las Veqasda keçirilən CES 2023 sərgisində i Vision Dee adlı qeyri-adi funksiyalara malik bir neçə avtomobil konseptini nümayiş etdirib. Sözügedən avtomobillərin əsas fərqləndirici özəllikləri sahiblərinin əhvali-ruhiyyələrinə reaksiya verə və öz gövdə rənglərini tamamilə dəyişə bilməsidir. Konsept modellərdən biri hətta gövdəsinin bəzi hissələrinin formalarını da dəyişə bilir. Şirkət bu cür özəlliyi rəqəmsal emosional təcrübə adlandırır.

Təqdim edilmiş konseptlərdən biri öz gövdəsinin rəngini tamamilə dəyişərək 32 rəngə çevrilə bilir. Belə ki, avtomobilin kuzov hissəsi bir-birindən asılı olmayaraq müxtəlif rənglərə boyanır. Bura, həmçinin avtomobilin təkərlərinin diskləri də daxildir. Təqdim edilmiş ikinci konsept avtomobilin özəlliyi isə faraların ətraf hissələrinin və qəfəsin formalarını tamamilə dəyişə bilməsidir. Bu halda avtomobilin həmin hissələri bir növ istifadəçinin üz ifadəsini əks etdirir. Avtomobilin interyer dizaynının ən maraqlı tərəfi ondan ibarətdir ki, onun ön panelinin bütün hissəsini xüsusi ekran əhatə edir. Xüsusi ekran hətta yan şüşələrin bir hissəsinə də inteqrasiya edilib. Məlumatda qeyd edilib ki, sözügedən konsept modellərdə sərgilənən yeni texnologiyalar artıq yaxın illərdə şirkətin bəzi avtomobillərində də reallaşdırıla bilər.

 

Süni intellekt rejissorların da dadına yetişdi

"Disney" tədqiqatçıları heç bir xüsusi effektə ehtiyac olmadan filmlərdə aktyorların qocalmasını və cavanlaşmasını avtomatik olaraq qüsursuz şəkildə əks etdirən FRAN adlı yeni süni intellekt sistemi yaradıblar. Sistem sayəsində artıq rejissorlar sadəcə aktyorların 3x4-ə şəkillərindən istifadə edərək onların 20 və ya 80 yaşlı görüntülərini əldə edə biləcəklər.

Hazırda kinoda, televiziyada aktyorlar və sənət adamlarının yaşlandırma prosesləri rəssamlar tərəfindən əl ilə aparılır. Bu isə Instaqram filtirləri kimi effekt yaradaraq aktyorların üzlərindəki ifadələrin yox olmasına səbəb olur. Disney tərəfindən ilk dəfə olaraq istifadəyə verilən süni intellekt sistemi işıqlandırma prosesində üz ifadələrində yaranan müəyyən uyğunsuzluqlara baxmayaraq, sənətçiləri dərhal yaşlandıra bilir.

Uzun illərdir ki, istifadə edilən rəqəmsal yaşlandırma üsulları populyarlıq qazansa da, artıq tamaşaçıları inandıra bilmir. Məsələn, rejissor Martin Scorsesenin "Netflix"də yayımlanan "İrlandiyalı" (The Irishman) filmində istifadə edilən yaşlandırma effektlərinə milyonlarla dollar xərclənməsinə baxmayaraq, böyük tənqidlərə məruz qalmışdı. Mövcud yaşlandırma üsullarındakı uğursuzluqlar və izləyicilər tərəfindən edilən şərhlər "Disney"in yeni texnologiyasının ortaya çıxması üçün ən mühüm səbəblərdən sayıla bilər.

Sifətləri qocaltmaq və ya cavanlaşdırmaq üçün süni neyron şəbəkəsindən istifadə edən tədqiqatçılar yeni texnologiyanın daxil edilmiş məlumatların qorunması baxımından da çox uğurlu bir seçim olduğunu bildiriblər. Onların fikrincə, sistem artıq işıqlandırma şəraitindən aslı olmayaraq dəyişən üz ifadələrində kimliyi qoruyub saxlamaq qabiliyyətinə də malikdir.

Mütəxəssislər yeni texnologiyanın yalnız yetkin yaşda olanlar üçün nəzərdə tutulduğunu, insanın dəri rəngini və üz formasını dəyişdirmədiyini qeyd ediblər.

 

Marsda enerji əldə edilə bilər

Elm adamları Marsla bağlı daha bir uğurlu araşdırmaya imza atıblar. Belə ki, kompüter vasitəsilə Marsın iqlim modelini hazırlayan alimlər bu üsulla qırmızı planetdə külək turbinləri yerləşdirilməsinin nə dərəcədə effektiv olduğunu öyrənməyə çalışıblar. Nəticələr göstərib ki, planetdə külək turbinləri inşa edilərsə 100 faiz faydalı iş əmsalı sərgiləyə bilər. Bu üsulla əldə ediləcək enerji miqdarı isə il ərzində 6 nəfərdən ibarət tədqiqat qrupunun yaşaması üçün kifayət edər.

Alimlərin fikrincə, Günəş enerjisini Marsda ekvatora yaxın regiondan əldə etmək mümkündür. Lakin planetin qütblərində digər enerji mənbələrindən istifadə etmək lazım gələcək. Mütəxəssislər iddia edirlər ki, düzgün şəkildə yerləşdirilmiş külək turbinləri 6 nəfərlik tədqiqat qrupunu elektrik enerjisi ilə təmin edir. Bu yolla onlar il ərzində Marsda şüalanma ilə bağlı radiasiya risklərinə məhəl qoymadan yaşaya və çalışa bilərlər.

Mütəxəssislər Mars ərazisinin müxtəlif sahələrində külək turbini və Yer kürəsində istifadə olunan 4 növ külək generatoru vasitəsilə əldə edilə biləcək maksimal enerji gücünü hesablayıblar. Daha sonra isə onlar əldə edilmiş məlumatları 500 Mars gününü əhatə edəcək missiya çərçivəsində istifadəsi güman edilən enerji ehtiyacı ilə müqayisə ediblər. Məlum olub ki, külək enerjisi əsasən gecə və Günəş işığını bloklayan güclü toz tufanları zamanı Günəş enerjisini tamamlamaqla yanaşı, Marsın bəzi ərazilərində Günəş enerjisini tamamilə əvəz edə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".