DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANA “NOBEL” SÜLH MÜKAFATI VERİLMƏSİ ÜÇÜN DƏSTƏK ÇAĞIRIŞI

Türkiyə parlamentinin sədri Mustafa Şəntop “Nobel” sülh mükafatı üçün prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, spiker bu barədə Asiya Parlament Assambleyasına (APA) üzv ölkələrin toplantısında çıxışı zamanı bəyan edib.

Parlament sədri ilk gündən bəri Ərdoğanın Rusiya-Ukrayna müharibəsinin bitməsi, atəşkəs və taxıl dəhlizinin yaradılması kimi məsələlərin həllindəki rolundan danışaraq, “Nobel” sülh mükafatı üçün namizəd göstərildiyini və bu tarixi sənəddə imzasının olmasını arzulayan parlamentarilərin katibliyə müraciət edə biləcəklərini bildirib.

Spiker həmçinin APA-nın Antalyada keçirilən XIII toplantısında çıxışı zamanı assambleyanın bundan əvvəlki iclasının 2019-cu ildə də bu şəhərdə keçirildiyini və səmərəli məsləhətləşmələr apardıqlarını xatırladıb.

Mustafa Şentop son dörd toplantıya ev sahibliyi etməsinin Türkiyənin Asiya qitəsinə və APA-ya və bu platformada həyata keçirilən parlament diplomatiyasına verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb.

 

ALMANİYADA TERROR HÜCUMU TƏHLÜKƏSİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Almaniya hakimiyyətinə kustar üsulla hazırlanmış kimyəvi bombadan istifadə etməklə terror aktı hazırlığı təhlükəsi barədə xəbərdarlıq edib. “Report”un xəbərinə görə, bu barədə “Bild” nəşri məlumat yayıb. Açıqlamaya əsasən, FTB əməkdaşları alman həmkarlarına bildiriblər ki, şübhəli şəxs yeni il ərəfəsində hücum həyata keçirə bilmək üçün internetdə sianid və risinlə maraqlanıb. Lakin o, kifayət qədər kimyəvi maddə əldə edə bilməyib.

Əməliyyat zamanı xüsusi qoruyucu geyimdə olan hüquq-mühafizə orqanlarının əməkdaşları əlavə araşdırma üçün saxlanılan iranlının yaşayış yerindən mavi rəngli konteynerlərdə olan müəyyən maddələr çıxarıblar.

Xatırladaq ki, yanvarın 8-nə keçən gecə Almaniyanın terrorla mübarizə üzrə polisinin xüsusi təyinatlıları 32 yaşlı İran vətəndaşını dini zəmində terror aktı hazırlamaqda şübhəli bilinərək saxlayıb.

 

BRAZİLİYA PREZİDENTİ ÖLKƏDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİB

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bazar günü keçmiş ölkə başçısı Jair Bolsonaronun tərəfdarları tərəfindən törədilən iğtişaşlardan sonra Braziliyada fövqəladə vəziyyət elan edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə ölkə prezidenti jurnalistlərə açıqlamasında müvafiq fərmanı oxuyub.

Dövlət başçısı bildirib ki, kütləvi ictimai asayişin pozulmasının qarşısını almaq üçün müvafiq fərman 31 yanvar 2023-cü il tarixinədək qüvvədə olacaq.

Prezidentin sözlərinə görə, bu müddət ərzində federal hakimiyyət orqanları ictimai təhlükəsizlik orqanlarının idarə edilməsi funksiyalarını öz üzərinə götürəcək.

Eyni zamanda verilən xəbərə görə, Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adam həbs edilib. Həmçinin etirazlar zamanı 50-yə yaxın insan xəsarət alıb, 6 yaralının vəziyyətinin isə ağır olduğu bildirilir.

 

YAPONİYA QARDAN ELEKTRİK ENERJİSİNİN İSTEHSALINA ÇALIŞIR

Yaponiyanın Honsü adasının şimalında yerləşən Aomori şəhərində qarın ərintisindən elektrik enerjisi istehsalı üzrə pilot layihəyə start verilib. “Report”un xəbərinə görə, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bu məqsədlə qar xüsusi izolyasiya edilmiş hovuzda yığılır və ərimiş maye ətrafdakı havanın istiliyindən buxarlanaraq turbini hərəkətə gətirir.

Eyni zamanda, turbinin məhsuldarlığını artıran daha böyük temperatur fərqi əldə etmək üçün mütəxəssislər gələcəkdə yerli isti bulaqların təbii istiliyindən və Yerin istiliyindən istifadə etməyi planlaşdırırlar.

Qeyd edək ki, Aomori şəhərinə hər qış intensiv qar yağır, bunun nəticələrinin aradan qaldırılması üçün yerli hakimiyyət orqanları çoxlu vəsait xərcləyir. Şəhərin küçələrinin təmizləndiyi qar kütlələri əvvəllər sadəcə olaraq dənizə atılırdı. İndi yerli hakimiyyət orqanları toplanan qardan kapital qazanmağa çalışır.

Təcrübənin nəticəsinin məhsuldar olacağı halda, onlar qarın emalına əsaslanan tamamilə yeni sənayenin yaranmasına ümid edirlər.

 

SERBİYA PREZİDENTİNDƏN ÖLKƏYƏ CASUS AXINI BARƏDƏ AÇIQLAMA

Serbiya prezidenti Aleksandar Vuçiç Kosovo və Metoxiyadakı vəziyyətin gərginləşməsi səbəbindən Serbiyaya rekord sayda xarici kəşfiyyat agenti axınının olduğunu açıqlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Serbiya lideri “TV Pink” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Belqrad İkinci Dünya müharibəsindən bəri bu qədər xarici casus görməmişdi.

“Bu Yeni il Belqrad yeni Kasablankaya çevrilib. Biz mütəmadi olaraq bu məruzələri alırıq, hotellərimizi zəbt etməyən casus qalmayıb, heç vaxt bu qədər casus olmamışdı. Biz rekord vurduq, Yeni ildən öncə və Yeni ildən sonra”, - deyə prezident vurğulayıb.

Xatırladaq ki, Aleksandar Vuçiç daha öncə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Serbiyada dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı xüsusi xidmət orqanlarının nümayəndələrinin fəaliyyət göstərdiyini bildirmişdi.

 

ULF KRİSTERSSON: TÜRKİYƏNİN BÜTÜN TƏLƏBLƏRİNİ YERİNƏ YETİRƏ BİLMƏRİK

İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO üzvlüyü ilə bağlı Türkiyənin bütün tələblərini yerinə yetirə bilməyəcəklərini açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

İsveçin NATO üzvlüyünün Türkiyənin əlində olduğuna diqqət çəkən baş nazir deyib: “Türkiyə üçlü memorandum çərçivəsində etdiklərimizi təsdiqləyir, lakin onlara verə bilməyəcəyimiz və vermək istəmədiyimiz məsələləri istəyir. Türkiyənin bütün istəklərini yerinə yetirə bilmərik”.

NATO-nun baş katibi Yens Stoltenberq isə İsveç və Finlandiyanın Türkiyə ilə imzaladıqları üçtərəfli memoranduma əməl etdiyini bildirib.

Yens Stoltenberq NATO-ya müraciət etdikdən sonra bəzi müttəfiqlərin iki ölkəyə təhlükəsizlik zəmanəti verdiyini, NATO-nun bölgədəki varlığını artırdığını, İsveç və Finlandiyanın hazırda NATO toplantılarına və inteqrasiya olunmuş hərbi əməkdaşlığa cəlb edildiyini vurğulayıb.

“İsveç və Finlandiyanın təhlükəsizliyi təhdid olunarsa, NATO-nun hərəkətə keçməyəcəyi ağlasığmazdır”, - deyə Yens Stoltenberq əlavə edib.

 

SAAKAŞVİLİNİN AZADLIĞA BURAXILMASI İLƏ BAĞLI YENİ DİNLƏMƏ

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatətə baxan Tbilisi şəhər məhkəməsinin növbəti iclası yanvarın 11-nə təyin edilib. “Report” xəbər verir ki, bu barədə Gürcüstanın “Interpressnews” agentliyi məlumat yayıb.

Bundan əvvəl “Empati” qeyri-hökumət təşkilatının ekspertləri Saakaşvilinin bədənində ağır metallar, o cümlədən civə izləri aşkar ediblər. Onların sözlərinə görə, siyasətçinin həbslə bir araya sığmayan on diaqnozu var.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti bildirib ki, Saakaşvilidən götürülən testlər zəhərli maddələrin olmadığını göstərib.

Saakaşvili 2021-ci ilin oktyabrında Gürcüstana gəlib və həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. O, özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb. Sabiq prezidentin səhhəti pisləşdikdən sonra o, həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.