İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Cüdoçularımız təlim düşərgəsində

Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Miteşil şəhərində təşkil olunan Olimpiya təlim düşərgəsində iştirak edir. Yanvarın 17-dək keçiriləcək təlim-məşq toplanışına böyük və gənclərdən ibarət kişi milli yığma komandasından 27 idmançı qatılıb. Qadınlardan ibarət milli yığma komandadan isə 10 cüdoçu iştirak edir.

Təlim-məşq toplanışları 1993-cü ildən keçirilir və dünyanın 45 ölkəsindən 700-dən çox idmançı qatılıb. Onların arasında reytinq cədvəlinə düşən ilk 7 idmançı, 14 Olimpiya çempionu, 5 dünya çempionu və digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var. Təlim-məşqlərdə iştirak edən idmançılarımızın məqsədi  Portuqaliyada keçiriləcək Qran-Pri və Paris Böyük Dəbilqə turnirlərinə hazırlıqdır.

 

Voleybol Federasiyamızın rəsmisi beynəlxalq oyuna təyinat alıb

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova təyinat alıb. O, qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində keçiriləcək “Prometey” (Ukrayna) – “Alba” (Rumıniya) matçının supervayzeri olacaq.

 

AKAF bu ilin ilk yarışına paytaxtdan start verdi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2023-cü ilin ilk idman tədbirini Bakı bulvarında – Xəzər dənizində təşkil edib. İdmançılar 1, 2 və 4 nəfərlik akademik, həmçinin 1 və 2 nəfərlik kayak qayıqlarında yürüşlər ediblər. Ziya Məmmədzadə, Bəhmən Nəsiri kimi yığma komandamızın titullu idmançılarının da iştirak etdiyi yarışda ümumilikdə Mingəçevir və Bakıdan 49 avarçəkən 8 dəst medal uğrunda mübarizə aparıb. Turnirin qalibləri diplomla mükafatlandırılıblar.

 

İki klubumuz futbolçularla yollarını ayırıb

Əli Səmədov və Zahid Mərdanov "Kəpəz" futbol klubunu tərk ediblər. Hər iki futbolçu ilə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Turan Tovuz" klubu isə futbolçusu İmeda Aşortia ilə yollarını ayırıb. Gürcüstanlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki,  hücumçu bu mövsümün əvvəlindən "Turan Tovuz"da oynayırdı.

Nərgiz İSMAYILOVA,
“Respublika”.