Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Arazboyu Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Arazboyu Dövlət Təbiət Yasaqlığı

Arazboyu Dövlət Təbiət Yasaqlığı 2005-ci il 23 sentyabrda yaradılmışdır. Yaradılmasında əsas məqsəd ərazidə olan təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması ilə bərabər tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin (Gülüstan türbəsi, Culfa körpüsü və s.) qorunub saxlanılmasıdır. Bu yasaqlıq Arazboyu ərazilər olan Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati ərazilərində yerləşir. Sahəsi 9118 hektardır.

Yasaqlıqda həm də ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, nadir endemik və nəsli kəsilmək təhlükəsi altında olan flora növlərinə (süsən, Araz palıdı, dağdağan, qırxbuğum, cüzgün, qrossheym südlüyəni, qəşəng süsən, sürkənvari həlməl, yabanı əncir, adi nar (yabanı nar), Qafqaz dağdağanı və s.), fauna növlərindən Merkuri və Linden iynəcəsi, qısaqanad bolivariya cırtan, çöpcük, qıvrımələk və çəhrayı qutan, ərsindimdik, göy dimdik, kiçik qu, mərmərə cürə, ağquyruq dəniz qartalı, saqqallı qartal, məzar qartalı, qırmızıqanad dırmanc, qamış pişiyi, manual pişiyi, kiçik Asiya kərtənkələsi, Suriya sarımsaqiyli qurbağası və s. rast gəlinir. Yasaqlıq ərazisi miqrasiya dəhlizi olduğundan köçəri quşlar bu ərazilərə yuvalayıb nəsil artırmaq, qışlamaq və qidalanmaq üçün köç edirlər.

Yasaqlıq xüsusi mühafizə olunan təbiət ərazisi olmaqla yanaşı, həm də bioloji, paleontoloji və hidroloji profillidir. Yasaqlığın əsas funksiyalarından biri də yaranma profilindən (məqsədindən) asılı olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsini təmin etmək, ekoloji monitorinqlərdə iştirak etmək və elmi, mədəni tədris və məhdud təsərrüfat fəaliyyətlərini həyata keçirməkdir. Ərazidə aparılan monitorinqlərin məqsədi risk əhəmiyyəti daşıyan ərazilərdə quşlar aləminin və onların hansı ərazilərdən gəlməsinin öyrənilməsi, baş verə biləcək xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsidir. Naxçıvan ərazisində mövcud olan 241 növ və yarımnöv quşların 85 faizdən çoxu burada məskunlaşıb. Aparılan monitorinqlər zamanı yasaqlıq ərazisində yeni 10 quş növü aşkar edilib. Yasaqlığın meşə sahəsi son illər 3 dəfədən çox artıb.

Əli SADIQOV,

"Respublika".