DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDENLƏ ƏLAQƏLİ MƏRKƏZDƏ MƏXFI SƏNƏDLƏR AŞKAR EDİLİB

Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli mərkəzin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid olan məxfi sənədlər tapılıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə “CBS” telekanalı məlumat yayıb.

Bildirilir ki, hazırda ABŞ Ədliyyə Departamenti sənədlərin ora necə aparıldığını araşdırır. 2018-ci ildə Pensilvaniya Universitetinin dəstəyi ilə açılan Bayden Diplomatiya və Qlobal İştirak Mərkəzində 10-a yaxın məxfi sənəd aşkarlanıb.

Məlumata əsasən, Ağ Ev sözügedən faktı təsdiqləyib. Belə ki, sənədlər Baydenin vəkilləri tərəfindən 2022-ci il noyabrın 2-də ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl aşkar edilib. Sənədlər Bayden prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl 2017-2019-cu illərdə onun istifadə etdiyi ofisdə olub.

Sənədlərdə konkret nədən bəhs edildiyi, eləcə də onların hansı məxfilik dərəcəsinə aid olduğu açıqlanmır.

 

İMRAN XAN HƏBS OLUNA BİLƏR

Pakistanın keçmiş baş naziri İmran Xan və müxalif Ədalət Hərəkatı Partiyasının bir sıra liderləri haqqında məhkəmə sistemini təhqir etməyə, hörmətsizliyə görə Pakistan Seçki Monitorinq Komissiyası həbs barədə order verib. “Teleqraf.com”un “Daily Pakistan” qəzetinə istinadən verdiyi xəbərə görə, keçmiş baş nazir və onun partiya yoldaşları girov qarşılığında sərbəst qala bilər.

Məlumata əsasən, bir müddət əvvəl İmran Xan və onun partiya yoldaşları - Əsəd Umar və Fəvad Çaudri antimüdafiə qaydalarını pozduqları üçün Seçki Müşahidə Komissiyası və Ali Məhkəmə qarşısındakı dinləmələrə gəlməkdən imtina ediblər.

Məhkəmə iclaslara dəfələrlə gəlməkdən imtina edərək hakimiyyəti təhqir etmələri səbəbindən onların və başqa müxalif siyasətçilərin həbsinə icazə verib.

Qeyd edək ki, 2022-ci ilin aprelində parlamentin Aşağı Palatası İmran Xana etimadsızlıq göstərilməsinə dair səs verib.

 

GÜRCÜSTAN “BUK” SISTEMLƏRINI UKRAYNAYA QAYTARMAYACAĞINI BILDIRIB

Gürcüstan Ukraynadan “Buk” zenit-raket komplekslərini 2008-ci ildə əldə edib və məxfi razılaşma əsasında alındığına görə bu ölkəyə geri qaytarmayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ukraynanın “Evropeiska Pravda” nəşri yanvarın 9-da Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun məqaləsini dərc edib. Məqalədə bildirilir ki, Ukrayna Gürcüstandan “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib.

Diplomatın sözlərinə görə, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib. A.Kasyanov vurğulayıb ki, ABŞ öz razılığını verib və Gürcüstana verilən kompleksləri daha yeni sistemlərlə əvəz etməyə hazırdır.

A.Kasyanov 2022-ci il dekabr ayının əvvəlində bəyan etmişdi ki, Kiyev Tbilisidən dəfələrlə hərbi və ya ikili təyinatlı texnikanın ötürülməsini xahiş edib, lakin müraciətlərə məhəl qoyulmayıb.

 

PERUDA ETİRAZLAR ZAMANI ÖLƏNLƏRİN SAYI 57 NƏFƏRƏ ÇATIB

Peruda hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 57 nəfərə çatıb. Bu barədə “TRT” telekanalı xəbər verib. Məlumata əsasən, ölkənin cənubundakı Culiaca şəhərində toplaşan etirazçılarla polis qüvvələri arasında toqquşma baş verib.

Ombudsman Aparatının müavini Eliana Revollar bildirib ki, Culiaca hava limanı ətrafında təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən qarşıdurmada 17 nəfər həlak olub.

Hazırda ölkənin bir çox şəhərində minlərlə insan prezident Dina Boluartenin istefası, həbsdə olan keçmiş prezident Pedro Kastilyonun azadlığa buraxılması və növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

Xatırladaq ki, Pedro Kastillo Konqresi buraxmaq və fövqəladə vəziyyət hökuməti yaratmaq qərarından sonra saxlanılmışdı.

 

STOLTENBERQDƏN İSVEÇ VƏ FİNLANDİYA İLƏ BAĞLI AÇIQLAMA

Alyansa üzv olmaq üçün əvvəllər müraciət etmiş İsveç və Finlandiya artıq NATO-nun hərbi strukturlarına inteqrasiya olunur. “Report”un xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Baş katib bildirib ki, İsveç və Finlandiya nümayəndələri artıq alyansın iclaslarında, o cümlədən nazirlər və daimi nümayəndələr səviyyəsində iştirak edirlər. “NATO artıq Avropanın bu hissəsində mövcudluğunu gücləndirib. İsveç və Finlandiya alyansın bir sıra üzvlərindən təhlükəsizlik zəmanəti alıb”, - deyə Yens Stoltenberq vurğulayıb.

Eyni zamanda, baş katib Macarıstan və Türkiyə ilə müvafiq razılıq əldə olunduqdan sonra İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv olacağına şübhə etmədiyini dilə gətirib.

Qeyd edək ki, hazırda İsveç və Finlandiyanın NATO-ya müraciətini 30 ölkədən yalnız 2-si - Macarıstan və Türkiyə ratifikasiya etməyib.

 

ABŞ YAPONİYADA ÇEVİK MÜDAXİLƏ QÜVVƏLƏRİNİ YERLƏŞDİRƏCƏK

ABŞ Yaponiyanın cənub-qərbindəki ucqar adaları müdafiə etmək üçün Okinava prefekturasına çevik müdaxilə qüvvələrini yerləşdirəcək. “TRT” telekanalının “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, iki ölkə regional təhlükələr qarşısında müdafiə sahəsində əməkdaşlığı artırmağı hədəfləyir.

ABŞ Hərbi Dəniz Piyadaları Korpusunun tərkibində xidmət edəcək hərbi qüvvələr Yaponiyanın müdafiə imkanlarını dəstəkləyəcək. Okinava prefekturasına təxminən 2000 müdaxilə qüvvəsinin yerləşdiriləcəyi bildirilir. Çevik müdaxilə qüvvələri hücum zamanı Yaponiya adalarının müdafiəsinə töhfə verəcək.

Məlumat üçün qeyd edək ki, ölkənin  cənub-qərbində yerləşən prefektura raket sınaqlarını artıran Şimali Koreya və regional təsirini gücləndirən Çinə qarşı strateji əhəmiyyət kəsb edir.

 

ÖLÜLƏRLƏ DANIŞMAQ ARTIQ MÜMKÜN OLACAQ

Artıq insanlar həyatını itirən yaxınları ilə görüntülü söhbət edə biləcəklər. “Teleqraf.com” xəbər verir ki, bu, elmi fantastika filmi kimi səslənsə də, Cənubi Koreyada olan proqram təminatı şirkəti insanları ölmüş yaxınları ilə ünsiyyət qurması üçün layihəyə başlayıb.

Seulda yerləşən “DeepBrain AI” şirkəti vəfat etmiş insanların video görüntüləri, audio yazıları və fotolarından istifadə edərək virtual profil yaradır. Süni intellektlə yaradılan görüntü həyatını itirən insanların səsini və mimikasını təqlid etməklə yanaşı, qarşısındakı şəxsin suallarını da cavablandırır, hətta xatirələrini də bölüşür.

Bəzi insanlar mərhum yaxınlarını yenidən onların qarşısında görmək fikrinin “dəhşətli” olacağı qənaətindədir. Digərləri isə qeyd edirlər ki, şirkət insanların kədərindən istifadə edərək qazanc əldə edir və bu, qeyri-etikdir.

“DeepBrain AI” biznes inkişafı üzrə meneceri Cozef Mörfi təqdim etdikləri xidmətin “mübahisəli” olduğunu etiraf edir: “İnsanların çoxu bunu qeyri-real hesab etsə də, bəziləri əbədi olaraq belə yaşamaq fikrini sevirlər”.

İnsanlar itirdikləri yaxınları ilə yenidən danışmaq imkanı verən virtual söhbət imtiyazından yararlanmaq hər dəfə orta hesabla 1200 dollara başa gəlir. Profil yaratmaq isə 12000-20000 dollar arasındadır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.