GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 BƏXTİYAR NİZAMİ

1965-ci ildə Təbriz şəhərində anadan olub. Orta məktəbin III sinfində oxuyarkən kiçik Bəxtiyar atasını itirib. Ailədəki uşaqların ən böyüyü olduğundan məktəbi buraxmaq məcburiyyətində qalıb. İşləməyə başlayıb və bacı-qardaşlarının yaşayışını təmin edib. Otuz il musiqi sənətində çalışıb, həm ifaçı, həm də çalğıçı kimi dinləyicilərin ruhunu oxşayıb, eyni zamanda ali təhsil alıb. Altı il əvvəl şeir-poeziya aləminə qədəm qoyub və böyük coşqu ilə yazıb-yaratmağa başlayıb. "Məzarlar gecənin tərs üzüdür" adlı şeir toplusu 2018-ci ildə Təbrizdə nəşr edilib və az bir zamanda oxucular arasında geniş yayılıb.

Yazını bir kəlmə çevirər,

bir kəlmə minlərcə dərdin harayı...

bəzən bir kəlməyə düyün düşərsən,

dolaşar beynində bütün sözlər, dolaşarsan,

saatlar gecə xəlvətcə ömrünü

                                   yiyə-yiyə keçər...

Sən hələ uyumazsan,

bəlkə də yazdığını yüz dönə çevirərsən,

səni buraxmaz o anlar...

sonra ağlarsan

öz-özünə, bir körpə kimin...

Devrində qonşunun adını çəkərsən,

yazdığın kəlmənin dərisini soyarlar,

                                               atılarsan.

Bilməzsən harda, dünyanın hansı

                          köşəsində çürüyürsən...

Yazın pozular soyuq əllərdə,

kəlmələrin süzülər göz yaşlarından...

Bilirsənmi?

Yazını bir kəlmə çevirər...

 

HÜSEYN ŞƏRQİ

DƏRƏCƏK (SOYTÜRK)

1966-cı ildə Xudafərində anadan olmuşdur. İbtidai təhsilini Xudafərində, tam orta təhsilini isə Tehranda almışdır. Rudhen Universitetində sosial xidmətlər ixtisasına yiyələnmişdir. Yeniyetməlik dövründən şeir və elmi-publisistik məqalələr yazmağa başlamışdır.

Bakı Dövlət Universitetinin sosial psixologiya ixtisası üzrə doktorantı olmuş, 2002-ci ildə burada "Narkomanların kliniki və postkliniki reabilitasiyasının sosial-psixoloji problemləri" mövzusunda dissertasiya müdafiə edərək psixologiya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. O, Şimalda işıq üzü görmüş, yüksək elmi-fəlsəfi dəyərə malik bir sıra kitabları ərəb qrafikasına çevirərək Cənubda nəşri ilə məşğul olmaqla bu sahədəki mövcud boşluğun aradan qaldırılmasında böyük işlər görməkdədir. 2003-cü ildən Tehranda dərc olunan aylıq azərbaycandilli "Xudafərin" jurnalının təsisçisi və baş redaktorudur.

 

Günəş

Bizim üçün heç doğmamış Günəş,

Gündüzü görmədən gecəni

Bağrına basdı.

Buzlu dənizlərin soyuğundan

Üşümüş Günəş.

Aydan belə utanır kimi

Ulduzlara salam vermədən

Gecdi...

Gecənin qaranlığında boğulan

Günəş

Bir daha tələsmədən

Batmamışam, gündüz, deyə

Yenə səhər olacaq.

Dan yeli əsəcək

Ulduzlar sirişib

Ayın qarşısına düzülüb

Gündüzə əlvida deyəndə

Yenə var olacaq,

Ucalacaq,

Həsrətləri unudacaq

Günəş.

Bir daha gündüz batmayacaq Günəş!

 

SƏXAVƏT ƏNDƏLİB

1966-cı ildə Qaradağ bölgəsinin Hinava kəndində doğulub. Valideynləri Səxavətin məktəbə getməsi, təhsil alması üçün hər cür şərait yaradıblar. Səxavət deyir: "Məndə poeziyaya yaranan sevgi anamın uşaq ikən dediyi öykülər (hekayə), habelə bayatılardan qaynaqlanıb. Bu günədək iki kitabım işıq üzü görüb. "Aşıqlardan işıqlar" isə nəşriyyatda çap prosesindədir. Hazırda arxivimdə 100-dən artıq Azərbaycan aşıq dastanı var. "XIX əsr Azərbaycan ədəbiyyatı" (farsca) mövzusunda elmi araşdırma aparıram".

 

Ömür

Öz ömrünü ömürlərə,

Qıyan ömrə ömür deyin.

Haqq-nahaqı öz yerində,

Deyən ömrə ömür deyin.

***

Əldən verməz həqiqəti,

Düz əməli, düz niyəti,

Ömür boyu şərafəti,

Duyan ömrə ömür deyin!

***

Ay Əndəlib, yaz dəftərə,

Bu dünyadır bir pəncərə,

Mən demirəm ömürlərə,

Ziyan ömrə ömür deyin!

 

ƏHMƏD DƏRGAHİ

1968-ci ildə M

eşginşəhərin Kücənə kəndində dünyaya göz açıb. 1983-cü ildə ailəsi ilə birlikdə Meşginşəhərə köçüb, bir neçə il orada yaşayandan sonra əsgəri xidmətə gedib. Əsgərlik çağları İran-İraq savaşının son illərinə təsadüf edib. Əsgəri xidməti 1988-ci ildə bitdikdən sonra öz doğma yurduna qayıdıb, ancaq müəyyən səbəblərə görə daha Meşginşəhərdə yaşaya bilməyib, Gilan əyalətinin mərkəzi Rəşt şəhərinə köçərək orada ailə qurub. Hazırda ailəsiylə birlikdə Rəştdə yaşayır.

 

Dünya

Böyütdükcə dərdə saldın,

Kimə qıldın vaya dünya.

Verdiyini bir-bir aldın,

Daha gəlmir saya dünya.

***

Dolandıqca özün durdun,

Önümüzə qurğu qurdun,

Sınaqlarla bizi yordun,

Hər an basdın haya dünya.

***

Ömür körpüsünü keçdim,

Verdiyin şərbəti içdim,

Əkdiyin tarlanı biçdim,

Dərdlər oldu taya dünya.

Təqdim etdi:

Esmira FUAD,

filologiya elmləri doktoru.