MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Ölümsüzlük satın alınacaq?

Artıq elə bir dövrdə yaşayırıq ki, elm və texnologiyanın inkişafı sayəsində uzunömürlülük, hətta ölümsüzlüyə belə nail olmağımız əlçatmaz görünmür. Ən azından yaşlanma əleyhinə texnologiyalardakı son inkişaflar bunu deməyə əsas verir. Bununla belə dünyanın ən zəngin insanları bu istiqamətdə aparılan tədqiqatlara milyonlarla vəsait xərcləyir, sərmayə qoyurlar. Bu gedişlə hətta bir gün "qocalma epidemiyasını" dayandıra biləcək peyvəndlərin ortaya çıxması da mümkün ola bilər.

Utrext Universitetinin yaşlanma üzrə tədqiqatçısı Christopher Wareham belə bir inkişafın bəşəriyyətin xeyrinə olmayacağını xəbərdar edir. Onun sözlərinə görə, bu, hazırda mövcud olan bərabərsizliyin daha da kəskinləşməsinə və ömrü uzanan milyarderlərin sərvəti ilə bərabər siyasi nüfuzunun da artacağına aparıb çıxara bilər.

Uzun müddətdir ki, qocalmanın səbəblərini araşdıran elm adamları, hüceyrə yeniləyici peyvəndlər və onları bərpa edə bilən həbləri hazırlamağın yollarını tapmaq üçün baş sındırırlar. Hətta Oksford Universitetinin alimi Endryu Stil bədəndəki "zombi hüceyrələrini" məhv edə bilən dərmanların 10 il ərzində bazara çıxacağını söyləyir.

Məsələn, Kembric Universitetinin alimləri isə 38-53 yaşarası insanların dəri hüceyrələrini müvəffəqiyyətlə yenidən proqramlaşdırmağı bacardılar. Bu isə o deməkdir ki, yaxın gələcəkdə insan hüceyrələri 30 il cavanlaşa bilər. Elm adamları bu üsulla hüceyrələrə zərər vermədən bioloji saatı geri çevirməyə müvəffəq oldular.

Alimlərin bu mövzuda inqilab yaradacaq başqa bir uğuru isə "senolitiklər" vasitəsilə müalicə üsuludur. Bu isə insan orqanizmində yaşlı hüceyrələri məhv edərək qocalmanı dayandırmaq və ya ləngitmək məqsədi daşıyan dərmanın köməyi ilə müalicə üsuludur. Heyvanlar üzərində aparılan təcrübələr də həmin hüceyrələrin məhv edilməsinin doğru seçim olduğunu göstərdi. Mayo Clinic tərəfindən yaradılan və milyarderlərdən Jeff Bezosun da sərmayə qoyduğu bir şirkət hazırda bu texnologiya üzərində işləyir. "Google"un qurucuları Larry Page və Sergey Brin də 100 il yaşamağı mümkün edən texnologiyanı inkişaf etdirən şirkətlərə yatırım qoyurlar. Bu siyahıda tanınmış milyarder Bill Qeyts, Riçard Branson və Maykl Blumberqin də adı çəkilir.

Belə çıxır ki, yaxın gələcəkdə ölümsüzlüyə yalnız yüksək məbləğdə vəsait ödəməklə nail ola bilərik...

 

Meymunlardakı fərasətə bax!

Hər keçən gün aparılan araşdırmalar sayəsində bəşəriyyətin tarixi ilə bağlı indiyə qədər olan təsəvvürlərimiz dəyişir. Bu dəfə isə məlum olub ki, əcdadlarımız tərəfindən hazırlandığı güman edilən bəzi daş alətlər, əslində meymunların beyninin məhsuludur. Belə ki, bu "fərasət sahibləri" 50 min il əvvəl qozu sındırmaq üçün alət icad ediblər...

Braziliyadakı erkən dövrə aid ərazilər ilkin insanların məskunlaşdığı bölgə kimi tanınsa da, arxeoloji qazıntılar nəticəsində onların böyük bir qisminin 50 min il əvvəl kapuçin meymunlarına mənsub olduğu ortaya çıxıb. Üstəlik həmin ərazidən tapılan alətlərin də onlara məxsus olduğu müəyyənləşdirilib. "The Holosen" elmi jurnalında dərc edilmiş məqalədə Braziliyanın şimal-şərqindəki Piaui ərazisində kəşf edilən qədim daş alətləri meymunların qoz sındırmaq məqsədilə hazırladığı bildirilib.

"Dəlilləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəldik ki, Braziliyadakı qədim yaşayış məskənləri amerikalılara deyil, əslində meymunlara aid olub", - deyə tədqiqatçılardan Federiko L.Aqnolin qeyd edib.

Tədqiqatçılar, həmçinin kapuçin meymunları ilə bağlı keçmiş araşdırmalara nəzər salaraq onların  qoz və toxum qabığını qırmaq üçün kiçik daşları və hətta böyük qaya parçalarını çəkic kimi istifadə etdikləri qənaətinə gəliblər. Həmçinin məqalədə qeyd olunub ki, sözügedən ərazidə insan varlığını sübut edəcək ocaq izləri və yemək qalıqlarına dair heç bir dəlil yoxdur.

 

Pis xəbər eşidəndə niyə ağzımızı tuturuq?

Adətən pis xəbər eşidəndə ağzımızı əlimizlə örtməyə çalışırıq. Milyon illərdən bəri insanların əksəriyyətində olan bu refleksin səbəbi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülür. Bədən dili eksperti Co Navarro bu davranışın haradan qaynaqlanması ilə bağlı bəzi dəlilləri açıqlayıb.

Alim bu davranışımızın bizlərə əcdadlarımızdan miras qaldığını söyləyir. İnsanların yüz minlərlə il əvvəl yırtıcıların əhatəsində olduqları zaman inkişaf etdirdikləri instinktiv davranışların bu gün də öz əksini tapdığını bildirən Navarro, yırtıcıların ov edərkən insanların nəfəsini dinlədiklərini və buna görə də insanların ağızlarını bağlayaraq gizləndiklərini bildirib.

Tanınmış mütəxəssis, həmçinin qorxduğumuz zaman donub qalmağımızın və əlimizlə boynumuzu qorumağa çalışmağımızın da qədim zamanlardan qalma qorunma instinktinin nəticəsi olduğunu bildirib.  

"Təhlükə gördükdə sizcə niyə donub qalırıq? Çünki əvvəllər qaçmışıq, amma yaxalandığımız da olub. Yırtıcılar qaçanları yemiş, dayananlara isə toxunmamışlar. Bu səbəbdən hərəkət etmədən durmağı öyrənmişik", - deyə ekspert söyləyib.

Bədən dilindəki bir çox davranışla bağlı bəzi yanlış məlumatların olduğunu qeyd edən Navarro, məsələn, qolları bağlamağın müdafiə refleksi olmadığını, qucaqlaşmağın isə təsəlliverici bir davranış olduğunu qeyd edib.

İnformasiya "Wired" jurnalında dərc edilib.

 

"WhatsApp"ın bu xeyri də var imiş

Sosial media nəhəngi, "Facebook"un bir hissəsi olan məşhur mesajlaşma proqramı "WhatsApp" bu dəfə elmi araşdırmanın mövzusu olaraq gündəmə gəlib. İngiltərəli alimlər sözügedən tətbiqin sağlamlığımız üçün xeyirli olduğunu iddia edirlər.

İndiyə qədər elm dünyasında "WhatsApp" və buna bənzər sosial media tətbiqlərinin zərərli olduğu düşünülürdü. Lakin Edge Hill Universitetinin tədqiqatçıları bu fikri təkzib edərək, onun psixoloji sağlamlıq baxımından faydalı olduğunu söyləyirlər.

Araşdırma nəticəsində "WhatsApp"da dostlar və ailə ilə zaman keçirməyin insanların psixi vəziyyətinə müsbət təsir etdiyi məlum olub. İngiltərə mətbuatında yer alan xəbərə görə, araşdırmaya qatılan "WhatsApp" istifadəçilərinin özünəinamının artdığı, tənhalıq hisslərinin isə azaldığı müəyyən edilib.

"Sosial mediada vaxt keçirməyin sağlamlığımıza təsiri ilə bağlı bir çox fikir ayrılıqları var. Lakin araşdırmamızın nəticələri onun sağlamlıq baxımından düşünüldüyü qədər heç də pis olmadığını göstərir. İnsanların "WhatsApp"da keçirdikləri vaxt onları ailələri və dostlarına daha da yaxınlaşdırır. Bu isə insanların münasibətlər haqqında təsəvvürlərini yaxşılığa doğru dəyişir", - Edge Hill Universitetinin psixologiya üzrə mütəxəssislərindən biri dr. Linda Kaye qeyd edib.

Digər tərəfdən isə əvvəlki araşdırmaların nəticələri göstərib ki, "Facebook", "Instagram" və "Snapchat" kimi proqramlar istifadəçilərin psixi sağlamlığına zərər verə bilər. Lakin bütün bunlara baxmayaraq, təxminən iki yüz nəfər sosial media istifadəçisi arasında aparılan son araşdırma qrup və ya şəxsi söhbətlərin insanlara sosial dəstək verdiyini ortaya qoyur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".