DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA, POLŞA VƏ LİTVA PREZİDENTLƏRİ ARASINDA BƏYANNAMƏ İMZALANIB

Ukraynanın Lvov şəhərində yanvarın 11-də prezident Volodimir Zelenski, Polşa prezidenti Andjey Duda və Litva prezidenti Gitanas Nauseda arasında görüş keçirilib. “Report”un “UNIAN” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Prezident Administrasiyası məlumat yayıb.

Açıqlamaya əsasən, dövlət başçıları birgə Lyublin üçbucağı bəyannaməsi imzalayıblar.

Qeyd edək ki, Lyublin üçbucağı Ukrayna, Polşa və Litva arasında siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün üçtərəfli regional ittifaqdır.

Məlumata görə, bu ittifaqın məqsədi ölkələr arasında dialoqu gücləndirməkdir. Üçbucaq həmçinin Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləyir.

Bununla yanaşı, üçtərəfli format bura daxil olan ölkələrin ənənələrinə və tarixi bağlarına əsaslanır. Müvafiq ümumi bəyannamə 2020-ci il iyulun 28-də Polşanın Lyublin şəhərində nazirlər tərəfindən imzalanıb.

 

CƏNUBİ KOREYA VƏ ABŞ HƏRBÇİLƏRİ BİRGƏ NÜVƏ TƏLİMLƏRİ KEÇİRƏCƏK

Cənubi Koreya və ABŞ hərbçiləri fevral ayında komanda-qərargah təlimləri keçirməyi planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Koreyanın Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, təlimdə nüvə silahından istifadə ilə bağlı məşqlər keçiriləcək.

Məlumata görə, fevralın ikinci yarısında ABŞ-da komanda-qərargah təlimləri keçiriləcək və Cənubi Koreyanın nümayəndə heyətinə müdafiə nazirinin müavini rəhbərlik edəcək.

Eyni zamanda vurğulanıb ki, müttəfiqlər bu yaz ilk dəfə olaraq 11 gün ərzində fasiləsiz “Azadlıq qalxanı” təlimləri keçirməyi planlaşdırırlar. Əvvəllər ABŞ və Cənubi Koreya hərbçiləri təlimlərlə bağlı qısa fasilə vermişdilər.

Verilən xəbərə görə, Seul və Vaşinqton 2023-cü ilin birinci yarısında ümumilikdə təxminən 20 çöl təlimi keçirməyi planlaşdırır.

 

ALMANİYANIN QIŞ FƏSLI ÜÇÜN KİFAYƏT QƏDƏR QAZ EHTİYATI MÖVCUDDUR

Rusiya qazının boru kəmərləri ilə Avropaya tədarükünün tamamilə dayandırılması və mayeləşdirilmiş təbii qaz idxalının azalması halında belə, Almaniyanın qaz anbarları 2023/24-cü ilin qışına qədər kifayət edə bilər.

“Trend” agentliyinin “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Initiative Energien Speichern” yeraltı qaz və hidrogen anbarlarının operatorları qrupunun ekspertləri bildiriblər.

Ekspertlərin məlumatına əsasən, bu qış həddindən artıq aşağı temperatur üçün belə qaz qıtlığı təhlükəsinin qarşısı alınıb. Qeyd edilir ki, istehlaka qənaət bu proqnoz üçün fundament olub və gələcəkdə də bu tendensiya qorunmalıdır.

Bununla yanaşı, ekspertlərin fikrincə, yanvar və fevral aylarında Almaniyanın anbarlarında qazın azalması davam edəcək, lakin aprel ayından operatorlar anbarları yenidən doldura biləcəklər.

 

DÜNYADA DƏNİZ QULDURLUĞU ƏN AŞAĞI SƏVIYYƏYƏ DÜŞÜB

Dəniz İnformasiya Əməkdaşlıq və Maarifləndirmə Mərkəzinin (MICA) hesabatına görə, açıq dənizlərdəki quldurluq və soyğunçuluq uzun müddət ərzində ən aşağı səviyyədədir. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, Fransa donanması tərəfindən idarə olunan “MICA” mərkəzi bildirib ki, ötən il bütün dünyada açıq sularda dəniz quldurluğu ilə bağlı cəmi 300 məlumat qeydə alınıb.

“2021-ci ildə başlayan dəniz quldurluğu və soyğunçuluğun azalması 2022-ci ilə qədər davam edib. 2022-ci ildə MICA mərkəzi 300 insident qeydə alıb ki, bu da 2021-ci ilə nisbətən, təxminən, 5 faiz azalma deməkdir”, - deyə hesabatda qeyd olunub.

Dəniz quldurluğu və soyğunçuluğun azalmasının xüsusilə nəzərə çarpdığı yerlərdən biri Afrikanın qərb sahillərində yerləşən Qvineya körfəzidir. Bura tarixən dəniz quldurlarının üstünlük verdiyi təhlükəli ərazi olub. “MICA”nın məlumatına görə, 2022-ci ildə Qvineya körfəzində cəmi 3 soyğunçuluq hadisəsi baş verib.

Qeyd edək ki, “MICA” mərkəzi 2016-cı ildə bütün dünyada dəniz nəqliyyatına təsir edən vəziyyətləri və insidentləri müəyyən etmək, habelə ekipajları və gəmi sahiblərini təhlükələr barədə xəbərdar etmək üçün yaradılıb.

 

RUSİYADA DEMOQRAFİK VƏZİYYƏT PİSLƏŞİB

Rusiya prezidenti Vladimir Putin ölkənin demoqrafiya sahəsində problemlərin həllinə xüsusi diqqət yetirməyin vacibliyinə diqqət çəkib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, dövlət başçısı bunu yanvarın 11-də hökumət üzvlərinin iştirakı ilə keçirdiyi müşavirədə çıxışı zamanı bildirib.

“Əlbəttə, demoqrafiya sahəsində kəskin problemlərin həllinə xüsusi diqqət yetirilməlidir. Hakimiyyət demoqrafiya sahəsində əsas problemlərin nədən ibarət olduğunu və onlara necə yanaşmaq lazım olduğunu anlayır”, - deyə Vladimir Putin vurğulayıb.

Qeyd edək ki, Rusiyada demoqrafik vəziyyət son illər xeyli pisləşib. İldən-ilə ölkədə doğum səviyyəsi azalmağa doğru gedir. 2022-ci ildə Rusiyada doğum səviyyəsi 6 faizdən çox azalıb. Ekspertlər 2023-cü ildə bu göstəricinin 8-10 faiz təşkil edəcəyi qənaətindədirlər.

Rusiya Elmlər Akademiyasının Demoqrafik Tədqiqatlar İnstitutunun direktor müavini Vadim Bezverbnı və Ali İqtisad Məktəbinin Demoqrafiya İnstitutunun direktoru Mixail Denisenko Rusiyanın 2050-ci ilə qədər dünya əhalisinin sayına görə ilk 10 ölkənin olduğu siyahını tərk edə biləcəyi proqnozu ilə çıxış ediblər.

 

ÜST KORONAVİRUSUN YENİ ALT VARİANTININ TƏSİRİNİ ARAŞDIRIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “XBB.1.5” sub-variantının təsirinin qiymətləndirilməsi üzərində işləyir. “Report” xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge  keçirdiyi mətbuat konfransında bildirib.

“XBB.1.5 variantına yoluxma halları regionumuzda az, lakin artan sayda qeydə alınır və biz onun potensial təsirini qiymətləndirmək üzərində çalışırıq”, - ÜST rəsmisi vurğulayıb.

Hans Klüge qeyd edib ki, ölkələrin bəzilərindən əldə edilən son məlumatlar yeni rekombinant “XBB.1.5” virusunun artan mövcudluğunu göstərməyə başlayıb.

ÜST rəsmisinin sözlərinə görə, üçillik uzun pandemiyadan sonra, bir çox ölkənin həddən artıq yüklənmiş səhiyyə sistemləri, zəruri dərman çatışmazlığı və tükənmiş tibbi işçi qüvvəsi ilə mübarizə apardığı zaman ölkələrin səhiyyə sistemləri daha çox yüklənməməlidir.

“Yeni ilə qədəm qoyarkən Avropa və Mərkəzi Asiya ölkələri sınaqdan keçirilmiş effektiv strategiyaları həyata keçirmək üçün səylərini ikiqat artırmalı və əldə olunmuşlarla kifayətlənməməlidir”, - H.Klüge əlavə edib.

 

YUNANISTANIN SONUNCU KRALI VƏFAT EDİB

Yunanıstanın keçmiş kralı II Konstantin insult keçirərək Afinada vəfat edib. “Trend”  agentliyinin xəbərinə görə, bu barədə  “Newsbomb” portalı məlumat yayıb.

Bildirilir ki, 82 yaşlı keçmiş monarx Afinadakı evində olarkən kəskin insult keçirib və 7 gün ərzində paytaxtdakı “İgiya” xəstəxanasında reanimasiya şöbəsində qalıb.

Məlumata əsasən, son illər keçmiş kralın səhhətində ciddi problemlər yaranıb. O, keçmişdə artıq insult keçirib və 2021-ci ilin dekabrında ona pnevmoniya və ona ağciyər ödemi diaqnozu qoyulub. Daha sonra monarx “COVID-19” infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Qlüksburq sülaləsindən olan Yunanıstanın sonuncu kralı (1964-1974) II Konstantin 1940-cı il iyunun 2-də dünyaya gəlib. O, kral I Pavel və Hannoverli Frederikanın oğludur. 1967-ci ildə Yunanıstanda sağçı “Qara polkovniklər” rejiminin bərqərar olması ilə Konstantin radio vasitəsilə xalqı üsyana çağıraraq onlara qarşı durmağa cəhd edib. Lakin o, dəstək almayaraq ölkəni tərk etmək məcburiyyətində qalıb və Romaya köçüb. 1973-cü ildə referendumdan sonra Yunanıstanda monarxiya ləğv edilərək respublika elan olunub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.