Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "İsaak Nyuton"u oxuculara təqdim edirik.

"Respublika".

 

İsaak Nyuton (müasir fizikanın yaranması)

Bəşəriyyət yaranandan bəri insanlar daim maraqlanır, sorğulayır, suallarına cavab axtarır. Əslində elmin təməlində də elə bu dayanır. Əgər insanların marağı olmasaydı nə elm inkişaf edərdi, nə də indiki texnologiya və mədəniyyətə sahib ola bilərdik. Dünya tarixində minlərlə elm adamı olsa da, onlardan bəziləri öz qanunları və kəşfləri ilə bəşəriyyətin təkamül prosesində böyük rol oynayaraq bugünkü dünyanın nizamına təsir ediblər. Belə alimlərdən biri də tarixdə silinməz iz qoymuş məşhur elm adamı İsaak Nyutondur. Məhz onun elmə verdiyi töhfələr sayəsində bu gün təbiətdə baş verən bir çox hadisələrin sirrindən agah oluruq.

O, böyük filosof olmaqla yanaşı, dünya elminin ən böyük inqilabçılarından biri idi. Modern fizikanın yaranması onun adı ilə bağlıdır. Dünyada sonrakı texniki inqilabların da bundan sonra başladığını nəzərə alsaq Nyuton həqiqətən də dünya tarixini dəyişdirən şəxslərdəndir.

İngilis fiziki, riyaziyyatçısı, astronomu, filosofu və kimyaçısı İsaak Nyutonun elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. O, ilk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını gətirmişdir. Onun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir. Mexanika, optika, astronomiya, riyaziyyat sahələrində elmi işlərin müəllifi olan Nyutonun fizikanın inkişafında rolu xüsusidir.

Nyutonun dövründən bəri 12-14 nəsil artıq bir-birini əvəzləyib. Amma onun qanunlarının əsas hissəsi dəyişikliyə uğramayıb. XVII əsrin sonunda o, elmi kəşflərində Nikolay Kopernik, Kepler və Qalileo Qalileyin, yəni ondan əvvəlki iki əsrin işlərini tamamlayaraq universal sistem yarada bilib. 

Nyuton ümumdünya cazibə qanununu kəşf edib, güzgülü teleskop yaradıb və optika sahəsində çox vacib təcrübələrin müəllifi olub. Təcrübələr əsasında o, ağ işığın müxtəlif rənglərə parçalanmasını sübuta yetirib və ilk dəfə olaraq işıq dalğalarının uzunluğunu ölçüb.

Fizikin 1686-cı ildə çapdan çıxan, latınca yazılmış "Philosophiae Naturalis Principia Mathematica" (Natural fəlsəfənin riyazi prinsipləri) adlı nəhəng əsəri isə təbiəti riyazi dillə izah edən şah əsər hesab edilir. Cazibə qanunu ilə klassik mexanikanın əsaslarından bəhs edən bu kitab 3 cilddən ibarətdir.

Bəlkə də Nyuton müasir dövrdə yaşasaydı çox güman ki, kitabın adı "Fizikanın riyazi əsasları" olardı. Əsər sanki qaranlığın ortasında yandırılmış bir şama bənzəyir. Bu gün kainatın riyazi dilini anlamağa başlamışıqsa, bu, məhz Nyuton və onun sözügedən əsəri sayəsində mümkün olmuşdur. Əhəmiyyəti və miqyasına görə dəqiq elmlər tarixində kitabın tayı-bərabəri yoxdur. Kitab nəinki elmi baxımdan, tarixi əhəmiyyətinə görə də əvəzsizdir.

Alim ifrat təvazökarlığı ilə tanınırdı. Bu onun təvazökarlığındandır ki, kitabda yeni bir nəzəriyyə yaratdığını dilə gətirmir. Kim bilir, bəlkə də o haqlı idi, çünki etdiyi "sadə" bir şey idi - təbiəti riyaziyyatın dili ilə ifadə etmişdi.

Elm tarixində çox az adam tapılar ki, İsaak Nyutonla müqayisə olunsun. Dünya elminin xəzinəsinə, inkişafına onun qədər kəşflər, ixtiralar gətirən az adam tapılar. Nyuton bir də ona görə dahidir ki, o, öz yaradıcılığı ilə təbiətin tədqiq olunmasında səmərəli metod və üsullar vermişdir.

Məşhur tarixi lətifələrin birində deyilir ki, payız günlərində Nyuton bağa gəzməyə çıxır. Alma ağacının yanından keçərkən təsadüfən budaqdan bir alma düşür. Almanın düşməsi onun diqqətini cəlb edir. Onun ağlına belə bir fikir gəlir ki, alma nə üçün kənara tərəf deyil, şaquli istiqamətdə Yerin mərkəzinə tərəf düşür? Görünür, materiyanın, Yerin mərkəzində cəmlənmiş cazibə qüvvəsi var. Nyuton dərhal belə fikrə gəlir: Yer almanı cəzb etdiyi kimi, alma da Yeri cəzb edir.

Cisimlərin Yerə düşməsini Nyutondan qabaq başqa alimlər də görmüşdülər. Bəs bu qanunu nə üçün onlardan biri kəşf etməmişdir? Deməli, Nyutonun yeniliyi görmə qabiliyyəti, istedadı, zəkası buna imkan vermişdir. Almanın budaqdan düşməsi, onun dərin biliyi, elmi dünyagörüşü, axtarmaq qabiliyyəti, uzun müddət fikirləşməsi ilə birləşərək ümumdünya cazibə qanununun kəşfinə səbəb olmuşdur.

Nyuton İngiltərənin Vulstorp kəndində çox da varlı olmayan fermer ailəsində dünyaya göz açmışdır. O, dünyaya gəlməmiş atası vəfat etmiş, 12 yaşına kimi tərbiyəsi ilə nənəsi məşğul olmuşdur. Əvvəlcə kənd məktəbində, 12 yaşından sonra isə Qrantam şəhər məktəbində oxumuşdur.

Nyutonun istedadını görən məktəbin direktoru, onun anasına məsləhət görür ki, onu universitetə oxumağa göndərsin. Yaxşı oxumaqla bərabər, özü üçün oyuncaqlar da düzəldərmiş. Onun düzəltdiyi "yel" dəyirmanı olduqca maraqlı olub. Dəyirmanı külək deyil, buğdanın dalınca qaçan siçan işlədirmiş. O vaxt belə modellərə heç yerdə rast gəlinməzdi. Bu, balaca İsaakın ixtirası idi. İngiltərədə ilk dəfə olaraq uçan çərpələngi də o düzəltmişdir. 14 yaşında Nyuton özügedən araba düzəldib. İxtiraçılıq istedadı, qurub-yaratmaq həvəsi onun başlıca xüsusiyyətlərindən sayılırdı. Kiçik yaşlarında Nyuton bütün həyatını elmə həsr etmişdir. Onun etdiyi ixtiralar və kəşflər müasirlərini heyrətə gətirirdi.   

1660-cı ildə Nyuton Kembric Universitetinə daxil olur. Universitetdə optikadan ona mühazirəni məşhur professor İsaak Barrou oxuyur. Elə bu vaxtlardan o, optika ilə maraqlanmağa başlamış, müəllimini böyük həvəslə dinləmiş və onun ən yaxın dostuna çevrilmişdir. 1665-ci ildə isə Universiteti bitirən Nyuton ilk alimlik dərəcəsi alır.

Alimin ilk tədqiqatları optikaya aid olmuşdur. O, işığın dispersiyası, difraksiyası, interferensiyasını kəşf etmiş, güzgülü teleskop düzəltmiş, işıq şüası linzadan keçəndə alınan halqaları (Nyuton halqaları) müşahidə edib, onun elmi izahını vermiş, işıq dalğasının uzunluğunu hesablamış və işığın korpuskulyar nəzəriyyəsini vermişdir.

1666-cı ildə isə Nyuton günəş işığının ümumiyyətlə ağ işığın şüşə prizmadan keçərkən müxtəlif rənglərə parçalanmasını müşahidə etmişdir. O, birinci olaraq spektrləri hərtərəfli və dərin tədqiq etmiş və spektroskopiyanın əsasını qoymuşdur.

Nyuton cazibə qüvvəsinin təsiri ilə Ayın necə hərəkət etməli olduğunu hesablayır və müşahidə apararkən görür ki, hesablama Ayın hərəkəti ilə tamam düz gəlir. Bu kəşfləri ilə o, elmdə yeni istiqamətin - səma mexanikasının başlanğıcını qoymuşdur. Mərkəzəqaçma təcilinin riyazi ifadəsini də Nyuton vermişdir.

Yer ətrafı fəzada cisimlərin dövrə vura biləcəyi haqqında ilk fikri söyləyən də Nyuton olmuşdur. Nyutona görə ən uca dağın başından cismə saniyədə 7.9 kilometr sürət verilsə bu cisim Yer ətrafında dolana bilər. Lakin Nyutonun dövründəki elm və texnika dahi alimin bu fikrini həqiqətə çevirə bilməzdi.

1668-ci ildə Nyuton xromatik aberrasiyadan xilas olan öz reflektorlu teleskopunu qurmuşdur. 15 santimetr uzunluğunda olan miniatür teleskop 40 dəfə çox böyütmə gücünə malik olub. 1671-ci ildə Nyuton ikinci teleskopunu qurur və buna görə də onu London Kral cəmiyyətinə üzv seçirlər. 1669-cu ildə isə İsaak Barrou öz yerini - kafedra müdirliyini Nyutona verir və o, Kembric Universitetinin professoru olur. Bundan sonra Nyuton cazibə məsələləri, optika və riyaziyyatla ciddi məşğul olur.

1673-cü ildən 1683-cü ilə kimi Nyuton Kembric Universitetində cəbrdən mühazirə oxumuşdur. Riyaziyyat sahəsində Leybnislə birlikdə inteqral və diferensial hesabını işləmiş və onun adı ilə məşhur olan "Nyuton binomu" düsturunu vermişdir.

1687-ci ildə Nyutonun ən böyük əsəri "Natural fəlsəfənin riyazi başlanğıcları" nəşr olunur. Burada Nyuton kütlə anlayışını, hərəkət miqdarı, qüvvə, təcil, mərkəzəqaçma qüvvəsi və klassik mexanikanın üç əsas qanunu, ümumdünya cazibə qanununu geniş şərh etmiş, Günəş sisteminin dinamikasını işləmişdir. Bu əsərində o, eyni zamanda qabarma və çəkilmə hadisəsini, boşluq vasitəsilə təsirin bir cisimdən digərinə ötürülməsini də izah etmiş və bununla da dünyanın fizika mənzərəsini qurmuşdur.

1699-cu ildə Nyuton Londona gəlir və Sikkəxananın direktoru təyin edilir. 1703-cü ildə o, Kral cəmiyyətinin prezidenti seçilir. Ömrünün sonuna kimi bu vəzifəni şərəflə icra edir.

Dahi alim 84 yaşında vəfat etmiş və Vestminster abbatlığında dəfn olunmuşdur. Qəbirdaşı üzərində isə bu sözlər yazılmışdır: "İşıq şüalarının rəngarəngliyi və rənglərin buradan alınan və o vaxta qədər heç kəsin xəyalına belə gəlməyən xüsusiyyətlərini tədqiq etmişdir"...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".