DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSIYANIN BAŞ QƏRARGAH RƏISININ UKRAYNAYA GÖNDƏRİLMƏSİNİN SƏBƏBİ

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukraynadakı Birləşmiş Qoşunlar Qrupunun komandiri təyin edilməsi xüsusi hərbi əməliyyatın vəzifələrinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, Soledar şəhərində döyüşlər davam edir, lakin əsas iş hələ qabaqdadır. Eyni zamanda, Dmitri Peskov Rusiyanın nəzarəti altında olan ərazilərdə Böyük Britaniya vətəndaşlarının itkin düşməsi barədə də danışıb. O deyib: “Britaniya axtarışlara kömək üçün bizə rəsmi müraciət etməyib”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Ukraynadakı qoşunlarına general-leytenant Sergey Sorovikin rəhbərlik edib. O, bu vəzifədə cəmi üç ay işləyib. Məlumat üçün bildirək ki, yanvarın 11-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

 

İSVEÇİN BAŞ NAZİRİ: TÜRKİYƏ MƏNİ YANLIŞ ANLAYIB

İsveçin baş naziri Ulf Kristersson ötən həftə rəsmi Stokholmun NATO-ya üzvlüklə bağlı Türkiyənin tələblərini yerinə yetirə bilməyəcəyi ilə bağlı açıqlamasının yanlış anlaşıldığını bəyan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir ölkəsinin terrorla mübarizə qanunlarını gücləndirdiyini və üzvlük müraciəti ilə bağlı məsələlərlə əlaqədar Türkiyə ilə danışıqların yaxşı getdiyini vurğulayıb. Ulf Kristerssonun sözlərinə görə, Türkiyə terrordan ən çox təsirlənən ölkələrdən biridir: “Xüsusilə terrorla mübarizədə verdiyimiz sözləri tam yerinə yetiririk”.

Bununla yanaşı, baş nazir terrorçuların Türkiyəyə deportasiyası məsələsində müəyyən məhdudiyyətlərin olduğunu dilə gətirib. “Türkiyə bəzən İsveçdən ekstradisiya etmək istədiyi şəxslərin adlarını verir. Məlumdur ki, İsveçin bu məsələ ilə bağlı qanunvericiliyi aydındır: bu qərarları məhkəmələr verir, hökumətin onu dəyişməsinə ehtiyac yoxdur”.

Bununla yanaşı, Ulf Kristersson əlavə edib ki, bu məsələ yaxşı gedən işlərə kölgə salmamalıdır.

 

Aİ VƏ NATO XÜSUSİ İŞÇİ QRUPU YARATMAQ NİYYƏTİNDƏDİR

Aİ və NATO Avropanın kritik infrastrukturunu qorumaq üçün xüsusi işçi qrupu yaratmaq niyyətindədir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib. “Biz “Şimal axını” qaz kəmərlərində təxribatın şahidi olduq, biz bu yeni təhlükə növünə qarşı çıxmalıyıq", - deyə AK rəhbəri vurğulayıb. Eyni zamanda, Ursula fon der Lyayen qeyd edib ki, işçi qrupu kritik infrastruktura təhlükələri müəyyən edəcək, onun təhlükəsizliyinin yaxşılaşdırılması üçün əsas prinsipləri işləyib hazırlayacaq və müvafiq tədbirlər təklif edəcək.

Xatırladaq ki, “Şimal axını” qaz kəmərləri sisteminin zədələnməsi 2022-ci il sentyabrın 26-da məlum olub. Hadisə yerində partlayıcı maddələrin izləri aşkar edilib. Rəsmi Kreml hadisəni beynəlxalq terror aktı adlandırıb.

Bu ərəfədə partlayış nəticəsində zədələnmiş “Şimal axını” qaz kəmərlərinin İsveçrənin “Nord Stream AG” şirkəti tərəfindən təmir xərclərinin hesablanmağa başlandığı barədə məlumat yayılıb.

 

İRANIN SABİQ DÖVLƏT RƏSMİSİ EDAMA MƏHKUM EDİLİB

İran məhkəməsi sabiq müdafiə naziri Əli Şəmxaninin keçmiş müşaviri, 1997-2005-ci illərdə bu vəzifədə işləmiş Əlireza Əkbəri barəsində ölüm hökmü çıxarıb. “Report”un verdiyi xəbərə görə, bu barədə “ISNA” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Əlireza Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunur. İranın Kəşfiyyat Nazirliyi onu İngiltərə kəşfiyyat xidmətlərinin İranla bağlı mühüm məlumatları xaricə köçürmək üçün toplayan ən mühüm agentlərindən biri kimi xarakterizə edib. Bildirilir ki, müvəqqəti ölüm hökmü çıxarıldıqdan sonra Əlireza Əkbəri apellyasiya şikayəti versə də, bu, rədd edilib və məhkəmənin qərarı qüvvədə saxlanılıb. İlkin hökmün dəqiq nə vaxt verildiyini agentlik açıqlamayıb.

Bubunla yanaşı, “BBC” agentliyi xəbər verib ki, Əlireza Əkbərinin ikili vətəndaşlığı var.

 

MAKRON ƏLCƏZAİRDƏN ÜZR İSTƏMƏYƏCƏYİNİ BƏYAN EDİB

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, müstəmləkəçilik dövrü üçün Əlcəzairdən üzr istəməməlidir. “Report” agentliyinin verdiyi xəbərə görə, Fransa lideri bunu həftəlik “Le Point” qəzetinə müsahibəsində bəyan edib. Eyni zamanda, Makron iki ölkəni barışdırmaq üçün birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə ümid bəsləyir. “Mən üzr istəməyə ehtiyac görmürəm, məsələ bu deyil, çünki belə jest bütün əlaqələri qıra bilər. Ən pis məsələ, üzr istədiyimizi söyləmək və sonra ayrı yollarla getmək olardı”, - deyə Makron vurğulayıb.

Məlumat üçün qeyd edək ki, Fransa Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdərək, yerli xalqa qarşı qətliam törədib. Dəhşətli qətliam Əlcəzairin 1,5 milyon vətəndaşının ölümü ilə nəticələnib.

 

TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ UKRAYNANI DƏRHAL ATƏŞKƏS ELAN ETMƏYƏ ÇAĞIRIB

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikovla telefon əlaqəsi saxlayıb. Bu barədə “TRT” telekanalı Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasına istinadən xəbər verib.

Məlumata əsasən, nazirlikdən verilən açıqlamaya görə, Hulusi Akar danışıqlar zamanı daha çox insan itkisinin qarşısını almaq, bölgədə sülh və sabitliyin bərpası üçün dərhal atəşkəsin elan edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Hulusi Akar prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bölgədə sülhün təmin olunmasında və humanitar yardımların çatdırılması məsələsində  üzərinə düşəni etməyə davam edəcəyini bildirib.

Bununla yanaşı, taxıl sazişi çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin fəaliyyətləri sayəsində bugünədək Ukrayna limanlarından təxminən 17 milyon ton taxılın ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə daşındığını qeyd edən Hulusi Akar bu təşəbbüsün fasiləsiz davam etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

NURSULTAN NAZARBAYEV “ELBASI” TİTULUNDAN MƏHRUM OLUNUB

Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbası - red.) elan edən “Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında” Qanunun etibarsız sayılması barədə qərar çıxarıb. Bu barədə “Teleqraf.com” məlumat yayıb. “Hazırda Konstitusiyanın Qazaxıstan Respublikasının qüvvədə olan qanununda "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası haqqında” Konstitusiya qanununun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur, bununla əlaqədar qanun qüvvədən düşmüş hesab edilir”, - deyə sənəddə qeyd olunur.

Xatırladaq ki, bir müddət öncə Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) spikeri Yerlan Koşanov keçmiş dövlət başçısı Nursultan Nazarbayevə bir sıra imtiyazlar və səlahiyyətlər verən respublikanın birinci prezidenti haqqında qanunun ləğvi planlarından danışıb.

Qeyd edək ki, Nursultan Nazarbayev Qazaxıstana təxminən 30 il rəhbərlik edib və 2019-cu ilin martında vəzifəsindən gedib. Hazırda onun xələfi Kasım-Jomart Tokayevdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.