DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BƏŞƏR ƏSƏDDƏN TÜRKİYƏ İLƏ BAĞLI AÇIQLAMA

Türkiyə ilə Suriyanın son yaxınlaşması fonunda Suriya prezidenti Bəşər Əsəd diqqətçəkən açıqlama verib. “Teleqraf.com”un xəbərinə görə, Bəşər Əsəd Dəməşqdə Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb. Məlumata əsasən, regional və beynəlxalq hadisələrin müzakirə edildiyi toplantıda Türkiyə, Suriya və Rusiya arasında danışıqlar da gündəmdə olub. A.Lavrentyev Rusiyanın üçtərəfli görüşü müsbət qiymətləndirdiyini və vacib saydığını bəyan edib.

Bəşər Əsəd isə görüşlərin məhsuldar olması üçün Suriya ilə Rusiya arasında koordinasiya və əvvəlcədən planlaşdırma üzərində qurulmasının önəmli olduğunu vurğulayıb.

Suriya lideri bəyan edib ki, danışıqlarda konkret nəticə əldə etmək üçün Türkiyə Suriyaya qarşı əməliyyatları dayandırmalı və müxalif qruplara dəstək göstərməməlidir.

Xatırladaq ki, ötən ay Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri səviyyəsində görüş keçirilib.  Görüşdə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə məsələləri müzakirə edilib. Üçtərəfli görüşün ikinci turunun bu ay keçirilməsi planlaşdırılır.

 

ABŞ KONQRESİ ÇİNƏ NEFT SATIŞINI QADAĞAN EDƏN QANUNU QƏBUL EDİB

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-ın strateji ehtiyatından Çinə neft satışına qadağa qoyan qanun layihəsini təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, qanunun lehinə 331, əleyhinə 97 nəfər səs verib.

Bildirilir ki, sənəd noyabrda keçirilən aralıq seçkilərin nəticələrinə görə 118-ci Konqresin Nümayəndələr Palatasında səs çoxluğu əldə etmiş ABŞ-ın Respublikaçılar Partiyasının təşəbbüsü ilə hazırlanıb.

Hakim Demokrat Partiyasından olan 97 deputat qanun layihəsinin əleyhinə olsa da, Nümayəndələr Palatasının 113 demokratı sənədi dəstəkləyib. Eyni zamanda, Konqresin işini işıqlandırmaq üzrə ixtisaslaşan “The Hill” qəzetinin məlumatına görə, hazırkı təşəbbüs çətin ki, qanun kimi qüvvəyə minsin. Qəzetin proqnozlarına əsasən, sənəd demokratların nəzarətində olan Konqres Senatından keçə bilməyəcək.

 

VİKTOR ORBAN Aİ-NIN RUSİYAYA QARŞI YÜRÜTDÜYÜ SİYASƏTİ TƏNQID EDIB

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı yürütdüyü sanksiya siyasətinin yanlış olduğunu və bunu dəyişdirməsinin vacibliyini vurğulayıb. “TRT” telekanalı məlumatına görə, bu barədə baş nazir Macarıstanın “Kossuth” radiosuna müsahibəsində bildirib. Viktor Orbanın sözlərinə görə,  Rusiyaya qarşı sanksiyalar ləğv olunarsa enerji qiymətləri və ümumi inflyasiya iki dəfə azalacaq. Baş nazir əlavə edib ki, Avropa İttifaqında bunun üçün siyasi qərar qəbul edilməlidir.

Macarıstanın sanksiyalara görə daha əvvəl 7 milyard avro ödədiyi enerji daşıyıcılarına indi 17 milyard avro ödədiyini açıqlayan Viktor Orban ölkəsinin sanksiyaların qarşısını alacaq gücə sahib olmadığını, lakin Almaniya və ya Fransa kimi böyük dövlətlərin bunu edə biləcəyini dilə gətirib.

Eyni zamanda, Viktor Orban müharibə və sanksiyalar səbəbindən avropalıların böyük zərər çəkdiyini bildirib.

 

AEBA UKRAYNADAKI BÜTÜN AES-lərdə MÜFƏTTİŞLƏR YERLƏŞDİRƏ BİLƏR

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya səfəri zamanı öz müfəttişlərini Ukraynanın bütün atom elektrik stansiyalarında (AES) yerləşdirmək niyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə öz mənbələrinə istinadən “The Wall Street Journal” nəşri məlumat yayıb.

Mənbələrin açıqlamasına görə, AEBA iki və ya üç müşahidəçini Rivne, Xmelnitski, Cənubi Ukrayna AES-lərində və Çernobıl AES-in ərazisində yerləşdirməyi planlaşdırır.

Eyni zamanda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru gələn həftə Ukraynada olacağını, daha sonra Rusiyaya səfər planlaşdırdığını açıqlayıb. O qeyd edib ki, Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinlə də görüşməyi gözləyir.

 

MÖVLUD ÇAVUŞOĞLU İSVEÇƏ XƏBƏRDARLIQ EDİB

Rəsmi Stokholm PKK terror təşkilatı ilə mübarizə üçün qətiyyətli tədbirlər görməyənə qədər, Ankara İsveçin NATO üzvlüyünə dəstək verməyəcək. “Teleqraf.com”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Bununla yanaşı, nazir qeyd edib ki, PKK İsveçin NATO-ya üzvlük prosesinə “mina” yerləşdirir. “Rəsmi Stokholm bu cür hərəkətlərə adekvat cavab verməsə, İsveçin NATO-ya üzvlüyü ilə bağlı gözlədiyi cavabı verməyəcəyik. İsveç öz seçimini etməlidir”, - deyə Çavuşoğlu vurğulayıb. Eyni zamanda, Türkiyə XİN başçısının sözlərinə görə, İsveç NATO-ya üzv olmaqla bağlı Ankara qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir: “Biz sadəcə həmin öhdəliklərin yerinə yetirilməsini istəyirik. Lakin İsveç terroru dəstəkləməyə davam edir”.

Türkiyənin xarici işlər naziri bildirib ki, rəsmi Ankara Stokholmdan terror təşkilatlarının fəaliyyəti ilə mübarizə ilə bağlı imzaladığı memorandumun icrasını gözləyir. O, əlavə edib ki, bu, Türkiyənin İsveçin alyansa üzvlüyünü təsdiqləməsi üçün şərtdir. Qeyd edək ki, sözügedən sənəd ötən ilin iyununda NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində imzalanıb.

 

SLOVAKİYA PREZİDENTİ VƏTƏNDAŞLARA UKRAYNADA DÖYÜŞMƏYƏ İCAZƏ VERİB

Slovakiya prezidenti Zuzana Çaputova ilk dəfə ölkənin yeddi vətəndaşına Ukraynadakı müharibədə Kiyevin tərəfində döyüşməyə icazə verib. “Report” xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb. Dövlət başçısının mətbuat katibi Martin Strijinets bildirib ki, Z.Çaputova Ukraynada döyüşmək istəyənlərlə bağlı 26 sərəncam qəbul edib ki, onlardan 7-si döyüşlərdə iştiraka icazə verir.

2022-ci il fevralın sonunda Slovakiyanın baş prokuroru Maros Zilinka xəbərdarlıq edib ki,  ölkə qanunvericiliyi vətəndaşlara xarici qoşunlarda xidməti qadağan edir. İstisna kimi yalnız prezident - Silahlı Qüvvələrin ali baş komandanının müvafiq əmri ola bilər. Bundan əvvəl isə “Pravda” qəzeti Slovakiyanın Ukraynaya hədiyyə olaraq 170 milyon avro dəyərində hərbi texnika göndərdiyini, həmçinin Kiyevlə bu cür texnikanın tədarükü üçün daha 148 milyon avroya müqavilə imzaladığını yazıb.

 

BVF RƏHBƏRİ QLOBAL İQTİSADİ ARTIMIN BƏRPA OLUNACAĞINI AÇIQLAYIB

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva qlobal iqtisadi artımın bu ilin sonuna doğru bərpa olunacağını proqnozlaşdırıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, qlobal iqtisadi artımda son zamanlar müşahidə olunan azalmaların sona çata biləcəyini bildirən K.Georgiyeva gələn il iqtisadi artımın daha da sürətlənə biləcəyinə dair nikbinliyini dilə gətirib. BVF rəhbəri qeyd edib ki, dünya iqtisadiyyatı üzərində fırtına buludları tezliklə dağıla bilər.

BVF-nin 2023-cü il üçün 2,7 faizlik artım proqnozunu aşağı salmasının gözlənilmədiyini ifadə edən Georgiyeva qeyd edib ki, 2023-cü ilin sonuna doğru, 2024-cü ildə daha yüksək artım yoluna doğru tendensiyanın bərpasını görəcəyimizə ümid edirik.

Bununla yanaşı, Kristalina Georgiyeva 2023-cü ilin hələ də çətin bir il olacağına və qlobal iqtisadiyyatın kövrək olmağa davam etdiyinə diqqət çəkərək, inflyasiyanın yüksək göstəricilərdə qaldığını bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.