DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BAŞ KƏŞFİYYAT İDARƏSİ: RUSİYADA HƏRBİ VƏZİYYƏT ELAN OLUNA BİLƏR

Rusiyada hərbi vəziyyət elan oluna bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır: “Qarşı tərəfin ölkə iqtisadiyyatını və hərbi-sənaye kompleksini yenidən təşkil etməsi bunun göstəricisidir”.

Verilən xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putinin iqtisadiyyatın və hərbi sənaye kompleksinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi tədbirlər Moskvanın hərbi vəziyyətin tətbiqinə hazırlıqlarından xəbər verir.

“Rusiya savaşı davam etdirmək üçün bütün resursları istifadə etməyə çalışır. Ukraynadakı qoşunlara yeni komandanın təyin olunması da Kremlin uzunmüddətli və genişmiqyaslı işğala hazırlaşdığını göstərir”, - deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Xatırladaq ki, yanvarın 11-də Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

 

İRAN XİN: TÜRKİYƏ VƏ SURİYA ARASINDA DANIŞIQLARIN BƏRPASINDAN MƏMNUNUQ

İran Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü ilə Ankara və Dəməşq arasında dialoqun bərpasını alqışlayır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Beyrutda keçirdiyi mətbuat konfransında Livanda səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“Biz Suriya-Türkiyə təmaslarının davam etməsindən razıyıq və ümid edirik ki, başlayan dialoq iki ölkə üçün müsbət nəticələr verəcək”, - deyə iranlı nazir vurğulayıb.

Nazirin sözlərinə görə, Ankara ilə Dəməşq arasında danışıqların bərpası onların qarşılıqlı maraqlarına uyğundur, həmçinin regionda sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək.

“Biz inanırıq ki, Astana prosesi Suriya-Türkiyə normallaşması ilə güclənəcək və bu, mövcud problemlərin həllinə zəmin yaradacaq”, - deyə İranın XİN başçısı vurğulayıb.

Məlumat üçün qeyd edək ki, 2017-ci ildə Astanada keçirilən üçtərəfli sammitdə Rusiya və Türkiyə ilə birlikdə İran Suriyada sülh yolu ilə nizamlanmanın təminatçısı olub.

 

ÇİN VƏ RUSİYA ARASINDA 38 MİLYARD DOLLARLIQ TİCARƏT KƏSİRİ YARANIB

Ukraynada müharibənin başlamasından sonra qlobal enerji qiymətlərinin yüksəlməsi nəticəsində Çinin Rusiya ilə ticarət kəsiri 2022-ci ildə rekord həddə çatıb. Bu barədə “Report” agentliyi “Bloomberg”ə istinadən məlumat yayıb.

Bildirilir ki, Çin Baş Gömrük İdarəsinin məlumatına görə, 2022-ci ildə dünyanın ikinci ən böyük iqtisadiyyatı Rusiya ilə 38 milyard dollarlıq ticarət kəsiri ilə üzləşib.

Çin Rusiyadan 114,1 milyard dollar dəyərində mal alıb ki, bu da ötən illə müqayisədə 44 faiz çoxdur. Rusiyaya ixrac təxminən 13 faiz artaraq 76,1 milyard dollara çatıb.

Qeyd edilir ki, Avropa İttifaqının sanksiyalarından sonra Çin Hindistan və Türkiyə ilə birlikdə Rusiya xam neftinin əsas alıcılarından birinə çevrilib.

 

PERUDA ETİRAZÇILARIN BAĞLADIQLARI YOLLARIN SAYI REKORD HƏDDƏ ÇATIB

Peruda hökumət əleyhinə etirazçılar tərəfindən bağlanan yolların sayı rekord həddə çatıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Perunun Quru Sərnişin və Yük Daşımaları İdarəsinə istinadən “El Comercio” qəzeti məlumat yayıb.

Bununla yanaşı, nəşrin məlumatına görə, respublikanın 8 rayonunda yerləşən 83 yerdə avtomobil yolları bağlanıb.

Məlumata əsasən, ən çox zərər görən Puno və Kusko departamentləri olub, burada müvafiq olaraq 30 və 18 yolun bağlanması qeydə alınıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 7-də Peru prezidenti Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb. Aksiya iştirakçıları dövlət başçısı Dina Boluartenin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

 

COZEF BAYDEN FEVRALIN 7-DƏ “ÖLKƏNİN VƏZİYYƏTİ” BARƏDƏ ÇIXIŞ EDƏCƏK

ABŞ prezidenti Cozef Bayden fevralın 7-də Konqresin hər iki palatasına illik “Ölkənin vəziyyəti” müraciəti ilə çıxış edəcək. “Trend”in xəbərinə görə, bunu mütəmadi brifinq zamanı Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Biz Nümayəndələr Palatasının spikeri Kevin Makkartidən dəvət aldıq və prezident bu dəvəti qəbul etdi. O, fevralın 7-si, çərşənbə axşamı “Ölkənin vəziyyəti” ilə bağlı çıxışını səbirsizliklə gözləyir”, - deyə mətbuat katibi vurğulayıb.

Daha sonra verdiyi yazılı açıqlamada K.Jan-Pyer Cozef Baydenin çıxışında “respublikaçılar, demokratlar və bütün ölkəyə” müraciət etmək niyyətində olduğunu söyləyib.

Mətbuat katibinin sözlərinə görə, prezident çıxışı zamanı iqtisadiyyatın möhkəmləndirilməsi, ABŞ-ın dünyada rəqabət qabiliyyətinin artırılması, sakinlərin təhlükəsizliyinin və ölkənin birliyinin təmin edilməsi məsələlərinə toxunacaq.

 

RUSİYANI VƏ HƏRBÇİLƏRİNİ TƏHQİR EDƏNLƏRİN ƏMLAKINI MÜSADİRƏ ETMƏK TƏKLİF OLUNUB

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xaricə gedən, Rusiya və onun hərbçilərinin ünvanlarına təhqiramiz ifadələr səsləndirən ölkə vətəndaşlarının əmlaklarının müsadirə edilməsini təklif edib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Dəymiş ziyanı ödəmək üçün onların Rusiya Federasiyasında kifayət qədər olan əmlakının müsadirə edilməsi haqqında bəndi Cinayət Məcəlləsinin müvafiq maddələrinə əlavə etmək düzgün olardı”, - deyə Volodin vurğulayıb.

Dumanın sədri qeyd edib ki, bu, son vaxtlar Rusiyanı, onun sakinlərini, əsgər və zabitlərini təhqir etməyi mümkün hesab edən, “yaramazlara açıq şəkildə dəstək olan həmvətənlərimizə aiddir”.

“Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, bu cür bəyanatlar ekstremizmə çağırış, nasizmin reabilitasiyası və ya Silahlı Qüvvələrin nüfuzdan salınması kimi qəbul edilə bilər. Cinayət tərkibini müəyyən etmək isə istintaqın vəzifəsidir”, - deyə Volodin bildirib.

 

İRANIN MÜDAFİƏ NAZİRİNİN SABİQ MÜAVİNİNİN EDAMI TƏSDİQLƏNİB

İran müdafiə nazirinin sabiq müavini Əlireza Əkbərinin edam olunması ilə bağlı xəbər öz təsdiqini tapıb. “Report”un “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Məhkəmə Sistemi məlumat yayıb.

Eyni zamanda, bildirilir ki, Əlireza Əkbəri barədə çıxarılan edam hökmü icra olunub. Müdafiə nazirinin sabiq müavini Böyük Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib.

Açıqlamaya əsasən, Əlireza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Böyük Britaniya kəşfiyyatına təhvil verib. “O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb”, - deyə rəsmi açıqlamada qeyd olunur.

Bununla yanaşı, Böyük Britaniyanın baş naziri Rişi Sunak İranın müdafiə nazirinin keçmiş müavini Əlireza Əkbərinin edamını öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığı adlandırıb.

Xatırladaq ki, ötən gün “Sabrin News” və “Iran International” saytları öz mənbələrinə istinadən keçmiş nazir müavininin edam hökmünün icra edildiyi barədə məlumatlar yaymışdı.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.