Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Belarus Milli Kitabxanası

Belarusun paytaxtı Minskdə yerləşən Belarus Milli Kitabxanasının binası dünyanın ən qeyri-adi memarlıq nümunələrindən biridir. Belarusun vizit kartı olan Milli Kitabxana müasir informasiya texnologiyaları və mühəndis sistemləri ilə təchiz edilmiş "ağıllı bina" nümunəsidir. Binanın tikintisinə 2002-ci ildə başlansa da, işlər 2006-cı ildə başa çatmışdır.

Rombikuboktaedr (18 kvadrat və 8 üçbucaqdan ibarət çoxbucaqlı) şəklində layihələndirilən binanın bütün konstruksiyaları ilə birlikdə ümumi çəkisi təxminən 115 min tondur. Kitabxananın ümumi sahəsi 113 min, media fasadının sahəsi isə 1985 kvadratmetrdir. 10 mərtəbəli binada 20 oxu zalı mövcuddur. Xüsusi işıqlandırma sistemi ilə təchiz edilmiş binanın LED ekranında axşam saatlarında 65 min rəng çalarından ibarət müxtəlif naxışlar və bayraqlar əks olunur. Bina termostat sistemi ilə təchiz edilmişdir ki, bu da kompleksdə temperaturun sabit saxlanmasına imkan verir. Xarici divarlar boyunca texnoloji dəhlizlər temperaturun dəyişməsinin qarşısını alan bir təbəqə yaradır.

Bu gün Belarus Milli Kitabxanası ölkənin ən böyük informasiya mərkəzidir. Kompleksdə  BMT, UNESCO, Dünya Bankına aid olan mühüm sənədlər saxlanılır. Virtual xidmət göstərən kitabxanada Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlara məxsus sənədlər də mühafizə olunur.

 

Solomon R.Quqqenheym Muzeyi

Dünyanın qədim və ən çox ziyarət edilən muzeylərindən biri olan Solomon R.Quqqenheym Muzeyi Nyu-Yorkda "Muzey mile" adlanan ərazidə inşa olunub. Memarlığın şah əsəri olan muzey  yəhudi əsilli mesenat, kolleksiyaçı və qızıl mədənçisi  Solomon Quqqenheymin təşəbbüsü ilə yaradılıb. Müasir memarlığın ən uğurlu nümunələrindən biri olan Solomon R.Quqqenheym Muzeyinin layihəsini amerikalı memar Frenk Rayt həyata keçirib. Qabaqcıl texnologiya, dizayn və funksional rahatlığın vəhdətini əks etdirən bu unikal kompleksin tikinti işlərinə 1943-cü ildə başlansa da, muzey 21 oktyabr 1959-cu ildə istifadəyə verilib. 

Tərs çevrilmiş piramidaya və ya kosmik gəmiyə bənzəyən binanın interyeri fərqli şəkildə dizayn edilib. Qeyri-adi quruluşa malik binaya daxil olarkən ziyarətçilər ilk öncə liftlə ən yuxarı mərtəbəyə qalxır, daha  sonra isə spiral şəkildə quraşdırılmış pilləkənlərlə aşağı düşürlər. Muzey də eksponatlar atriumdan  əlavə, xüsusi kabellərin köməyi ilə günbəzdən asılı şəkildə sərgilənir. 

UNESCO-nun Ümumdünya İrs Siyahısına salınan unikal muzeydə XIX əsrin sonlarından bu günə qədər olan eksponatlar nümayiş etdirilir. Burada müxtəlif dövrlərin və sivilizasiyaların incəsənətini əks etdirən ən möhtəşəm sərgilər təşkil olunur.

 

"Nəhəng Fuqa balığı" binası

Çinin Tszyansu əyalətində daha bir qeyri-adi bina inşa olunub. Təbii sərvətlərin qorunmasına diqqət çəkmək üçün tikilən  "Nəhəng fuqa balığı" binası Tongji Universitetinin Memarlıq Dizayn və Tədqiqat İnstitutu tərəfindən layihələndirilib. Yerli əhali arasında fikir ayrılığına səbəb  olan  binanın tikinti işlərinə 11 milyon ABŞ dollarından çox vəsait xərclənib.  Sakinlər büdcənin vəsaitini belə bir layihəyə xərcləməyi məntiqsiz hesab edərək şəhər rəhbərliyinin bu addımını cinayət adlandırmışlar.

 Polad və betondan tikilən bina 15 mərtəbədən ibarətdir. "Nəhəng fuqa balığı" binasının uzunluğu 90, eni 40, hündürlüyü isə 62 metrdir. 2100 ton çəkisi olan binanın üst təbəqəsi 8 mindən çox  müxtəlif formalı mis lövhə ilə üzlənib. Buraya gələn ziyarətçilər binanın ən yuxarı mərtəbəsinə liftlə qalxaraq oradan məşhur "Garden Exspo"nun (heykəltəraşlıq bağı) gözəl panoramasını seyr edə bilirlər.

Günəş şüaları altında daha ecazkar görünən binanı görmək üçün hər il minlərlə  turist buraya axın edir. Layihənin  müəllifləri  iddia edirlər ki, yaxın gələcəkdə  "Nəhəng fuqa balığı" binası hətta dünyanın ən böyük dəmir konstruksiyası kimi Ginnesin Rekordlar kitabına da düşəcək.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".