Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Gen terapiyası ilə siçanların ömrü uzadıldı 

Amerikalı alimlər elmi ictimaiyyətin  marağına səbəb olacaq araşdırmaya imza atıblar. Belə ki, elm adamları gen terapiyası ilə siçanların  ömrünü iki dəfə uzatmağı bacarıblar.

ABŞ-ın San Dieqo şəhərində yerləşən biotexnoloji startapı- "Rejuvenate Bio"nun mütəxəssisləri uzun müddətdir ki, üzərində çalışdıqları, yaşlanmanı ləngidən  texnologiya sahəsində çox böyük irəliləyiş əldə ediblər. Tədqiqatçılar gen terapiyası vasitəsilə yaşlı siçanların ömrünü əhəmiyyətli dərəcədə uzatdıqlarını iddia edirlər.

Türkiyə mətbuatında yayımlanan xəbərə görə, yaşlı gəmiricilərin  bədənlərindəki genlər inyeksiya vasitəsilə yenidən proqramlaşdırılıb. Bu üsulla siçanların qalan ömrü iki dəfə artırılıb.  Klinik sınaqlar zamanı inyeksiya olunan siçanların orta hesabla 18 həftə daha çox  yaşadığı müəyyənləşdirilib. Nəzarət qrupundakı, yəni iynə vurulmayan heyvanlar isə  cəmi 9 həftə yaşaya bilib.

Müalicə siçanların embrionlarındakı hüceyrələrdə genetik xüsusiyyətləri dəyişə bilən  müxtəlif cür zülallar vasitəsilə həyata keçirilib. Məlumat üçün qeyd edək ki, bu yöntəmin kəşfi 2012-ci ildə  yaponiyalı bioloq Şinya Yamanakaya Nobel mükafatı qazandırıb.

Mütəxəssislər sözügedən terapiyanın insanlar üzərində tətbiq edilməsinin hələ ki, tez olduğunu bildiriblər. Genlərin  yenidən proqramlaşdırılması  üsulu  tam olaraq öyrənilmədiyi üçün  alimlər bunun böyük risk oduğunu söyləyirlər. Çünki əvvəlki araşdırmaların nəticələri göstərmişdi ki, bu üsul bəzi siçanlarda xərçəngə səbəb olur.

 

Avropa İttifaqı süni intellektə nəzarət edəcək

Son zamanlar ən çox danışılan mövzulardan biri olan süni intellekt artıq elmin sərhədlərini aşmağa və gündəlik həyatımızın demək olar ki, hər  sahəsinə daxil olmağa başlayıb. Dünyanın irimiqyaslı şirkətləri tərəfindən istifadə edilən süni intellekt texnologiyası, texnoloji tərəqqi, istehsal və tətbiq kimi sahələrdə qarşımıza çıxsa da, kifayət qədər müzakirə obyektinə çevrilərək müəyyən fikir ayrılıqlarına səbəb olmaqdadır. Elə bu səbəblə də Avropa İttifaqı yeni qanun layihəsi tərtib etməklə süni intellektə nəzarət etməyi planlaşdırır.

Avropa İttifaqı (Aİ) gender və irqi yanaşmalar, müəllif hüquqlarının qeyri-müəyyənliyi və yasaqlanan  görüntülərin ictimaiyyətə yayımlanması kimi məsələlərə görə tənqid edilən süni intellektə qarşı nəzarəti gücləndirməyi qərara alıb. Mütəxəssislərin fikrincə, xüsusilə son zamanlar  "DALL-E", "Midjourney", "ChatGPT" və "Stable Diffusion" kimi ortaya çıxan sistemlərin tənzimlənməsində yeni qanun layihəsinin hazırlanması vacibdir.  Bu isə onu göstərir ki, sözügedən şirkətlər artıq işlərinə daha şəffaf yanaşmalı və  məsuliyyətli olmalıdırlar.

Əgər süni intellektin tətbiqi ilə məşğul olan şirkətlər yaxın gələcəkdə qəbul olunacaq nəzarət mexanizmlərinə  düzgün əməl etməsələr, dünya üzrə ümumi illik qazanclarının 6 faizini cərimə ödəmək məcburiyyətində qala bilərlər.

Tənzimləyici qurum hazırda qanunun müddəaları  üzərində işləndiyi üçün  təfərrüatları barədə  heç bir açıqlama verməyib.

İnformasiyanı ensonhaber.com veb saytı yayıb.

 

Depressiyanın müalicəsində inqilabi yenilik

Depressiyanın müalicəsində inqilab yaradacaq yeniliyə imza atılıb. Belə ki, Inner Cosmos adlı neyrotexnoloji şirkət depressiyanı müalicə etmək məqsədilə beyin implantı hazırlayıb. Şirkətdən verilən məlumata görə, implant artıq ilk pasientin beyninə uğurla inteqrasiya edilib.

Yeni implant iki hissədən ibarətdir. Birinci hissə elektroddan təşkil olunub və o, cərrahiyyə əməliyyatı vasitəsilə insan kəlləsinin daxilinə yerləşdirilir. İkinci hissə isə xüsusi kapsuldan ibarətdir ki, o, baş nahiyəsinə xaricdən bərkidilir. Kiçik qəpik ölçüsündə olan  implant beynin depressiyaya məruz qalan sahəsinə kiçik elektrik impulsları ötürür. Bu proses hər gün bir dəfə 15 dəqiqə ərzində davam edir.

Başa xaricdən bərkidilən kapsul öz növbəsində çalışaraq beynin neyron aktivliyini ölçür. Neyron aktivliyinin ölçülməsi hesabına implant beynin depressiyaya məruz qalan sahəsinə ötürülən elektrik impulslarının həcmini təyin edir. Günün digər vaxtlarında isə pasientin başına xaricdən bərkidilən cihazdan istifadə etməsinə ehtiyac yaranmır.

ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərindən olan pasient sözügedən  implantın sınaqlarında iştirak edən ilk pasientdir. O, implantdan 1 il ərzində istifadə etməlidir. Bu cür texnologiya öz növbəsində psixi sağlamlıqda olan problemlərin  ənənəvi üsullarla deyil, aparat təchizatı (hardware) səviyyəsində müalicə edilməsinə imkan verərək elm sahəsində  yeni dövrün başlamasına gətirib çıxara bilər.

 

NASA-dan daha bir əlamətdar kəşf

Amerikanın Milli Aerokosmik İdarəsi (NASA) yerdən təxminən 100 milyon işıq ili uzaqlığında, iriliyinə və yaşamaq üçün əlverişli atmosferinə görə planetimizə bənzəyən ekzoplanet kəşf edib.

Yer kürəsi ölçüsündə və TOI 700 adlı ulduz sistemində olan planet  NASA-nın kosmik teleskoplarından biri - Transiting Exoplanet Survey Satellite (TESS)  tərəfindən kəşf edilib. Yeni planetdə potensial olaraq su və hətta həyat növü mövcud ola bilər. Tədqiqatçıların fikrincə,  bu, çox unikal bir hadisədir. Belə ki, tədqiq edilmiş ulduz sistemlərinin çoxu Yer kürəsi standartlarına cavab verən planetlərə ümumiyyətlə sahib deyil.   

Yer kürəsi ölçüsündə olan bu planet öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edir. Planetimizdən 100 işıq ili uzaqlığında yerləşir. Bu ulduz qırmızı cırtdan sinfinə daxildir və o, öz ətrafında yerləşən planetlərdə potensial olaraq mövcud olan həyat növlərini məhv edə biləcək qeyri-adi aktivlik sərgiləmir. TOI 700 adlı planet nəzəri cəhətdən həyat üçün münbit şəraitə sahib ola biləcək planetə bənzəyir. O, Yer kürəsindən təqribi olaraq 20 faiz daha böyükdür və öz ulduzu ətrafında tam dövrü 37 günə reallaşdırır. Planetin səthindəki temperatur suyun maye şəklində mövcud olması üçün uyğundur. Bundan əlavə, planet öz oxu ətrafında elə  sürətlə fırlanır ki, onun yalnız bir tərəfi ulduza tərəf istiqamətlənmiş olur. Bu baxımdan o, Ayı xatırladır.  

TESS teleskopu yaxın günlərdə  TOI 700 ulduz sisteminə  yenidən nəzər yetirəcək. Bununla belə, alimlər digər teleskoplar vasitəsilə də müşahidələr aparmağı planlaşdırırlar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".