İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Azərbaycan çempionatı davam edir

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib. Çempionatın lideri olan Vasif Durarbəyli ardıcıl olaraq dördüncü qələbəni qazanmaqla birinci pillədəki yerini qoruyub saxlayıb. Şiroğlan Talıbov  Xəzər Babazadəni, Vüqar Əsədli Ülvi Sadıqovu, Məhəmməd Muradlı Fariz Əhmədovu üstələyib. Əhməd Əhmədzadə qara fiqurlarla İsmayıl Şahəliyevə uduzub. 4-cü tur çempionatın debütantı Xaqan Əhmədin ilk heç-heçəsi ilə əlamətdar olub. Digər oyunlara gəlincə - Eltac Səfərli-Aydın Süleymanlı, Abdulla Qədimbəyli-Vüqar Manafov, Fərid Mustafayev-Elvin Bayramov arasında oynanılan partiyalar heç-heçə ilə yekunlaşıb. Dörd turdan sonra Vasif Durarbəyli maksimum xalla birinci pillədə qərarlaşıb. İkinci pillədəki Şiroğlan Talıbov liderdən 1 xal hesabı ilə geri qalır. 3-7-ci yerləri bölüşdürən Aydın Süleymanlı, Vüqar Əsədli, Eltac Səfərli, İsmayıl Şahəliyev, Məhəmməd Muradlının aktivində 2,5 xal var. 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcəklər. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

 

Tennisçimiz ən istedadlılar sırasında

Stolüstü tennisçimiz Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq.

Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına beş qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən bu stolüstü tennisçilər yanvarın 16-dan 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və miniturnirlərdə iştirak edəcəklər.

 

Qadın boksçularımız Millətlər kuboku yarışında

Yanvarın 17-22-də Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku yarışı keçiriləcək.  14 ölkənin qatılacağı turnirdə Azərbaycan millisi 4 yaş kateqoriyasında mübarizə aparacaq.

Turnirdə Səma Hüseynova (54 kq) məktəblilərin, Banuçiçək Nəsirli (46 kq) yeniyetmələrin, Aysu İsmayılova, Lalə Mədətova (hər ikisi 48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) gənclərin yarışında güclərini sınayacaqlar. Böyüklərin mübarizəsində isə rinqə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Məhsəti Həmzəyeva (57 kq), Esmira Məmmədova (63 kq) və Şəhla Allahverdiyeva (66 kq) çıxacaq.

 

Azərbaycanlı hakim təyinat alıb

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək. O, “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq.

Nərgiz İSMAYILOVA,

“Respublika”.