DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA PREZİDENTİ ARESTOVİÇİN İSTEFASINI QƏBUL EDİB

Ukraynanın dövlət başçısı Volodimir Zelenski Prezident Ofisinin müşaviri Oleksi Arestoviçin istefasını qəbul edib. “Report”un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə V.Zelenskinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, yanvarın 15-də axşam O.Arestoviç “Feigin Live” yutub kanalının efirində Dneprdə yaşayış binasının bir hissəsini dağıdan raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və nəticədə çoxmərtəbəli binanın üzərinə düşərək partladığını bəyan etmişdi.

Verilən xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Dneprdəki vəziyyəti şərh edərkən O.Aretoviçin sözlərindən sitat gətirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Oleksi Arestoviçin sözlərini təkzib edərək bildirib ki, Rusiyanın atdığı “X-22” raketlərini vurmaq üçün Ukrayna hərbçilərinin vasitələri yoxdur.

Qeyd edək ki, yanvarın 15-də Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

 

BMT LİVİYADA HƏRBİ KOMİTƏYƏ DƏSTƏK VERMƏYƏ ÇAĞIRIB

BMT-nin Liviyaya Dəstək Missiyasının rəhbəri Abdullah Batili beynəlxalq ictimaiyyəti ölkədə atəşkəsin “tam şəkildə həyata keçirilməsi” üçün 5+5 Birgə Hərbi Komitəyə dəstək verməyə çağırıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, Abdullah Batili BMT-nin vasitəçiliyi ilə ordu və ölkənin şərqindəki qruplaşmaların lideri Xəlifə Həftara sadiq qüvvələrlə görüş keçirib.

Komitə üzvlərinin Liviyada sülh və sabitlik üçün çalışmaq əzmi hiss etdiklərini bildirən Abdullah Batili görüşdə xarici qüvvələrin və muzdluların ölkə ərazisindən çıxarılması məsələsini müzakirə etdiklərini dilə gətirib.

“Atəşkəs rejimini müşahidə edən beynəlxalq və yerli müşahidəçilərlə görüşdük. Siyasətçilərdən ordunun ölkəni mövcud böhrandan çıxarmaq üçün etdiklərinə sadiq qalmasını gözləyirik. Siyasətçilər qətiyyətli olarsa, Liviya böhranı sona çatacaq”, - deyə BMT rəsmisi əlavə edib.

 

İRANDA DƏRMAN BÖHRANI MÜŞAHİDƏ OLUNUR

İranda 170-dən çox adda dərman preparatı çatışmazlığı yaranıb. “Report” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, dərmanların qiymətinin bahalaşması və qıtlığı səbəbindən pasiyentlər ciddi problemlə üzləşib.

Məlumata əsasən, müşahidə olunan soyuq hava şəraiti ölkənin müxtəlif bölgələrində mövsümi xəstəliklərə yoluxma hallarını artırıb. Bu isə müəyyən dərman preparatlarına olan tələbatın kəskin artmasına səbəb olub.

Bununla yanaşı, qış ayları olmasına baxmayaraq son günlər İranda təbii qazın təchizatında fasilələrin yaranması əhali arasında xəstələnmə sayını daha da artırıb.

Tehran hakimiyyətinin yürütdüyü siyasət səbəbindən ölkə iqtisadiyyatına, o cümlədən neft-qaz sənayesinə tətbiq edilən sanksiyalar da farmakoloji sahədə problem yaradıb.

Mütəxəssislər hesab edirlər ki, ölkədə son aylar milli valyutanın inflyasiyasının proqnozlaşdırıldığından çox olması iqtisadiyyatı ciddi problemlərlə qarşı-qarşıya qoyub. Həmçinin İran iqtisadiyyatına, o cümlədən təbii qaz hasilatı sahəsinə xarici sərmayənin qoyulmaması, yaxud azlığı gəlirləri sürətlə azaldıb.

 

ÇİN ƏHALİSİ SON 60 İLDƏ İLK DƏFƏ AZALIB

Çinin əhalisi 2022-ci ildə 850 min nəfər azalaraq, 1961-ci ildən bəri  olan göstəriciləri üstələyib. “TRT” telekanlının verdiyi xəbərə görə, bu barədə Çin Milli Statistika Bürosunun açıqladığı hesabatda qeyd edilib.

“Ötən il əhalinin sayı 2021-ci illə müqayisədə 850 min nəfər azalaraq 1 milyard 411 milyon 750 min nəfər təşkil edib. 2022-ci ildə yeni doğulanların sayı 9,56 milyon, ölənlərin sayı isə 10,41 milyon nəfər olub”, - deyə hesabatda bildirilir.

Eyni zamanda, verilən xəbərə əsasən, Çində bir uşaq məhdudiyyəti əvvəlki illərdə ləğv olunsa da, ailələr yaşayış xərcləri kimi səbəblərə görə yeni uşaq sahibi olmaqdan imtina edirlər.

Çin Milli Statistika Bürosunun açıqladığı məlumatlar ölkə iqtisadiyyatının da gerilədiyinə diqqət çəkib. Belə ki, Çin iqtisadiyyatı 2022-ci ildə 5,5 faizlik hədəfdən geri qalalaraq 3 faiz artım təşkil edib.

 

TÜRKİYƏ-FİNLANDİYA GƏRGİNLİYİ PİK HƏDDƏ ÇATIB

Türkiyə ilə İsveç və Finlandiya münasibətlərində gərginlik davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, belə bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “130 terrorçunu Ankaraya təslim etməlidirlər, lakin təəssüf ki, bunu bacarmadılar” deməsi gərginliyi daha da artırıb.

Finlandiya Parlamentinin xarici əlaqələr komitəsinin sədri Jussi Halla Türkiyə prezidentinin dediyi rəqəmin dəqiq olmadığını iddia edib. Komitə sədri əlavə edib ki, bu rəqəm proqnoza bənzəyir: “Bu, İsveçdəki təxribata reaksiya olaraq ortaya çıxıb. Bu rəqəm ortaya çıxanda öz aramızda danışdıq və terrorçuların kim olduğu barədə heç bir məlumatımız yoxdur”.

Digər tərəfdən Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Türkiyə ekstradisiyasını istədiyi şəxslərin yeni siyahısını onlara təqdim etməyib.

Finlandiya parlamentinin sədri Matti Vanhanen isə qeyd edib ki, Ərdoğanın davamlı tələbləri bizi təəccübləndirir. “Türkiyə bilməlidir ki, onların geri qaytarılması mümkün deyil. Biz NATO-ya üzvlük üçün bütün meyarlara cavab veririk”, - deyə parlament sədri əlavə edib.

 

YAPONİYA “COVID-19”u QRİP KATEQORİYASINA ƏLAVƏ ETMƏK İSTƏYİR

Yaponiya hökuməti mütəxəssislərin köməyi ilə “COVID-19” infeksiyasının statusunu dəyişərək onu mövsümi qripə uyğun kateqoriyaya keçirməyin perspektivini araşdırır. “TRT” telekanalının Yaponiya mediasına istinadən verdiyi xəbərə, bunu ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato Tokioda təşkil olunan mətbuat konfransında bəyan edib.

Məlumata görə, hazırda Yaponiyada yoluxucu xəstəliklərin ikinci kateqoriyasında yer alan “COVID-19” infeksiyasına yoluxanlar tamamilə dövlət hesabına müalicə olunur. Koronavirusun mövsümi virus xəstəliklərini əhatə edən beşinci kateqoriyaya endirilməsindən sonra müalicə və peyvənd xərclərini dövlət deyil, xəstənin özü ödəyəcək. Belə dəyişikliklər edilərsə, koronavirus peyvəndi də ödənişli olacaq.

Lakin Yaponiyada koronavirusa yoluxma hallarının yüksək səviyyəsi hələlik belə qərarların qəbuluna maneə törədir. Həmçinin 2022-ci ilin dekabrından başlayaraq koronavirus infeksiyasından ölüm hallarında artım müşahidə edilir. Ötən ayın ortalarından bəri koronavirusa yoluxan 10 minə yaxın insan həyatını itirib. Bu pandemiya dövründə qeydə alınan ölüm hallarının təxminən 16 faizidir.

Qeyd edək ki, Yaponiyada əhalinin 80 faizdən çoxu koronavirusa qarşı ən azı iki doza ilə peyvənd olunub.

 

POLŞA UKRAYNAYA260 ƏDƏD TANK GÖNDƏRİB

Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 “T-72” tankı təhvil verib. “Report”un “Ukrinform” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avropanın müdafiəsində” adlı paneldə çıxışı zamanı bildirib.

Bununla yanaşı, dövlət başçısı Kiyevə hərbi yardımın Ukraynanın şərqindəki çətin vəziyyətin həllində əsas element olduğunu vurğulayıb. “Ukraynanın müdafiəçilərinə çoxlu sayda ən müasir silahlar göndərməyə davam etsək, ukraynalılar Rusiyanı dayandıra biləcəklər”, - deyə prezident qeyd edib.

Anjey Dudanın sözlərinə görə, Ukraynaya daha çox hərbi yardım göstəriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Polşa hökuməti Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi barədə qərar qəbul edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.