GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MİRCAMAL HÜSEYNİ (İNCİK)

1973-cü ildə qədim adı Muğan olan Parsabad şəhərində dünyaya göz açıb. İbtidai və orta məktəbi həmin şəhərdə bitirib, sonra hərbi xidmətini başa çatdırıb. Ailə qurduqdan sonra Tehrana üz tutub. Ali təhsil alıb. Mircamalın ədəbiyyat aləminə qədəm qoymasında şair qardaşı Mircəlil Hüseyninin böyük təsiri olub. Azərbaycanın çağdaş dövr tanınmış şairləri ilə ünsiyyət qurub, klassik ədəbiyyatı öyrənib və şeir sənətinin incəliklərinə yiyələnib.

Muğan ədəbiyyat dərnəyinin fəal üzvüdür. Dörd şeir kitabını çapa hazırlayan şair hələ ki, onların çapına nail ola bilməyib...

 

Qarabağda

Səsləndi "Heyratı", "Cəngi", "Koroğlu",

Üz tutub igidlər cəbhəyə doğru,

Titrəyir qorxudan qəsbkar oğru

Göstərib ordumuz şan, Qarabağda!

 

Ağardıb isarət Zəngəzur saçın,

Gözləri yol çəkir, Kəlbəcər, Laçın,

 Müqəddəs Şuşanın qolların açın

Ağlasın şikəstə Xan, Qarabağda!

 

Görməsə düşməni dardan asılı,

Çətin ki, bağışlar bizi Xocalı…

Düşmənin o zaman pozular halı,

Ordumuz görəndə san, Qarabağda!

 

Arzumdur elə ki basıldı yağı,

Ucaldı Şuşada Vətən bayrağı,

Görəydim yuxudan ayılan çağı

Sökülmüş bu səhər dan, Qarabağda!

 

 MƏSUD HARAY

"İran adlı bir hökumətin caynağı altında, Güney Azərbaycan bölgəsində kimliyim örtbastı edilən bir yerdə dünyaya göz açdım (1974, Xoy, Urmu). 8 ilə yaxın fars şovinizm dəyirmanına su tökdüm (farsca şeir yazdım), duyğularımı, kədərlərimi ata-anamla paylaşım deyə, türkcə düşünməyə başladım, bu yaşayışımın acı çağlarının başlanışı oldu. Daha sonra bu acı içimi gəzdi və məni kim olduğuma doğru sürüdü və indi mən şair deyiləm, bəlkə vətənim Azərbaycanın acıyan yarasıyım".

Türkcəmiz təmizdir,

taysızdır, qızım

Gün gəlir dərdimiz dağ olur, qızım,

Qapqara baxtımız ağ olur, qızım,

İnləyən yaramız sağ olur, qızım.

Biz Vətən namına ölməyəcəyiz,

Düşmənin üzünə gülməyəcəyiz.

***

Əl-ələ verərkən qalxacayıq biz,

Tarixə qanı ilə salacayıq iz,

Səninlə birlikdə olacayıq biz.

Sel kimi, vulkan tək patlayacayız,

Dağ-dərə saymadan atlayacayız.

***

Bu Vətən, bu topraq namusumuzdur,

Düşmənə verəcək kabusumuzdur,

Biz Türküz, türkcəmiz qamusumuzdur,

Türkcəmiz təmizdir, taysızdır, qızım.

Tarixdə fəxrimiz saysızdır, qızım.

***

Tökülür gözümdən təkər-təkər yaş.

Hönkürüb gecələr ağlıram yavaş.

Ayılsa millətim, başlanır savaş.

Biz Vətən namına ölməyəcəyiz,

Düşmanın üzünə gülməyəcəyiz.

 

(əvvəli 14, 15 və 17 yanvar tarixli saylarımızda)

Təbrizin çoxlu sayda bənzərsiz tarixi abidələri sırasına daxil olan tarixi evləri də memarlıq üslubları, arxitekturası ilə diqqət çəkir. Qeyd edək ki, tarixin hər bir dövrü özünəməxsus memarlıq üslubları ilə fərqlənir. Bu dəyişiklik zövqlər və dəblər, eləcə də yeni tikinti üsulları və materiallarında əks olunur. Qacar hakimiyyətinin - Abbas Mirzənin dövründə Təbriz şah sarayına çevrilir və şəhərdə tarixi memarlıq üslubunda çoxlu sayda evlərin tikilməsinə səbəb olur. 1814-cü ildə Təbrizdə baş verən böyük zəlzələdən sonra və Qacarların hakimiyyəti dövrünün ilk illərində Təbrizdə tikinti sahəsində böyük canlanma yaranır, şəhərsalma çiçəklənir. Tarixinə dəyər verən insanlar, memar və arxitektorlar Təbrizin xarabalıqları üzərində bir-birindən gözəl arxitekturalı evlər ucaldaraq şəhəri yenidən qururlar.

Statistik məlumatlara görə, Təbrizdə hazırda memarlıq üslubları baxımından böyük əhəmiyyət daşıyan, əksəriyyəti Qacar dövründə tikilmiş beş yüzdən çox qiymətli tarixi ev mövcuddur. Bu gün bu evlərin az bir hissəsi alınır, təmir olunur və qorunub saxlanır. Çünki rəsmi məlumatlara görə, hazırkı kredit şərtləri ilə evlərin bütövlükdə alınması prosesi, ən azı yüz ildən çox çəkə bilər.

Əmir Nizam Gəruslu ev-muzeyi Qacar türk şahlıq sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilən çoxlu sayda görkəmli və tarixi binalardan biridir. Hazırda Qacar muzeyi kimi istifadə olunan bu bina Nasirəddin şah Qacar dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı inşa edilib. Qaynaqlara əsasən bu bina o tarixdən Qacar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə olunub. Bina 2006-2007-ci illərdə təmir edilib. Qacar muzeyi kimi istifadəyə verilməsinin səbəbi isə Təbriz şəhərinin Darülsəltənə-Sultanlıq divanı, Qacar sülaləsinin başlanğıcından və Abbas Mirzə vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı olması və Tehrandan sonra ən böyük və önəmli şəhəri olmasıdır.

Mükəmməl memarlıq-incəsənət nümunəsi olan Əmir Nizam Gəruslu binası 1500 kvadratmetr ərazidə ikiqatlı tikilib, içində hovuz və fəvvarələri olan iki iç və xarici həyətə malikdir. Binanın eyvanını 16 sütun saxlayır. Birinci qatda pul, tikiş, çini, şüşə, metallar və musiqi sahəsinə aid, yeraltı qatda isə daş, silah, sərkərdə və paşalar, memarlıq və şəhərsalma qalereyaları nümayiş edilir.

Təbrizin lap mərkəzində yerləşməsinə baxmayaraq, gözardı edilərək unudulan və dağılmaq üzrə olan tarixi memarlıq üslublu tikililərdən biri də Həriri evidir. Bu tarixi memarlıq abidəsi Tərbiyət xiyabanının Nur-Haşimi küçəsində yerləşir. Binanın memarı və qurucusu məlum deyil, ancaq dağıntılardan salamat qalan bəzi yerlərin görüntüləri onun Qacar dövrünə aid olduğunu göstərir. 1999-cu il 27 yanvar tarixindən etibarən də Həriri evi İİR-in milli abidələri siyahısına daxil edilib.

Həriri evinin interyer və eksteryerində mövcud olan çoxlu sayda mürəkkəb, müxtəlif dizayn təsvirləri, zəngin naxış və rəngləri, otaqların divarlarında nəqş olunan və özündə maraqlı mövzuları əks etdirən bənzərsiz şəkilləri və Qacar dövrünün rəsm üslubu-mural sənətinin tətbiqi bu möhtəşəm tikilinin Təbrizdə, hətta İranın tarixi evləri sırasında önəmli bir yer tutmasına səbəb olub. Təbrizin ən gözəl tarixi evi-abidəsi sayılan Həriri evi bütövlükdə 1500 m-dən çox əraziyə malikdir və 4000 kvadratmetrlik üç tarixi evdən ibarətdir.

Qacar türk hökumətinin əvvəllərində tikildiyi müəyyənləşdirilən, xarici və daxili hissələrdən ibarət Həriri evi ikimərtəbəli, ikiblokludur. Həm xarici, həm də daxili hissəsinin üzü qibləyə baxan iki həyəti var...

Kərpicdən tikilmiş binanın çölünü - eksteryerini Qacar dövrü miniatür sənətinin təzahürü olan orijinal rəsmlər bəzəyir. Evin divarlarında isə Qurandan gələn bəzi ibrətamiz hekayələr, "Yusif və Züleyxa", eləcə də digər tarixi hekayələr, mifoloji mövzularda işlənən və bənzərsiz gözəlliyi ilə tamaşaçını valeh edən orijinal rəsmlər çəkilib. Evin eksteryeri-xarici hissəsi nisbətən bütövdür. İnteryeri isə daha çox zərər görüb. Daxili hissə xarici binaya qoşularaq Pərvəriş məktəbinin xiyabanı vasitəsilə Tərbiyət xiyabanına bağlanır.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.