Böyük Qayıdış
Siyasət

Böyük Qayıdış

Dağıdılmış yurd yerlərinin bərpası o torpaqlarda məskunlaşmanı  xəyaldan gerçəyə çevirir

"Əlbəttə, istəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq".

Bu fikirləri Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycanın təkcə iqtisadiyyatına deyil, mədəniyyətinə, tarixi-mədəni irsinə də ciddi ziyan vurdu.

İşğal nəticəsində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qaldı. Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan edərək əlavə qazanc mənbəyinə çevirdi. Xüsusilə, Suriyadan  erməni əsilli qaçqınların Laçında qeyri-qanuni və  məqsədyönlü şəkildə  məskunlaşdırılması siyasətini apardı. Bütün bunlar isə beynəlxalq təşkilatların gözü qarşısında baş verdi. Azərbaycanın etirazlarına baxmayaraq, heç bir qurum Ermənistanı beynəlxalq hüquqi norma və prinsipləri pozduğuna görə qınamadı, ona qarşı hər hansı sanksiya tətbiq edilmədi. Ancaq xalq ümidini itirmədi, bu haqsız dünyadan ədalət gözlədi.

Nəhayət, zaman yetişdi və Azərbaycan  beynəlxalq qanunların aliliyini və tarixi ədaləti özü bərpa etdi. Vətən müharibəsində qazanılan Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

Bu gün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda bərpa-quruculuq işləri aparılır. Bəllidir ki, ermənilər işğal dövründə  Laçında misilsiz vəhşiliklər törədiblər. Artıq Laçın azaddır və Azərbaycan dövləti digər işğaldan azad olunmuş ərazilərlə yanaşı, Laçına öz əbədi sakinlərinin qaytarılması istiqamətində böyük işlər görür.

2021-ci il fevralın 15-də Həkəri çayı üzərində 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini, ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. 2021-ci ilin avqust ayında isə Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub və hazırda torpaq işləri davam etdirilir. Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ilin sonlarında tamamlanması planlaşdırılır.

"AzVirt" MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov mətbuata açıqlamasında deyib ki,  mürəkkəb relyefə görə Laçında torpaq işləri  çox vaxt aparır. Hesab edirik ki, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlləri Laçın Beynəlxalq Hava Limanında işlər yekunlaşacaq. Hazırda  üç əsas: uçuş enmə zolağı, perronun sahəsi və yönəldici yolların salınması istiqamətində işlər gedir.

Dövlət başçısının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı Sərəncamına əsasən bu məqsədlə dövlət büdcəsindən ilkin olaraq 800 min manat ayrılıb.

Laçında vaxtilə mövcud olan, lakin işğal zamanı darmadağın edilən 14 kiçik su elektrik stansiyasının bərpası və əlavə 14 yeni su elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Beləliklə, Laçında 28 su elektrik stansiyası olacaq. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi "Laçın" qovşaq yarımstansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xətlər vasitəsilə Azərbaycanın ümumi enerjisinə ötürüləcək.

2022-ci il sentyabrın 21-də "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən  Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimi olub. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki "Şükürbəyli" yarımstansiyasından çıxaraq "Cəbrayıl", "Zəngilan", "Qubadlı" yarımstansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, "Daşkəsən" yarımstansiyasından "Kəlbəcər" və "Qorçu" yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt "Laçın" şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.

Dövlət büdcəsindən Laçının və Sus kəndinin, eyni zamanda Laçın rayonunun şəhər mərkəzində yerləşən 2 nömrəli tam ümumorta məktəbin tikintisinə də kifayət qədər vəsait ayrılıb.

Azərbaycan ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Ötən il Laçın rayonu ərazisində də yeni inşa edilmiş yerləşmə məntəqələri istifadəyə verilib.

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planına əsasən, bərpa işləri məskunlaşma zonalarının miqyasından və iqtisadi potensialından asılı olaraq 3 mərhələdə aparılır. Əlbəttə ki, ilk növbədə, əhalinin köçürülməsi üçün infrastruktur yaradılmalıdır. Bunun üçün də şübhəsiz ki, vaxt tələb olunur. Ekspertlərin fikrincə Şuşa, Laçın və Kəlbəcərin bəzi yerlərində müəyyən şərait olduğundan oralara əhalinin köçürülməsini sürətləndirmək olar. Onlar hesab edir ki, Xankəndi və ətrafında erməni planlarının iflası üçün xüsusən Şuşa və Laçında məskunlaşma sürətləndirilməlidir. Bu, həm insanların öz yerlərinə qayıdıb həsrətlərinə son qoyulması, həm də ermənilərin məkrli niyyətlərinin qarşısının alınması baxımından vacibdir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına  müsahibəsində həmçinin deyib: "Hazırda Laçında və kəndlərində yüzlərlə evlər tikilir. İlin sonuna kimi birinci qrup laçınlılar yerləşdiriləcək. Zabux və Sus kəndinə də 200-dən artıq ailələrin köçürülməsi planlaşdırılır. Paralel olaraq digər rayonlarda da işlər aparılır. Zabuxda ermənilərin yaşadığı evi hansısa bir iş adamı tikmişdi. O evlərdə hazırda həmin bölgədə xidmət aparan  Azərbaycan hərbçiləri qalır. Biz o evlərdən kazarma kimi istifadə edirik. Vətəndaşlarımız üçün isə yeni qəsəbə salırıq".

Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri sərhəd boyu davam edir. Şuşada, Füzulidə, Zəngilanda, Ağdamda geniş infrastruktur yaradılır, tədricən bölgələrimizin əvvəlki siması özünə qayıdır. Qayıdan həm də o yerlərin əbədi sakinləri olacaq...

Zümrüd QURBANQIZI,

"Respublika".