Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin qəbulunu oxuculara təqdim edirik.

"Respublika".

 

ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin qəbulu (Koloniyaların Böyük Britaniya krallığından

ayrılması və Amerikanın yüksəlişinin başlanğıcı)

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarxin gedişatına təsir edən əlamətdar hadisələrdən biri də ABŞ-da İstiqlaliyyət Bəyannaməsinin qəbul olunmasıdır. Bu sənəd yeni bir dövlətin yarandığını elan etməklə yanaşı, həm də bütün dünyada ilk dəfə olaraq insan azadlıqlarının şərhini vermişdir. Üsyan qaldırmış müstəmləkələr İngiltərədən ayrılaraq, yeni və müstəqil dövlət olan Amerika Birləşmiş Ştatlarına birləşdirilmişdir.

1776-cı ilin 4 iyul tarixində Tomas Cefferson tərəfindən hazırlanmış İstiqlaliyyət Bəyannaməsi Filadelfiyada imzalanıb və ABŞ Federasiyasına daxil olan 13 ştat tərəfindən yekdilliklə qəbul edilib.

Şimali Amerikadakı 13 koloniya dövləti Amerika Birləşmiş Ştatlarının Müstəqilliyi haqqında Bəyannaməni qəbul edərək İngiltərəyə qarşı suverenliklərini elan ediblər. Bununla da dünya tarixində ilk dəfə olaraq müstəmləkə öz metropoliyasından müstəqillik almağa nail olub. Sənədin qəbulu, bilavasitə müstəmləkələrin metropoliyadan ayrılması ilə yanaşı, yeni müstəqil dövlətin - Amerika Birləşmiş Ştatlarının yaranmasına, xalqın suverenliyi ideyası, bütün insanların qanun qarşısında bərabərliyinə və "yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq" hüququnun təmin olunmasına səbəb olub. Müstəqillik bəyannaməsində qeyd olunmuş hüquqi təminat həmçinin o dövrdə Avropada mövcud olan bəzi anlayışları da kökündən sarsıdıb. Belə ki, o vaxta qədər heç bir yerdə şəxsiyyətin hüquqlarına bu qədər üstünlük verilməmişdi.

İstiqlaliyyət Bəyannaməsi tarixdə birinci dövlət sənədidir ki, dövlət həyatının əsası kimi xalqın suverenlik ideyasını bəyan edir. Bəyannamədə təsdiq edilirdi ki, insanların təbii, ayrılmaz hüquqları hakimiyyət tərəfindən qəbul edilən istənilən qanundan yüksəkdə dayanır.

Xoşbəxtliyə canatma hüququnun insanın təbii ayrılmaz hüququ olduğu fikri ilk dəfə tarixdə siyasi sənəd kimi İstiqlaliyyət Bəyannaməsində öz əksini tapıb: "Biz belə bir həqiqəti tam aşkar hesab edirik ki, bütün insanlar anadan bərabər doğulur və bu zaman Yaradan onlara müəyyən ayrılmaz hüquqlar bəxş edir ki, bunların sırasında yaşamaq, azadlıq və xoşbəxtliyə canatma hüququ da vardır". Bununla da ABŞ-ın qurucularından olan Tomas Ceffersonun müəllifliyi ilə hazırlanan tarixi sənəd müasir qərb siyasi sisteminin əsasını qoyur.

Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, liberalizm prinsipini irəli sürmüş böyük mütəfəkkir Con Lokk tərəfindən şəxsiyyətin təbii və ayrılmaz hüquqları kimi göstərdiyi triada: "yaşamaq, azadlıq və mülkiyyət", T.Cefferson tərəfindən irəli sürülən triadada belə ifadə edilib: "yaşamaq, azadlıq, xoşbəxtliyə canatma hüququ". Bəyannamədə ifadə edilən xoşbəxtliyə canatma hüququ ilə dünyada ABŞ-ın böyük imkanlar ölkəsi kimi tanınması arasında qarşılıqlı əlaqə danılmazdır. Ona görə də ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin tədqiqatçılar tərəfindən dünyanı dəyişdirən yüz böyük ideyadan biri kimi dəyərləndirilməsi təsadüfi deyildir.

Sənəddə demokratik dövlətə məxsus atributların hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq, azad inkişafı üçün şərait yaradılması qeyd edilirdi. Ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi.

Bütövlükdə Bəyannamə böyüməli və möhkəmlənməli olan bir dövlətin əsasını qoymaqla yanaşı, bütün dünyada istiqlal hərəkatları üçün də ilham mənbəyi rolunu oynayıb. Belə ki, sənəddə yer alan fikirlər 1789-cu il Böyük Fransız İnqilabının ilk aylarında qəbul edilmiş İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinə təsir edib. İnsanların "təbii və ayrılmaz haqlarının təmin edilməsini" - azadlıq, mülkiyyət, təhlükəsizik və zülmə müqavimət, insanların azad doğulması və onların "azad və bərabərhüquqlu" olmağı davam etməsini aktuallaşdırıb.

Bəyannamədəki digər önəmli məqamlardan biri də müstəqilliyə və hakimiyyət haqqına sahib olmağın vurğulanmasıdır: "Bəşər tarixində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və Yaradanın ona da bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır...".

İkinci Kontinental Konqresin üzvləri sözügedən tarixi sənədi qəbul edərək Amerikanı Britaniya kralının idarəsindən alaraq müstəqil etdilər. Amerika Birləşmiş Ştatlarını - faktiki olaraq müstəqil olan dövlətlərin unikal bir ittifaqını yaratdılar. Bu dövlət bir sənəd üzərində başladı və sonrakı illər ərzində dayanmadan inkişaf etdi. Bəli, Amerikanın tarixində də dəfələrlə iqtisadi böhranlar, siyasi qalmaqallar, lokal da olsa etnososial qarşıdurmalar və sair yaşandı. Ancaq bu münaqişələr dövləti sarsıtmadı. İnkişaf üçün motivasiya verdi deyə bilərik. Hazırda ABŞ dünyada ən böyük siyasi gücə, ən nəhəng iqtisadiyyata, ən güclü orduya, ən yüksək elmi və texnoloji potensiala, ən geniş coğrafiyada və iqtisadi bazar miqyasında sərbəst dönərli valyutaya, demokratik azadlıqların bərqərar olma və qorunma səviyyəsinə, stabil, qadir sosial müdafiə mexanizminə, yaxşı təhsil modelinə, ədalətli məhkəmə hakimiyyətinə, seçilmiş və Konstitusiya çərçivəsində işləyən hökumətə və bir çox başqa üstünlüklərə sahibdir.

İstiqlaliyyət Bəyannaməsinin öz mətninə nəzər salaq. Bəyannamədə deyilir: "Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən hökumət qurur, odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur dərk edir ki, çoxdan bəri formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz edilməməlidir, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə mümkün olduqca dözməyə daha meyillidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl məqsəd - xalqı sonu görünməyən despotizmə tabe etdirmək məqsədi daşıyırsa, onda bu cür iqtidarı devirmək və özünün gələcək əmin-amanlığını təmin edən etibarlı bir zəmin yaratmaq xalqın haqqı və borcudur".

Bu sitatdan da göründüyü kimi, İstiqlal Bəyannaməsi Amerika Birləşmiş Ştatlarında demokratiyanı, azadlıqları ən yüksək mərtəbədə qorumağı təsbit edib. Azadlıq hüququnu insanların təbii hüquqları sırasında ilk cərgədə qoyub. Sənədin mətnindən göründüyü kimi, bu, təkcə Amerika xalqının deyil, bütün xalqların istiqlal və azadlıq bəyannaməsidir. Despotik quruluşlara qarşı bəyannamədir. Bu sənəd qəbul olunduqdan sonra Avropaya, bütün dünyanın taleyinə təsir etdi. Cəmi 3 il sonra Fransa İnqilabı baş verdi, kral devrildi və edam edildi. Daha sonra bəşər tarixində misilsiz hadisə olan Almaniya burjua inqilabı baş verdi. Bu, təkcə Avropada deyil, bütün dünyada yeni tendensiyaların, azadlığa və inkişafa canatımın əsasını qoydu.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini elan edən demokratik dövlət qurucuları da Amerika İstiqlaliyyət Bəyannaməsindən, Amerika Birləşmiş Ştatlarında və Avropada sınaqdan çıxan siyasi modellərdən, adil seçki sistemlərindən, azadlıqlara münasibət nümunələrindən çoxlu maraqlı və faydalı yeniliklər əxz və tətbiq etmişdilər. İndiki kimi, elə o zaman da ABŞ Azərbaycanın müstəqilliyini dəstəkləyən, Azərbaycan Xalq Cümhuriyyətini tanıyan, Bakıda diplomatik nümayəndəlik açmış dövlətlərdən biri olmuşdu. 71 illik fasilədən sonra Azərbaycan Sovet İttifaqından çıxaraq İttifaq Mərkəzi olan Moskvadan müstəqilliyini geri alanda və öz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında, öz Konstitusiyasında bunu təsdiq edəndə ABŞ-ın İstiqlaliyyət Bəyannaməsindən də ruhlanmış və bəhrələnmişdi. Çünki bu sənəd təkcə bir dövlətin bəyanı deyildi, bütün dünya üçün insan azadlığının və xoşbəxtliyə canatımının istinad nöqtəsi idi və bu gün də həmin statusunu saxlayır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".