DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ŞARL MİŞEL KIYEVDƏ VOLODIMIR ZELENSKI ILƏ GÖRÜŞÜB

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel yanvarın 19-da Kiyevdə Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşüb. Bu barədə “Report” agentliyi məlumat yayıb.

“Ukraynalılar öz torpaqları və övladlarının gələcəyi uğrunda döyüşür. Onlar eyni zamanda, bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda mübarizə aparırlar. Ukraynalıların bizim dəstəyimizə ehtiyacı var və onlar buna layiqdirlər”, - deyə Şarl Mişel vurğulayıb.

Eyni zamanda, Volodimir Zelenski  Şarl Mişellə səmərəli müzakirə apardığını bildirib. Dövlət başçısı deyib: “Bizim əlaqələrimizin güclənməsi istiqamətində mühüm nəticələr əldə edilib. Biz daha böyük uğurlara nail olmaq üçün çalışırıq”.

 

QIRĞIZISTAN VƏ Aİ TƏRƏFDAŞLIQ SAZİŞİ İMZALAYA BILƏR

Qırğızıstan ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş əməkdaşlıq sazişi imzalamağa ümid edir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Bişkekdə keçirilən mətbuat konfransında ölkənin xarici işlər naziri Jeenbek Kulubayev məlumat verib.

“Biz Avropa İttifaqı ilə geniş əməkdaşlıq haqqında saziş hazırlayırıq. Yəqin ki, bir il ərzində onu imzalayacağıq”, - deyə XİN başçısı qeyd edib.

Jeenbek Kulubayevin sözlərinə görə, sənədin imzalanmasının gecikməsi texniki məsələlərlə bağlıdır. Xüsusilə, əvvəllər Aİ katibliyinin imzalamaq hüququ var idi, lakin prosedur dəyişdi və indi ittifaqın 27 ölkəsinin hər birinin sazişi təsdiqləməsi zəruridir.

Bununla yanaşı, Jeenbek Kulubayev qeyd edib ki, Qırğızıstan tərəfinin bu mövzuda 27 dövlətlə eyni vaxtda danışıqlar aparması çətindir. Yaxın vaxtlarda saziş layihəsi bu ölkələrin dillərinə tərcümə olunacaq. Bundan sonra avropalı tərəfdaşlar sənədin imzalanmasını səlahiyyətli orqana həvalə etməlidirlər.

 

AMERİKALI MALİYYƏÇİ: DOLLARIN QLOBAL HÖKMRANLIĞI BAŞA ÇATIR

ABŞ valyutası olan dolların hakim olduğu qlobal nizam hazırda zəifləməkdədir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu dünyanın ən böyük investisiya idarəçiliyi şirkəti olan “Bridgewater Associates”in qurucusu Rey Dalio bəyan edib.

Sərmayəçinin sözlərinə görə, artıq böyük güclər və onların müttəfiqləri iqtisadi, maliyyə və hərbi blokların qurulmasında maraqlıdırlar. Məşhur maliyyəçi bildirib ki, hazırkı dünya nizamı müharibədən sonrakı dövrdən çox, İkinci Dünya müharibəsindən əvvəlki dövrü xatırladır.

Bununla yanaşı, Rey Dalio bildirib ki, daha böyük münaqişələrə hazırlaşmaq üçün hər bir ölkənin populizminin və millətçiliyinin artdığını aydın şəkildə müşahidə etmək mümkündür.

Eyni zamanda, Rey Dalio daxili münaqişələri olmayan, müharibəyə daha az həssaslıq göstərən və yenilikləri davam etdirən ölkələrə investisiya yatırmağı məsləhət görür.

 

BOLQARISTANDA DÖRD NÜVƏ REAKTORUNUN İNŞASI PLANLAŞDIRILIR

Bolqarıstan  hökuməti 2045-ci ilin sonuna kimi “Belene” və “Kozloduy” atom elektrik stansiyalarında dörd nüvə reaktoru inşa etmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə Bolqarıstan prezidenti Rumen Radev, nazirlər, deputatlar, siyasətçilər və ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada təqdim olunan energetika sektorunun 2053-cü ilədək inkişaf strategiyasında qeyd olunub.

“Hamımız Bolqarıstanın gələcəyi üçün məsuliyyət daşıyırıq. Energetika ölkənin uğurlu iqtisadi inkişafının açarıdır, ona görə də bizim energetika sistemimizin müstəqilliyini və muxtariyyətini təmin etmək bizim üçün vacibdir”, - deyə dövlət başçısı vurğulayıb.

Bununla yanaşı, prezident hökumətin təqdim etdiyi energetika strategiyasının siyasi partiyalar tərəfindən geniş dəstək alacağına və növbəti illərdə ölkə energetikasının inkişafı üçün əsas olacağına ümidvar olduğunu bildirib.

Strategiyanı təqdim edən texniki hökumətin energetika naziri Rosen Xristov vurğulayıb ki, sektorun inkişafı üçün uzunmüddətli plan lazımdır.

“Bizim strategiyamız kömürlə işləyən istilik elektrik stansiyalarının 2030-cu ilə qədər saxlanmasını nəzərdə tutur. Atom enerjisi sənayesində biz 2000 meqavat gücündə dörd yeni reaktor tikməliyik - 2035-2040-cı ilə qədər “Belene” sahəsində və 2045-ci ilə qədər “Kozloduy” ərazisində”, - deyə R.Xristov bildirib.

 

ABŞ ADMİNİSTRASİYASI KONQRESDƏN TÜRKİYƏYƏ QIRICILARIN SATIŞINA İCAZƏ İSTƏYİB

ABŞ administrasiyası Türkiyəyə “F-16” qırıcı-bombardmançı təyyarələrinin satışı ilə bağlı Konqresə sorğu göndərib. “Report” agentliyinin xəbərinə görə, bunu Pentaqonun sözçüsü Patrik Rayder keçirdiyi mətbuat brifinqində təsdiqləyib.

“Bunun Konqres tərəfindən nəzərdən keçirildiyini etiraf etməklə yanaşı, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin işinin hazırkı vəziyyəti ilə bağlı danışmaqdan imtina edərdim” - deyə, o əlavə edib.

ABŞ-Türkiyə arasında mövcud olan ikitərəfli münasibətlərdən danışan Pentaqon rəsmisi qeyd edib ki, Ankara Vaşinqtonun mühüm tərəfdaşı və müttəfiqidir: “Və biz bu əlaqələri necə gücləndirə biləcəyimiz, hər iki tərəfin müdafiə ehtiyaclarının nəzərə alınmasını təmin etmək üçün Türkiyə liderləri ilə işləməyə davam edəcəyik".

Məlumat üçün qeyd edək ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi Pentaqonun strukturuna daxil olan ixtisaslaşmış hökumət departamentidir. O, hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ştatlar arasında əlaqələrin inkişafına və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımın göstərilməsinə cavabdehdir.

 

İRAN VƏ AVRASIYA İQTISADI BIRLIYI AZAD TİCARƏT SAZİŞİ İMZALAYIB

İran və Avrasiya İqtisadi Birliyi (AİB) arasında azad ticarət haqqında saziş imzalanıb. “Report”un məlumatına görə, bu barədə “IRNA” agentliyi xəbər yayıb.

Bildirilir ki, sazişi İran tərəfdən sənaye, mədən və ticarət nazirinin müavini, həmçinin Ticarətin İnkişafı Təşkilatının rəhbəri olan Əlirza Peymanpak, AİB-dən isə ticarət naziri Andrey Slepnyov imzalayıb.

Eyni zamanda, Ə.Peymanpak bu sazişin imzalanmasının İran və AİB ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin inkişafını asanlaşdıra və sürətləndirə biləcəyini qeyd edib.

İranlı nazir əlavə edib ki, rəsmi Tehran kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə ərzaq təhlükəsizliyi sahəsində tədbirlər görməyə hazırdır.

A.Slepnyov isə öz növbəsində AİB üzvlərinin İranla əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, İran Rusiya və digər AİB üzvü olan ölkələrin yaxın müttəfiqidir və müvəqqəti güzəştli ticarət sazişi İranla iqtisadi əməkdaşlığın genişlənməsinə səbəb olub.

 

QRENLANDİYADA TEMPERATUR SON 1000 İLİN ƏN YÜKSƏK HƏDDİNƏ ÇATIB

Qrenlandiyanın bəzi bölgələrində havanın temperaturu son min ildə ən yüksək həddə çatıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, yeni araşdırmaya əsasən, Qrenlandiyanın şimal hissəsində temperatur XX əsrlə müqayisədə 1,5 dərəcə selsi artıb.

Tədqiqat qrupunun buzşünası Maria Hörhold bildirib ki, buz təbəqələrindən və buz nüvələrindən nümunələrin tədqiqində temperaturun 1995-ci ildən bəri sürətlə artdığı müəyyən olunub: "Biz 1990-cı və 2011-ci illər arasında artan temperaturları müşahidə etməkdə davam edirik. Hazırda qlobal istiləşmənin açıq-aşkar nümayişinə şahidik”.

Alim əlavə edib ki, Şimali Qrenlandiyanın istiləşməsi məsələsi çox ciddi narahatlıq yaratmalıdır. Çünki bu ərazidə böyük buzlaqlar və buz axını şəklində onlarca “yatmış nəhəng var”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.