İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Güləşçilərimizdən 13 medal

Azərbaycanın sumo güləşçiləri Macarıstanın Erd şəhərində keçirilən beynəlxalq kubok yarışında 13 medal qazanıblar. Yarışda 7 idmançı ilə təmsil olunan milli komandamız 3 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıb.

Böyüklər arasında Camal Feyziyev 115 kiloqramdan yuxarı çəki dərəcəsində birinci, mütləq çəkidə üçüncü yeri tutub. Sadiq Ağamaliyev (115 kq) bürünc, mütləq çəkidə gümüş medala layiq görülüb. Xəyyam Abdullayev (70 kq) üçüncü yerlə kifayətlənib. Gənclərin mübarizəsində Arif Şıxbabayev (100 kq) gümüş, Ramazan Bəxtiyarov (100 kq), Nihad Məmmədzadə (85 kq) və Rüfət Hacıyev (65 kq) bürünc medal qazanıblar. Arif Şıxbabayev və Rüfət Hacıyev yeniyetmələr kateqoriyasında turnirin qalibi, Ramazan Bəxtiyarov və Nihad Məmmədzadə isə üçüncü olublar.

 

Boksçumuz Millətlər kuboku yarışının finalında

Serbiyanın Sombor şəhərində qadın boksçular arasında Millətlər kuboku yarışı davam edir. 13 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan milli komandasının 4 idmançısı rinqə çıxıb.

Təmsilçimiz Aynur Mikayılova (52 kq) yarımfinalda rumıniyalı rəqibini 5:0 hesabı ilə məğlub edib. O, yanvarın 22-də keçiriləcək finalda Draqana Yovanoviçlə üz-üzə gələcək. Yarımfinala yüksələn Günel Rəhimovanın (48 kq) rəqibi Nikola Durikova olacaq.

Digər boksçularımızdan Anaxanım İsmayılova (50 kq) üçüncü yeri tutub. Yarışın ilk günündə gənc boksçular arasında mübarizə aparan Nərmin Əlizadə (50 kq) və Aysu İsmayılova (48 kq) bürünc medala sahib olublar.

 

"Naiza Fighting Championship"də idmançımız mübarizə aparacaq

Azərbaycanın və "Qəbələ" idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti döyüşünü keçirəcək. MMA idmançısı "Naiza Fighting Championship" turnirində yüngül çəki dərəcəsində mübarizə aparacaq. 29 yaşlı təmsilçimiz mart ayında qazaxıstanlı Fanil Rafikovla görüşəcək.

Yüngül çəkidə "AMC Fight Night"da çempion titulunun sahibi olan Nəriman Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 27 qələbə var.

Fanil Rafikov isə 27 döyüş keçirib. "Naiza"nın sabiq çempionu 21 dəfə qalib gəlib.

 

Xizəkçilərimiz dünya kuboku yarışında iştirak edəcəklər

Azərbaycanın xizək alpinizmi üzrə idmançıları yanvarın 21-22-də Andorrada keçiriləcək dünya kuboku yarışında iştirak edəcəklər.

İdmançılarımız yanvarın 18-də qurumun və "Şahdağ" Turizm Mərkəzinin dəstəyi ilə sözügedən ölkədə təşkil olunan təlim-məşq toplanışına hazırlıq məqsədilə yola düşüblər. Onlar dünya kubokunda şaquli yürüş növü üzrə yarışlarda çıxış edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".