İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Ölkə çempionatı davam edir

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında yeddinci tura yekun vurulub. Çempionatın lideri Vasif Durarbəyli yeddinci turda Vüqar Əsədli ilə xalı yarı bölüb. Yarışın reytinq favoriti Nicat Abasov Xəzər Babazadə ilə heç-heçə edib. Məhəmməd Muradlı Aydın Süleymanlıya, Eltac Səfərli isə İsmayıl Şahəliyevə qalib gəlib. Yeddi turdan sonra hesabında 6 xal olan Vasif Durarbəyli liderliyini davam etdirir. Vüqar Əsədli 5 xalla turnir cədvəlində ikinci pillədə yer alıb. Hərəyə 4,5 xal toplayan Nicat Abasov, Məhəmməd Muradlı, Xəzər Babazadə və Eltac Səfərli 3-6-cı yeri bölüşürlər. Növbəti sıralarda Aydın Süleymanlı, Ülvi Sadıxov və Murad İbrahimli qərarlaşıblar. Onların aktivində 4 xal var.

 

Basketbol mütəxəssislərimiz seminarda

Azərbaycan Basketbol Federasiyasının (ABF) dəstəyi ilə məşqçilərimiz Litvada seminarda iştirak edirlər. U-18 oğlanlardan ibarət komandanın və NTD klubunun baş və köməkçi məşqçiləri Tahir Baxşıyev, Polad Həsənov, U-20 oğlanlardan ibarət millinin və "Sərhədçi" klubun baş məşqçisi Anar Sarıyev səfərin ilk günündə Vilnüsdə yerləşən NBA basketbol məktəbində olublar.

Eləcə də Azərbaycan basketbolçusu Hüseyn Qaflanovun da təlim-məşq prosesini izləyiblər. Sonra Kaunasa gedən məşqçilər yerli "Jalgiris" klubunun bütün yaş qruplarının təlim-məşq prosesini izləyib, peşəkar mütəxəssislərin məşqçilik seminarlarında iştirak ediblər.

 

Təmsilçimizin növbəti görüşünün vaxtı məlum olub

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevin UFC-də keçirəcəyi növbəti görüşün vaxtı açıqlanıb. O, martın 18-də İngiltərənin paytaxtı Londonda 286 nömrəli turnirdə gücünü sınayacaq. Turnirin əsas döyüşündə təmsilçimizin rəqibi ABŞ idmançısı Castin Qeyci olacaq. Qeyd edək ki, Rafael Fiziyev ötən il Dos Anosa qalib gəlib, C.Qeyci isə Çarlz Oliveraya uduzub.

Nərgiz İSMAYILOVA,

"Respublika".