GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

 ZİBA KƏRBASİ

1974-cü ildə Təbrizdə anadan olub. İlk təhsilini burada alıb. Ziba Kərbasi özünü belə təqdim edir: "Uşaqlığımı başqa uşaqlardan fərqləndirən cəhətlərdən biri budur ki, şair Məhəmmədhüseyn Şəhriyarın bacısı mənim müəlliməm olub. Onun vasitəsilə Şəhriyarın evinə get-gəl edir, şeirlərini, söhbətlərini dinləyir, ondan öyrənirdim. O zaman 10, 11 yaşında idim. İlk şeirlərimi Şəhriyarın yan-yörəsində yazmışam. 13 yaşım olanda İrandakı inqilabi vəziyyət səbəbindən ögey atam güllələnib öldürüldü, sonra anam hədələndiyi üçün iki bacımı və məni götürüb İngiltərəyə qaçdı. Hazırda isə London "Exille İnk" dərgisinin redaktorlarından biriyəm. Şeir yazıram, fars, türk, ingilis dillərinə tərcümə edirəm…".

1998-ci ildən Sürgündə Yaşayan İran Yazıçılar Birliyi və İran Qələm Birliyinin üzvüdür. 2002-ci ildə İran Qələm Birliyinin nümayəndəsi kimi Dünya Pen Klubuna qatılır və 2004-cü ildə Sürgündə Yaşayan İran Yazıçılar Birliyinin rəhbəri seçilir. Dünyanın 10 inqilabçı şairi sırasında onun da adı var. Pablo Nerudanın da olduğu siyahıda Ziba Kərbasi də qərarlaşıb.

 

Sənin qucağında

Sənin qucağında,

yer titrəyir,

göy titrəyir.

Mənim könlümdə,

yer titrəyir,

göy titrəyir,

sənin baxışın, gövdən, könlün,

əlin və ayağın da.

Qorxu quşları birdən içimdən uçmuşlar.

Sağaldıcı əllər

korluq gözlərini aydınlığa tərəf çəkir.

Ulduz gülür,

ay gülür,

günəş də.

Göy mavidir,

sənin qucağın da.

 

ƏLİRZA BƏXŞİ

1975-ci ildə Ərdəbildə anadan olub. İbtidai məktəbi Ərdəbilin Panizdəhi-xurdad məktəbində bitirib. Orta təhsilini isə Əbuzər məktəbində və Əkabir mədrəsəsində alıb. Ancaq yoxsulluq üzündən təhsilini tamamlaya bilməyib. 1995-ci ildə əsgəri xidmətini başa vurub.

1996-cı ildən ömrünün sonunadək qaynaqçılıqla məşğul olub. 16 avqust 2006-cı il Əlirzanın həyatının ən qaranlıq, acınacaqlı anıdır. Sement zavodunun tikintisində qaynaq işi görərkən 15 metr hündürlükdən yerə düşüb, ciddi zədə alıb.

2010-cu ildən Azərbaycan türkcəsində şeir yazmağa başlayıb. 2015-ci il iyunun 1-də 40 yaşına çatmamış ağciyərində damar tutulması və ürək çatışmazlığı nəticəsində əbədiyyətə qovuşub.

 

Can Azərbaycan

Anama söylədim can

Bacıma söylədim can

Balama söylədim can

Sevgilimə söylədim can

Bəlkə də sən candan yarandın

Azərbaycan!

 

Yazıçı olmaq

Yazıçı olmaq istəyirsən?

Düşünmə

Daşın!

Heç bir qələm, ya kağız olmayacaq

Dinmə

Ancaq

Sözünü de!

 

TARİXİ ABİDƏLƏR

(əvvəli 14, 15, 17, 18, 19, 20 və 22 yanvar tarixli saylarımızda)

Çünki burada həm düşməndən, həm vəhşi heyvanlardan, həm də təbiətin şıltaqlıqlarından qorunmaq mümkündür. Kənd sakinlərinin söylədiklərinə görə, insanlar buraya monqol tatarlarının istilası zamanı sağ qalmaq üçün pənah gətiriblər. Sığındıqları mağaralar isti və daha təhlükəsiz olduğu üçün insanlar buranı özlərinə əbədi məskən seçiblər. Kəndovandakı qaya evlər gələnlərə bir hüzur, könül rahatlığı, sakitlik bəxş edir. Bu əhvali-ruhiyyəni yaradan kənd evlərinin əsasən Təbriz xalçaçılıq məktəbinin ənənələrini yansıdan və əllə toxunan xalça-palaz, kilimlərlə bəzədilməsidir. 168 evi, təxminən 600-700 sakini olan Kənduvanın bəzi evlərinin hətta 700 yaşı olduğu söylənir... Kənddə hava yayda çox isti olur. Lakin qayalıqlarda yerləşən evləri gəzdikdə sanki qış havası duyulur. Bu isə kənd sakinləri üçün çox əlverişlidir. Kəndin evləri vulkanik süxurdan yaranmış dağ olduğu üçün rahatlıqla oyulur. Bir evi 3-4 ilə külünglə çapıb düzəldirlər. Kənddə əhali artdıqca insanlar yaşamaq üçün ətrafdakı kəndlərə, şəhərlərə dağılışaraq məskunlaşırlar. Burada olan yaradıcı təxəyyüllü insanlar kəndi fərqli-fərqli obrazlarda görürlər. Sanki ayrı bir planetə düşürsən və yaxud sehrli xalatla keçmişə səyahət edirsən. Kənd əhalisinin dili Azərbaycan dilidir. Əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq, bal istehsalı və maldarlıqdır. Əkinçilik dedikdə, sizlərə qəribə gəlməsin ki, qayalıqda nə əkinçilik? Əhali kəndlə üz-üzə dayanan dağın ətəklərində əkinçiliyə yararlı torpaqlardan istifadə edirlər. Kəndlilər heyvanları hündür qayaların başında tikdikləri tövlələrdə saxlayırlar. Yəqin ona görədir ki, burada iribuynuzlu mal-qara deyil, qoyunçuluq inkişaf edib. Çünki qoyunlar çox rahatlıqla hündürlükdə yerləşən oyuqlara keçə bilirlər.

Sanki açıq səma altında muzeyi xatırladan bu kənddə kifayət qədər müasir və dəbdəbəli otellər də mövcuddur. Hazırda kənddə turizm inkişaf etmişdir. Yerli sakinlər əkinçiliklə, maldarlıqla və arıçılıqla məşğul olmaqla yanaşı, turizm sahəsindən də gəlir əldə edirlər. Kənd əhli çox firavan yaşayır. Çünki turist axını onların evlərində toxuduqları xalça-palaza, xırda əl işlərinə xeyli tələbat yaradıb. Artıq bir neçə ildir ki, kənd dünyadan bura axışan turistlərin sevimli məkanına çevrilib və burada yaşayanların demək olar ki, hər birinin Təbrizin mərkəzində evi, bağı və ya bir dükanı var. Kəndovanlılara kəndi tərk etməmələri üçün dövlət xüsusi müavinətlər də ayırır. Kəndin mətbəxi Təbrizin digər yerlərindən fərqlənmir. Balı və çərəzi ilə də şöhrət tapan Kəndovanın şəfalı otları və qayalıqdan axan suyu min bir dərdin dərmanıdır.

Eynalı dağının cənubunda, Səhənd

dağından şimalda, qırmızı rəngli Surxab dağının ətəyində yerləşən Təbrizə Eynalı dağının ətəklərindən baxanda şəhər sanki ovuc içi kimi görünür. Buradan qədim şəhəri seyr etməyin ayrı gözəlliyi və ləzzəti var. Təbrizlilər və şəhərin qonaqları Eynalıya axşamlar gedirlər. Çünki axşamlar bu dağdan Təbriz çox gözəl görünür. Ovuc içindəymiş kimi təəssürat yaradan füsunkar Təbriz sanki muncuqlarla bəzədilmiş çilçırağa bənzəyir.

Esmira FUAD,

filologiya elmləri doktoru.