Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Ağsaqqallar Şurasının sədri, rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, qəhrəmanın büstü önünə tər gül dəstələri qoymuşlar.

Tədbir iştirakçılarına öncə onun həyat və döyüş yolu haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb.

Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. 1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. 1995-ci il yanvarın 15-də ölkə Prezidentinin 262 saylı Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəmanın oğlu Emin Hüseynov şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Vəli VƏLİYEV,

"Respublika".