İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

İlin ilk beynəlxalq yarışından 11 medal

Serbiyanın Sombor şəhərində qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub. 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kubokuna 12 boksçu ilə yollanan yığmamız ilin ilk beynəlxalq yarışında 2 qızıl, 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 11 medala sahib olub. Yarışın sonuncu - altıncı günündə Azərbaycan millisi aktivinə 3 gümüş medal əlavə edib. Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər. Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclər arasında isə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.

 

İdmançımız Qış Olimpiya Festivalında

Yanvarın 21-də İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində Avropa Gəncləri Qış Olimpiya Festivalına start verilib. Açılış mərasimində təşkil olunan paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. Səkkiz gün davam edəcək festivalda ölkəmiz fiqurlu konkisürmə üzrə komandamızın üzvü 14 yaşlı Səbinə Əliyeva ilə təmsil olunur. Atletimizin ilk çıxışı yanvarın 25-də qısa proqram üzrə olacaq. İki gün sonra isə təmsilçimiz sərbəst proqramda mübarizə aparacaq.

"Azəryol" ölkə çempionatında liderliyini qoruyur

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turunun oyunları keçirilib. Doqquzuncu turun nəticələrinə görə, "Azəryol"-"Azərsu" görüşündə "Azəryol" 46:19 hesabı ilə qələbə qazanıb. "Qarabağ"- "İdman Akademiyası" matçı isə 34:26 hesabı ilə "Qarabağ" komandasının qələbəsi ilə başa çatıb. Yarışın 10-cu turunda "Azəryol" "Azərsu"nu bu turda 52:13, "Qarabağ" isə "İdman Akademiyası"nı 32:23 hesabı ilə məğlub edib. Keçirdiyi bütün oyunları qələbə ilə başa vuran "Azəryol" 24 xalla çempionatın lideri olub. "Qarabağ" ondan 6 xal geri qalır. 12 xalı olan "İdman Akademiyası" turnir cədvəlində üçüncü, "Azərsu" 6 xalla dördüncü yerdədir. Autsayder "U-16" hələ ki, xal qazana bilməyib.

 

Cüdoçularımız Qran-Pri turnirində iştirak edəcəklər

Yanvarın 27-29-da Portuqaliyanın Almada şəhərində Qran-Pri turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə dünyanın 83 ölkəsindən 580 idmançı iştirak edəcək. Ölkəmiz turnirdə 16 cüdoçu ilə təmsil olunacaq.

Qadınların yarışında Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) tatami üzərinə çıxacaqlar. Kişilərin mübarizəsində Turan Bayramov, Nazir Talıbov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq) və Camal Qamzatxanov (100 kq-dan yuxarı) yarışacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".