DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ, İSVEÇ VƏ FİNLANDİYA DANIŞIQLARı LƏĞV EDİLİB

Rəsmi Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm üzrə danışıqlar qeyri-müəyyən müddətə ləğv edilib. “Trend” agentliyinin “Habertürk”ə istinadən verdiyi xəbərə görə,  Ankara İsveçdə Türkiyənin “qırmızı xəttini” pozan təxribatlara yol verilməsinə reaksiya göstərib.

Bununla yanaşı, məlumatda qeyd edilir ki, İsveç terror təşkilatlarının təxribatlarına icazə verib, hətta Quranın təhqir olunmasına dözüb.

Bu hadisələrdən sonra Türkiyənin İsveçə reaksiyası NATO-ya üzv olmaq üçün mübarizə apardığı Finlandiyada böyük əks-səda doğurub. Beləliklə rəsmi Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli formatda görüş qeyri-müəyyən müddətə ləğv edilib.

Verilən xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq hər üç ölkə ilə təmasda olduğunu bəyan edib. “Finlandiya və İsveçlə, eləcə də müttəfiqimiz Türkiyə ilə sıx təmasdayam. İsveç və Finlandiyanın NATO üzvlüyü prosesi son nöqtədə pozulmamalıdır”, - deyə baş katib əlavə edib.

 

UKRAYNA XİN-DƏN BELARUSA XƏBƏRDARLIQ

Ukrayna Belarusdan gələ biləcək təhlükələrin qarşısını almağa hazırdır. “Report” agentliyinin “RBK Ukraina”ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.

Mətbuat katibinin sözlərinə görə, rəsmi Kiyevin ehtimal olunan ssenari ilə bağlı dəqiq planı var: “Hökumətimiz və hərbçilərimiz bununla bağlı konkret fəaliyyət planına malikdir”.

Həmçinin O.Nikolenko vurğulayıb ki, Rusiya bütün imkanları ilə Belarusu birbaşa savaşa çəkməyə çalışır. O deyib: “Biz Minskə xəbərdarlıq edirik. Eyni zamanda xatırladırıq ki, Belarusla bağlı aqressiv niyyətimiz yoxdur”.

XİN rəsmisinin sözlərinə görə, Ukrayna hadisələrin istənilən inkişafına hazırdır və BMT Nizamnaməsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək müstəsna olaraq hərəkət edəcək.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya qoşunlarının 2023-cü ilin payızında Belarus ərazisindən Ukraynaya hücuma keçəcəyini açıqlamışdı.

 

İRANIN XİN RƏHBƏRİNDƏN AVROPA PARLAMENTİNİN QƏRARINA SƏRT REAKSİYA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa Parlamentində qəbul edilən və İnqilab Keşikçiləri Korpusunu terrorçular siyahısına salınmasını nəzərdə tutan qanun layihəsinin Avropa üçün baha başa gələcəyini bəyan edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Məlumata əsasən, H.Ə.Abdullahiyan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında çıxış edib.

“Şübhəsiz ki, bu cür emosional hərəkətlərin nəticələri Avropaya baha başa gələcək. Ona görə də düzgün yol diplomatiya, konstruktiv qarşılıqlı fəaliyyət və rasionallığa yönəltməkdən keçir”, - deyə İranın xarici işlər naziri vurğulayıb.

Xatırladaq ki, yanvarın 19-da Avropa Parlamenti Avropa İttifaqının İrana və İranın dini lideri ayətullah Əli Xamenei və prezident İbrahim Rəisiyə sanksiya tətbiq edilməsini və İnqilab Keşikçiləri Korpusunun Aİ-nın terrorçular siyahısına salınmasını tələb edən qətnamə layihəsi qəbul edib.

 

ABŞ-da FIRILDAQÇILAR MİLYONLARLA DOLLAR MÜAVİNƏT mƏnimsƏyİBLƏR

ABŞ-da pandemiya dövründə fırıldaqçılar qanunsuz yolla 60 milyon dollardan artıq məbləğdə işsizlik müavinəti əldə ediblər. “Trend”in məlumatına görə, bu barədə Baş Nəzarət İdarəsinin (GAO, ABŞ Konqresinin nəzarət-reviziya orqanı) hesabatında bildirilir.

Məlumata əsasən, cinayətkarlar ödənişləri ABŞ vətəndaşlarının oğurlanmış şəxsi məlumatlarının istifadə olunduğu saxta ərizələrin köməyilə mənimsəyiblər. GAO tərəfindən qiymətləndirməyə görə, oğurlanmış pulların faktiki məbləği “qat-qat yüksək ola bilər”.

“Biz amerikalılar qarşısında borcluyuq, vergi ödəyicilərinin pandemiya zamanı yardım adı altında xərclənən yüz milyardlarla dollarlarının israfçılıq, fırıldaqçılıq və sui-istifadə səbəbindən necə itirildiyini müəyyən etməliyik”, - deyə ABŞ Konqresinin komitə rəhbəri rəhbəri Ceyms Komer vurğulayıb.

Bir müddət öncə “Axios” portalının dərc etdiyi qiymətləndirmələrə əsasən, ABŞ-da pandemiya dövründə işsizliyə görə bütün ödənişlərin təqribən yarısının (400 milyard dollar) fırıldaqçıların əlində olduğu bildirilirdi. Portalın məlumatına görə, oğurlanan vəsaitlərin 70 faizə qədəri nəticədə ölkə sərhədindən keçirilib ki, bu da vəziyyəti milli təhlükəsizlik problemi sırasına daxil edir.

 

sergey LAVROV: QƏRBİN MALİYYƏ MEXANİZMLƏRİNƏ ETİBAR ETMƏK OLMAZ

Qərbin maliyyə mexanizmlərinə etibar etmək olmaz, buna görə də “BRICS”də artıq vahid valyutanın yaradılması barədə fikirlər yaranıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında çıxışı zamanı bəyan edib.

Lavrovun fikrincə, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin üstünlüyündən maraqları qorumaq yollarını axtarmaq lazımdır.

“BRICS” ölkələri arasında hesablamalarda milli valyutaların payı fəal şəkildə artmaqdadır. Artıq “BRICS” ölkələrində öz valyutalarının yaradılması üzərində işləmək zərurəti ilə bağlı təşəbbüslər elan edilir. Səbəb çox sadədir - hər an aldada bilən, öhdəliklərindən imtina edənlərin əlində olan mexanizmlərə etibar etmək olmaz”, - deyə Sergey Lavrov bildirib.

 

BAYDEN ALMANIYAYA TƏSİR ETMƏK ÜÇÜN UKRAYNAYA TANKLAR VERMƏK ISTƏYIR

ABŞ prezidenti Cozef Bayden Ukraynaya “Leopard 2” tanklarının mümkün tədarükü ilə bağlı hələ də qərar qəbul etməyən Almaniyaya təsir göstərmək üçün rəsmi Kiyevə “Abrams” tankları verməyə hazırdır. “Report” xəbər verir ki, bu barədə Pentaqondakı adı açıqlanmayan məsul şəxsə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Bayden Almaniyanın Kiyevə “Leopard 2” tankları verməsinə təzyiq göstərmək üçün 10 ədəd “Abrams” tankını Ukraynaya vermək niyyətindədir.

Eyni zamanda, telekanalın həmsöhbətinin fikrincə, Almaniya inadkarlığından əl çəkməli və “Leopard”ları Ukraynaya göndərməlidir.

Bununla yanaşı, mənbə Ukraynanın Rusiya ilə müharibədə güclənməsi üçün 500 tanka ehtiyac duyduğunu da bildirib.

 

YAPONİYANIN BAŞ NAZİRİ KXDR LIDERI ILƏ GÖRÜŞƏ HAZIR OLDUĞUNU BILDIRIB

Yaponiyanın baş naziri Fumio Kisida KXDR-in ötən il artan raket sınaqlarından narahatlığını ifadə edib. O, həmçinin ilkin şərt irəli sürmədən Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib. “Teleqraf.com”un Yaponiya mediasına istinadən verdiyi xəbərə görə, Fumio Kisida bu barədə müvafiq bəyanatını parlamentin iclasında çıxışı zamanı səsləndirib.

Baş nazirin sözlərinə görə, Şimali Koreyanın ballistik raket sınaqlarının misli görünməmiş tezliyi və xarakteri tamamilə qəbuledilməzdir. Eyni zamanda, insanların oğurlanması da ciddi humanitar problem olaraq qalır.

Məlumata əsasən, KXDR-in kəşfiyyat xidmətləri tərəfindən Yaponiya vətəndaşlarının qaçırılması diplomatik əlaqəyə malik olmayan iki dövlət arasında ən ağrılı məsələlərdən birinə çevrilib. Qeyd edək ki, 2002-ci ildə Pxenyan insanların qaçırılmasını ilk dəfə etiraf edib.

Xatırladaq ki, Şimali Koreya 2022-ci ildə rekord sayda raket sınağı həyata keçirib. Ötən il Pxenyan 37 sınaq zamanı ümumilikdə 70-dən çox qanadlı və ballistik raket buraxılışı həyata keçirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.