GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

VÜQAR NEMƏT

Qiyas Fətəli oğlu Nemətpur (Nemət) 1975-ci ilin iyununda Güney Azərbaycanın Kəleybər şəhərinin Ziryan kəndində dünyaya göz açıb. İran Toplum Bilimciliyi və Tömər Türk dili lisansını bitirib. Eyni zamanda milli mədəniyyətimizi sevənlərinə qopuz və tar kimi xalq çalğı alətlərinin sirlərini, musiqi sənətinin incəliklərini tədris edir. "Səni qayalara çağıracağam" adlı ilk şeir kitabı 2003-cü ildə Tehranın "Əndişeye-nou" nəşr evi tərəfindən yayımlanıb. Bir vaxtlar "Yarpaq", "Çıraq", "Dilmac", "Azəri", "Yaşmaq", "Birlik", "Nəvide Azərbaycan", "Aftab Azərbaycan" və b. dərgi və qəzetlərdə şeir, nağıl, məqalə, müsahibə, esse və köşə yazıları yayımlanıb. Vüqar Nemət ədəbi-bədii yönümlü "Çıraq" dərgisinin baş yazarı və redaktorudur. Bu dərgi hazırda bəzi səbəblər üzündən yayımını müvəqqəti dayandırmalı olub. "Səttarxan dərnəyi"ndə aparıcılıq vəzifəsini icra edib. Hazırda altı kitabı çapa hazırdır. Bu gün V.Nemət Tehran şəhərində yaşayır.

 

İlahi, burda bir

söyüd ağlayır...

Göylərin üzündən əli üzülüb,

Göy üzü, göylərin üzündə qalıb,

Gözləri bu axşam şeirlə dolub,

İlahi, burda bir söyüd ağlayır!..

***

Özü-özünə yad, özünə qərib,

Özü də özünün əlində qalıb.

Səni də, məni də yuxuya verib

İlahi, burda bir söyüd ağlayır…

***

Kölgəsi ölümdür meyvəsi ağı,

Yıxılmış bayraqdır hər bir yarpağı.

Məndən bir az üstə, səndən aşağı

İlahi, burda bir söyüd ağlayır…

 

Onun budağından insan sallanır,

Bu ağac insanmı gətirib, nədi?!..

Bu meyvə yenə də vaxtsız dərildi,

İlahi, burda bir söyüd ağlayır...

 

RUQƏYYƏ ƏBDİLİ (SAZAQ)

1975-ci ildə Maku şəhərinin Hüseynəli kəndində dünyaya göz açıb. Uşaqlıqdan şeirlə maraqlanıb. 1995-ci ildən ciddi olaraq ədəbiyyat dünyasına ayaq basıb. "Ürəyimdə qalan boş yeri" adlı ilk şeir kitabı işıq üzü görüb. "Yağışlı sevgi" adlı ikinci şeir kitabı isə yaxın vaxtlarda nəşr olunacaq.

 

Bu elin ürəyi döyündükcə mən,

Ürəyə dönürəm, elə dönürəm.

Qeyrəti, namusu öyündükcə mən,

Bir coşqun bulağa, selə dönürəm.

***

Yoxsulluq əliylə qeyrət öləndə,

Nadanlar aqilə yersiz güləndə,

Yetimin acısı bağrım dələndə,

Qatlanıb bükülmüş belə dönürəm.

***

Amandır vurmasın namərdin əli,

Ağzımda gəzməsin özgənin dili,

Mürgülü insanı ölüdən ölü,

Görəndə sazağım yelə dönürəm.

 

TARİXİ ABİDƏLƏR

(əvvəli 14 - 22 və 24 yanvar tarixli saylarımızda)

Xaqani parkı Təbriz şəhərinin mərkəzində, Göy məscidlə Azərbaycan muzeyinin yaxınlığında yerləşir... Parka dünyaşöhrətli Azərbaycan şairi, mütəfəkkir Əfzələddin Xaqani Şirvaninin adı verilib. Keçmişdə parkın yerində başqa tikililər yerləşirmiş. 1816-cı ildə baş verən dağıdıcı zəlzələ şəhərə xeyli ziyan vurur. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə faciədə ölənlər toplu şəkildə basdırılır. 1931-ci ildə Təbriz bələdiyyəsinin sədri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park elan edir. Bundan sonra Təbriz xalqı bu əraziyə "Sümüklü park" deyir.

1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikilir. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra dəyişdirilir və "Müsəddiq məktəbi" adı verilir. 2003-cü ildə Təbriz bələdiyyəsinin və təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə bu məktəb ləğv edilir və onun ərazisi Xaqani parkına verilir. Parkın içində isə Xaqani Şirvaninin heykəli qoyulur.

Qarı körpüsü Təbriz şəhərində Quru çayın üzərində Qacarlar sülaləsi zamanında salınıb. Körpünün tikilməsinin maliyyə məsrəflərini qoca bir qadın öz üzərinə götürdüyünə görə, "Qarı körpüsü" adlandırılıb. Qarı körpüsü və ya Çıraq körpüsü adlanan bu tarixi abidə Təbriz şəhərində Quruçayın üzərində yerləşir. 8 aşırımlı olan Qarı körpüsü də Qacarlar dövründə tikilib. Qoç şəkilli sütun başlıqları və lampaları da Qacarlar dövrünün memarlıq üslubuna aiddir. Körpü Siqqət-ül İslam küçəsində yerləşir və Təbriz bazarını Təbrizin quzeyində olan Şeşgilan və Dəvəçi məhəllələri ilə birləşdirir. Pəhləvilər dövründə körpünün qərbində ondan daha kiçik bir piyada körpüsü də tikilib. Qarı körpüsü 2000-ci ildə milli abidələr siyahısına salınıb. Yeri gəlmişkən, Quzey Azərbaycanın Tərtər rayonunda da Qarı körpüsü ilə bağlı yayılmış bir əfsanə var. Həmin əfsanəyə görə, bir qarı körpü saldırır. Az sonra bu körpünü su aparır. Qarı gəlib körpünün yanında başına-gözünə döyüb ağlamağa başlayır. Bu zaman oradan keçən nurani bir kişi onun yanına gəlib deyir: - Qarı, ağlama. Körpünü doğru yerdən saldırmamısan, bünövrəsi möhkəm olmayıb.

Nurani kişi çayın hər iki tərəfinə bir ovuc torpaq tökür. Bu torpaq böyük təpəyə çevrilərək çayı daraldır. Kişi: - Bunların üstündən körpü sala bilərsən, - deyir və gedir. O, gedəndən sonra torpaq təpələri də dönüb göy daş olur. Qarı bu göy daşların üstündən təzə körpü saldırır. Elə onun sağlığında ikən körpüyə Qarı körpüsü deyirlərmiş.

Qaflantı Qız körpüsü XII əsrə aid tarixi memarlıq abidəsidir. Miyananın güneyində, Qızılüzən çayının üzərində yerləşən bu körpü İranın, Güney Azərbaycanın çoxsaylı körpüləri içərisində ən çox tanınanı və memarlıq üslubu baxımından da ən mükəmməlidir. Körpünün üstündə nəqş olunan yazılarda və müxtəlif dövrlərdə aparılmış təmir işləri zamanı tutulan kitabələrdən birində qeyd olunduğuna görə, körpünü 1527-ci ildə Şah Bəyim təmir etdirib. Araşdırmaçılar körpünün el arasında Qız körpüsü adı ilə tanınmasını da məhz bu mərmər kitabədə yazılanlarla bağlayırlar, yəni tarixi abidənin təmirini həyata keçirən şahzadə qızın xatirəsinə ehtiram əlaməti kimi izah edirlər. Körpü Qaflantı dağının ətəyində olduğundan elmi ədəbiyyatda Qaflantı körpüsü adı ilə tanınıb.

Cəfər Qiyasinin "Nizami dövrü memarlıq abidələri" kitabında yazdığına görə, İslam memarlığı araşdırmaçıları yüksək texniki-bədii həlli baxımından Qaflantı Qız körpüsünü Ön Asiyada körpüsalma sənətinin incisi sayırlar. Qaflantı körpüsünün mərkəzi tağı 1946-cı ildə geri qaçan "fədai başçıları"nın verdikləri yanlış qərara əsasən dağıdılmış və bu nadir sənət əsəri bu günədək zədələnmiş, yarıuçuq vəziyyətdə qalmaqdadır.

Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsindən axan Acıçayın üzərində tikilən tarixi bir körpüdür. Acıçay körpüsündən Təbrizi Güney Azərbaycanın şimal-qərb bölgələri ilə birləşdirmək üçün, eləcə də ölkənin qalan hissəsini Türkiyə və Rusiya ilə birləşdirən marşrut xəttinin əsas elementi kimi istifadə edilib. Acıçay körpüsü tarixi İpək Yolunun Şərq və Qərb hissələrini birləşdirən çox önəmli element olub. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105, eni isə 5 metrdir.

Müxtəlif şəxslər, ayrı-ayrı memarlar tərəfindən restavrasiya olunduğuna görə, Acıçay körpüsünün vahid memarlıq üslubu yoxdur. On altı aşırımdan üçü yarım dairəvi formada olsa da, digər on üç aşırım ziqzaq formasında yaradılıb.

Nobar hamamı Təbrizdə Qacar dövründə Nobar qapılarının yanında tikilib. Bu qapı Təbrizin ən qədim qapılarından biri olub. Hamam Təbrizin bütün Şərq ölkələrində tanınan ünlü memarı Bala Kazımın əsəridir. Nobar hamamı Tərbiyət küçəsinin yaxınlığında, İmam Xomeyni küçəsində yerləşir. Qacarlar dövrünün arxitekturası ilə daş və kərpic materiallarından tikilən hamamın günbəzi Şərq üslubuna aid çox incə, zərif naxışlarla bəzədilib və buraya gələn insanların rahatlığının təminatı üçün hər cür şərait yaradılıb...

Hamamın ərazisi 700 kvadratmetrdir. 1994-cü ilə qədər hamam kimi istifadə olunub. Lakin 1999-cu ildən etibarən, yəni, tarixi abidə mədəni irs siyahısına salındıqdan sonra, fəaliyyət yönü dəyişdirilib və bu gün Nobar hamamından restoran kimi istifadə olunur.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.